Şəddat Cəfərov – 85. Fəhləlikdən alimliyə gedən şərəfli ömür yolu...
24-03-2025, 01:38
366

Şəddat Cəfərov – 85. Fəhləlikdən alimliyə gedən şərəfli ömür yolu...

ONDERTV.ORG

Azərbaycan Tarixi Muzeyində tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli poliqrafiyanın inkişafında müstəsna xidmətləri olan Şəddat Cəfərovun 85 illik Yubileyinə həsr olunmuş tədbirdən iki ay keçməsinə baxmayaraq, Şəddatsevərlər hələ də bu xoş anların təsirindədirlər. Yaxın dostlarla  təmasda olanda, istər-istəməz, mənəviyyatca zəngin olan şəxsiyyəti yada salmamaq olmur...

Tədbir zamanı yubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər... çıxışlarında 85 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr edən Şəddat Cəfərovun gördüyü işlərin onu ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimi vəqayğıkeş dost kimi tanıtdığını qeyd etdilər.“Onun, işinin ustadı kimi, xarakterizə edən cəhətlərlə yanaşı, bilik və bacarığını bölüşmək həvəsi də xüsusi vurğulanmalıdır. Lakin Şəddat müəllimi bizim üçün doğmalaşdıran ən başlıca xüsusiyyət daim ictimaiyyətin, jurnalistlərin çevrəsində olması, bədii yaradıcılığa üstünlük verməsidir. İctimai məzmun daşıyan hekayələri günümüzün reallıqları ilə səsləşən hadisələr əsasında formalaşıb. Ümumən, Şəddat Cəfərov - ömür yolu örnək kimi qəbul edilən qələm adamlarından, peşə sahiblərindəndir”, - deyərək, Əflatun Amaşov ürək sözlərini bildirdi. O,həmçinin, 85 illik yubileyi və Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə,Şəddad Cəfərova rəhbərlik etdiyi qurumun dipolmunu təqdim etdi.
Çıxış edən hər kəs Şəddat Cəfərovla bağlı xatirələrini bölüşdü, onun həyat yolunun spesifik cəhətlərindən söz açdı. Axı, kimdir Şəddat Cəfərov? Niyə hər kəs onun haqqında ağızdolusu danışır? Elə isə, gəlin birlikdə Şəddat Cəfərovun ömür yolu tarixçəsinə nəzər salaq:
Qısa ARAYIŞ:
Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan, əslən Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olan Şəddat Cəfərov 1940-cı ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı  şəhər 44 saylı orta məktəbin yeddinci sinfini bitirdikdən sonra “26 Bakı Komissarı” adına (indiki 1 saylı) mətbəədə “Sinkoqrafiya” sexində şagird kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra təhsilini Bakının 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirib. 1959-cu ildə təhsilini uğurla başa vurduqdan sonra, həqiqi hərbi xidmətdə olmaqla, Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib.
Ş.Cəfərov hərbidən tərxis olunduqdan sonra yenəöz doğma kollektivinə qayıdıb və burada“sinkoqrafçı” kimi fəaliyyətinə davam edib. O, 1961-1964-cü illərdə Bakı Soveti Ticarəti Texnikumunda, 1964-1969-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Həmçinin 1966-1967-ci illərdə Moskva Poliqrafiya İnstitutunda “Mətbəələrin direktorları və baş mühəndisləri”, 1967-1968-ci illərdə həmin ali təhsil ocağında “Mətbəələrin plan-iqtisad şöbələrinin müdirləri və iqtisadçıları” ixtisasartırma kurslarında qiyabi oxuyub.
