​1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLMİŞDİR
2-06-2026, 23:43
527

​1 İYUN – UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ TƏDBİR KEÇİRİLMİŞDİR

ONDERTV.ORG

1 iyun tarixində Sumqayıt şəhərində fəaliyyət göstərən "İsmiNur" körpələr evində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təntənəli mədəni-kütləvi tədbir keçirilmişdir. Dövlət rəsmilərinin, ziyalıların, elm və media nümayəndələrinin iştirak etdiyi tədbir yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənmişdir.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə fəxri qonaq qismində iştirak edən rəsmi şəxslər və ziyalılar çıxış edərək uşaqları bayram münasibətilə təbrik etmiş, onlara gələcək təhsillərində və həyatlarında uğurlar arzulamışlar. Tədbirə öz təşrifləri ilə rəng qatan fəxri qonaqlar sırasına aşağıdakı şəxslər daxil idi:
Müşfiq Məmmədli – Azərbaycan Respublikası Milli Məclisinin Deputatı;
Rafiq Yusifoğlu – Tanınmış şair, yazıçı, ədəbiyyatşünas alim;
Günel Mirzəyeva – Müəllimlərin Tərəqqi Platformasının rəhbəri;
Nilufər Mehdiyeva – Professional pedaqoq və təlimçi;
Kamran Orucov – VETENİM-AZERBAYCANDİR.AZ xəbər portalının baş redaktoru.
Rəsmi çıxışların ardından bağçanın yetirmələri tərəfindən hazırlanmış xüsusi bədii-əyləncəli proqram təqdim olunmuşdur. Balacaların ifasında səslənən vətənpərvərlik mövzusunda şeirlər, rəngarəng rəqs nömrələri (vals) və musiqi ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq və coşqu ilə qarşılanmışdır.
Tədbirin yekununda fəxri qonaqlar və valideynlər tərəfindən körpələr evində uşaqların yüksək səviyyədə təlim-tərbiyəsi üçün yaradılmış şərait yüksək qiymətləndirilmişdir. Göstərilən xüsusi diqqətə, peşəkar təşkilatçılığa və fədakar fəaliyyətə görə "İsmiNur" körpələr evinin rəhbəri Nurlana Mütəllimova başda olmaqla, əməyi keçən bütün müəllim və texniki heyətə dərin təşəkkür ifadə olunmuşdur.

Oxşar xəbərlər