Azərbaycan Ordusu – Dövlətçiliyimizin Qalası Hər bir xalqın qüdrəti onun dövlətinə, dövlətinin qüdrəti isə ordusuna söykənir.
Bu gün, 15:29
18

Azərbaycan Ordusu – Dövlətçiliyimizin Qalası Hər bir xalqın qüdrəti onun dövlətinə, dövlətinin qüdrəti isə ordusuna söykənir.

ONDERTV.ORG

Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqımızın təhlükəsizliyinin, müstəqilliyinin və suverenliyinin etibarlı təminatçısı kimi ölkəmizin inkişaf tarixində müstəsna yer tutur. Hər il 26 iyun tarixində qeyd olunan Silahlı Qüvvələr Günü Azərbaycan əsgərinin şərəfinə, qəhrəmanlığına və Vətənə sonsuz sədaqətinə verilən yüksək dəyərin ifadəsidir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli ordunun yaradılması haqqında qərarın qəbul edilməsi ilə ölkəmizdə ordu quruculuğunun əsası qoyulmuşdur. Müstəqilliyimizin bərpasından sonra isə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoymuş, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Bu gün Azərbaycan Ordusu peşəkarlığı, döyüş hazırlığı və müasir texniki imkanları ilə dünyanın nüfuzlu hərbi qüvvələri sırasında layiqli yer tutur. Ordumuzun hər bir əsgəri və zabiti Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirərək Azərbaycan bayrağının ucalığı naminə xidmət göstərir.
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri misilsiz şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi, xalqımızın illərlə gözlədiyi tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm Zəfər hərb tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, milli qürur və birliyimizin təntənəsinə çevrildi.
Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqın bayramıdır. Bu gün biz Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıq hissi ilə anırıq. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
Qüdrətli ordu güclü dövlət deməkdir. Azərbaycan Ordusu bundan sonra da ölkəmizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, dövlətimizin müstəqilliyini və xalqımızın firavan həyatını qoruyacaqdır. Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar və yeni qələbələr arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan
Almaz Kazımova

Oxşar xəbərlər