Gənclərlə işıqlı gələcəyə
9-02-2023, 21:03
563

Gənclərlə işıqlı gələcəyə

Fəxriyyə Lilpar yazır...

 Atif Qəmbərov – Qərbi Azərbaycan əsilli dünyamiqyaslı uğurlu gənc. 

Tarix keçmişə söykənəndə dəyərlidir, mənalıdır. Çağdaş Azərbaycan reallığı gənclər siyasətinin uğurlu nəticəsini əks etdirir. 

Zaman-zaman keşməkeşli tarixi dönəmlərdən keçən, bölünüb parçalanan Azərbaycan bu gününə keçmişə baxaraq qiymət verir, sabaha ümid olur.

İlahi ədalətə şahid olan ölkəmiz məhz   Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin və ona güvənən Müzəffər ordunun sayəsində 44 günlük Zəfər tarixini yaşadı.

...Və daha bir şərəfli addım və çağırış! Azərbaycanlılar tezliklə Qərbi Azərbaycana qayıdacaqlar!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir".

Zaman-zaman deportasiyalara məruz qalan, ölüm-itim savaşı, torpaq-yurd həsrəti yaşayan azərbaycanlılar üçün bunun nə demək olduğunu onu yaşayanlar bilər. 

Qərbi Azərbaycan İcmasının yaranması bu cərəyanın uğurla həyata keçməsinə, konseptual şəkildə reallaşmasına bir zəmindir. Bu yöndə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin təşəbbüsü ilə silsilə görüşlər keçirilir və bir sıra təkliflər müzakirə olunur.

Bütün bunların hər biri gələcəyə atılan addımların mütəşəkkil formada möhkəm bağlara söykənməsinə bağlıdır. Gələcəksə gənclərin əlindədir. O gənclər ki, sağlam genetik koda, düzgün tərbiyəyə, müqəddəs əqidəyə söykənərək fəaliyyət göstərirlər. Bunlardan biri ilə tanış olaq. 

Atif Qəmbərov- Dünya Çempionatında menecer kimi çalışan azərbaycanlı.

Atif Qəmbərov 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsində politologiya ixtisasında təhsil alıb. 2011-ci ildə Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsində aparıcı mütəxəssis olaraq işə başlayıb. 2013-cü ildən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsində İşçi Qüvvəsi üzrə menecer olaraq Könüllülər Mərkəzinə rəhbərlik edib. 2021-ci ilə qədər Formula 1 yarışlarının ölkəmizdəki təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətində İşçi Qüvvəsi üzrə menecer olaraq fəaliyyət göstərib. 2016-ci ildə 42-ci Şahmat Olimpiadasında, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında, 2019-cu ildə XV Avropa Gənclər Olimpiya Festivalında işçi qüvvəsi şöbələrinin meneceri vəzifələrində çalışıb. 

Atif Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman menecmenti üzrə magistratura tələbələrinə “Könüllülərin idarə olunması” fənnini tədris edib. “Könüllülərlə iş” kitabının da həmmüəllifidir.

Qətərdə təşkil edilən Futbol üzrə Dünya Çempionatında işəgötürmə üzrə menecer vəzifəsində çalışıb.“Bu komandada olmaq, ölkəmizi, bayrağımızı təmsil etmək qürurverici haldır”-deyir gənc həmyerlimiz Atif Qəmbərov. 

Bir sıra dünyamiqyaslı layihələrə ev sahibliyi edən ölkəmiz üçün gənclər siyasətinin inkişafında “könüllülər”prinsipi uğurlu layihələrədən biridir. Və Atif də öz uğurlu həyat yolunun mayakını könüllülükdə gördü. Ona bu barədə sual verdikdə cavabı:

- İlk dəfə könüllülər komandasına 2014-cü ildə Avropa Oyunlarında rəhbərlik etmişəm. Həmin dönəmdə könüllülərə yanaşma birmənalı olmasa da, ictimaiyyətin fikrini dəyişməyi bacardıq və könüllülük ölkəmizdə geniş vüsət almağa başladı. IV İslam Həmrəyliyi Oyunlarında, 42-ci Şahmat Olimpiadasında, XV Avropa Gənclər Olimpiya Festivalında və Formula-1 yarışlarında könüllülər proqramına rəhbərlik etdik. Sonra isə beynəlxalq tədbirlərdən də dəvətlər gəlirdi. Sonuncu dəfə Qətərdə keçirilən Futbol üzrə Dünya Çempionatının İnsan Resursları komandasından dəvət aldım. Bu da mənim üçün yeni bir başlanğıc, fərqli mühitdə, müxtəlif insanlarla işləmək üçün şans idi. Yeni biliklər, tanışlıqlar əldə etmək üçün bu təklifi qəbul edib Qətərə yola düşdüm. 

Qətərdə Azərbaycandan olan mütəxəssislər Rusiya və Braziliyadan olan ekspertlərlə birlikdə ilk üçlükdə qərarlaşmışdı. Azərbaycan kimi gənc ölkənin mütəxəssislərinin onlarla çiyin-çiyinə fəaliyyət göstərməsi böyük uğur kimi qiymətləndirilə bilər.

Atifin uğurları çoxdur. Lakin ən böyük uğuru onun gözəl bir ailəyə , soyu-kökü bəlli olan mükəmməl bir nəslə, əsl torpağa,  əsl vətənə sahib olmasındadır. Atifin atası Fərhad Qəmbərov Qərbi Azərbaycanın Loru-Pəmbək mahalının Qursalı kəndindən, anası isə Qərbi Azəarbaycanın Loru-Pəmbək mahalının Saral kəndindən olan dəyərli ziyalılardır. 

Deyirlər, Vətən ərazisinin böyüklüyü ilə deyil, vətəndaşının böyüklüyü ilə ölçülür. Bu gün biz qəlbinin böyüklüyünü Vətəninin daşının möhkəmliyinə sipər edən, Azərbaycanımızın imzasını dünya arenasında layiqincə təmsil edən və Qərbi Azərbaycan həsrətinə son qoymaq üçün əlindən gələni əsirgəməyən bir gənci- Atif Qəmbərovu tanıdıq.

Ardı var.... 

Tele-jurnalist: Fəxriyyə Lilpar İsayeva            

ONDERTV.ORG

Oxşar xəbərlər