
Gündəm
16-06-2025, 22:24
1 458
Gənc İstedadın Rəngli Dünyası-Mədinə Həbibin Yaradıcılıq Yolu
ONDERTV.ORG
Gənc İstedadın Rəngli Dünyası-Mədinə Həbibin Yaradıcılıq YoluÇoxəsrlik Azərbaycan rəngkarlığının zəngin ənənələrindən ilham alan, milli sənətimizin fırça ustalarının möhtəşəm irsinə söykənən gənc istedadlarımızdan biri də Mədinə Həbibdir. O, hələ 16 yaşında olmasına baxmayaraq, incəsənət dünyasında özünəməxsus iz qoymağa nail olub. Rəssamlıq sənətinin sehrli dünyasına uşaqlıq illərindən qədəm basan Mədinənin yaradıcılıq yolundaki hər addımı səmimiyyət, həvəs və qeyri-adi istedadla doludur.
Mədinənin rəssamlığa olan marağı hələ 6 yaşında olarkən başlayıb. Kitab və jurnallarda gördüyü rəsmləri diqqətlə nəzərdən keçirən, təbiətin rəngarəng gözəlliyindən ilham alan bu istedadlı qız, valideynlərinin dəstəyi ilə incəsənətə yönəlir. Onun yaradıcılıq qabiliyyətini erkən fərq edən anası Səbinə xanım, qızını Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Esmiralda" Uşaq və Yeniyetmə Rəsm Studiyasının rəhbəri, görkəmli pedaqoq və rəssam Esmiralda Tağızadənin yanına gətirir. Bu, Mədinənin peşəkar sənət dünyasına açılan qapısı olur. Studiyada keçirdiyi illər ərzində o, yağlı boya, akril, sulu boya, quaş, pastel, tuş və qara qələm kimi müxtəlif texnikalarda məharət qazanır. Kətan və kağız üzərində canlandırdığı əsərlərində təbiət, portretlər, mücərrəd kompozisiyalar və milli motivlər xüsusi yer tutur. Onun hər bir tablosunda rənglərin harmoniya içində əks olunması, gənc yaşlarına görə olduqca yetkin bir bədii baxışı ortaya qoyur.
Gənc rəssam 2016-cı ildən etibarən respublika və beynəlxalq səviyyədə keçirilən rəsm müsabiqələrində fəal iştirak edir. Onun yaradıcılığı xalq rəssamı Arif Hüseynov kimi sənət ustalarının diqqətindən yayınmır. Arif Hüseynov Mədinəni ilk dəfə "Esmiralda Art Studio"nun təşkil etdiyi sərgidə görüb və onun istedadını dəstəkləmək qərarına gəlir.
“Mədinənin gənc olmasına baxmayaraq əsərlərində peşəkar rəssamlar üçün səciyyəvi olan dərinlik və ifadə qüvvəti hiss edirdim. Onun yaradıcılığını dəstəkləmək üçün “Gənc İstedadlar” layihəsində iştirakını təşkil etdik. Gələcəkdə böyük uğurlar qazanacağına inanıram”— deyə vurğulayır Arif müəllim.
Onun "Naxışın sirləri", "Həmrəylik", "Azərbaycan-Odlar Yurdu", "Rəngli xəyallar", "Zəfər-44" kimi əsərləri müxtəlif sərgilərdə nümayiş olunub. O, Nyu-Yorkun Bruklin şəhərində keçirilən beynəlxalq festivalda "Təhlükəsiz dünya gələcəyi" nominasiyasında 1-ci yerə, "Golden Time Talant"rəsm festivalında isə qrafika üzrə dünya üzrə iki dəfə 1-ci yerə layiq görülüb.
Mədinə Həbib — yaradıcılığında milli dəyərlərlə müasirliyi uğurla birləşdirən, sənətə olan sevgisi və əzmi ilə nəzərə çarpan gənclərimizdəndir . Onun əsərləri yalnız Azərbaycanda deyil, dünya səviyyəsində də tanınmağa doğru irəliləyir. Gələcəkdə də yeni layihələr, beynəlxalq sərgilər və yaradıcılıq uğurları ilə adından söz etdirəcəyinə ürəkdən inanaraq uğurlar arzulayırıq.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas,
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi,
ARİ-nın prezident təqaüdçüsü