1966-cı ildən işlədiyi mətbəədə “Baş mühəndis”vəzifəsində çalışan, hər zaman yenilik axtarışında olan Şəddat müəllim elmini artırmağa, istehsalatda daha səmərəli üsullar tapmağa çalışıb. Beləliklə, istehsalatla bərabər, elmi işlə də məşğul olan Şəddat Cəfərov 1969-1971-ci illərdə Moskva Poliqrafiya İnstitutunu və 1975-ci ildə həmin institutun aspiranturasını bitirib, namizədlik dissertasiyası müdafiə edib, 1975-ci ildə SSRİ Nazirlər Şurası nəzdində Ali Attestasiya Komissiyasında, Moskva Poliqrafiya İnstitutunun qərarı ilə, “İqtisad elmləri namizədi” alimlik dərəcəsi alıb.
Şəddat müəllim, istedadına və rəhbərlik bacarığına görə, zamanla məsul vəzifələrə irəli çəkilib. "Yeni kitab" mətbəəsində direktor (1976), sonradan "Kommunist" nəşriyyatında (indiki “Azərbaycan”) Baş direktorun birinci müavinivəzifəsində çalışıb.
1985-ci ildə Sov. İKP MK-nın göstərişi ilə Şəddat Cəfərov "Ulyanovskaya Pravda" nəşriyyatına dəvət alıb,  1989-1991-ci illərdə nəşriyyatın Baş direktoru vəzifəsində çalışıb və bu müəssisəni ən qabaqcıl bir mətbəəyə çevirib. O, Ulyanovsk şəhərinin Lenin rayonunun deputatı seçilərək “Deputat qrupu”na rəhbərlik edib.  Həmçinin “Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti” İdarəsinin kollegiya, Vilayət Həmkarlar Təşkilatı Rəyasət Heyətinin üzvü olub. Ulyanovskda işlədiyi dövrdə, bir alim kimi, İqtisad Universitetində idarəetmədən mühazirə oxuyub. 
Bakıda işləməyə dəvət alan Şəddat müəllim 1990-cı ildə baş verən 20 Yanvar hadisəsindən sonraBakıya qayıdıb, Dövlət Mətbuat Komitəsində (Mətbuat və İnformasiya Nazirliyi) sədrinköməkçisi işləyib. 
İstehsalata bağlı olan Ş.Cəfərov 1991-1992-ci illərdə 3 saylı “Bakı Kitab Mətbəəsi”ndə direktor, 1992-1993-cü illərdə "Azərbaycan" nəşriyyatının Baş direktoru, 1993-cü ildə “Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyi”ndə Baş direktorun müavini, daha sonra "Göytürk" mətbəəsinin,“Ofset çap kombinatı”nın, 1998-ci ildə "Şans" nəşriyyat-poliqrafiya mərkəzinin direktoru vəzifələrində çalışıb. 2002-ci ildən etibarən isəŞəddat müəllim “3 saylı Bakı Mətbəəsi” ASC-nin direktoru işləyir.
Öz bilik və bacarığını, iş təcrübəsini gənc nəsləhəvəslə öyrətməklə, yeni nəsil poliqrafçılar yetişdirən Şəddat Çəfərov bu gün seçdiyi sənətdə sevgi və böyük ruh yüksəkliyi ilə çalışır.
Ş.Cəfərov fəaliyyəti dövründə müxtəlif dünya ölkələrində poliqrafiya təcrübəsinin öyrənilməsi üzrə keçirilən konfransların iştirakçısı olub və (İran, Rusiya, Fransa, Almaniya, Türkiyə və b.ölkələr) elmi məruzələrlə çıxış edib, təkliflər verib.
Şəddat Cəfərov yaradıcı şəxs, mətbuat və informasiya mütəxəssisi, alim kimi, hər zaman ölkənin inkişaf etmiş dövlətlərin mətbuat sisteminə inteqrasiyasına səy göstərib. O, ümummilli lider Heydər Əliyevin siyasi kursunu hər zaman dəstəkləyib və onun dünyəvi şəxsiyyət kimi təqdim olunmasına çalışıb.
Ömrünün 70 ilini poliqrafiya və nəşriyyat işinə həsr edən, həyatının bütün dövrlərindəyaradıcılıqla məşğul olan Şəddat Cəfərovun qələmə aldığı "Balamirzə yazandı", "Mədəni adam", "Qovaq ağacı", "Yaxşısı budur, dözək", "Həbib dayı və müdir bəy", "Arayış", "İmtahan", "Bəs, təhqir olunmuş qalaq?", "Vəd" kimi hekayələrində cəmiyyətin reallıqları öz əksini tapıb. Onun qələmə aldığı yumoristik hekayələr belə, oxucunu düşünməyə vadar edib.
100-dən artıq hekayənin və elmi-publisistik məqalələrin, onlarla kitabın müəllifi və redaktoruolan Şəddat Cəfərovun ədəbi düşüncələrindən ibarət olan  “Əzəldən bağlıyam sözə” adlı 5 cildlik kitabı geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmaqla, onun sözə və sənətə olan böyük sevgisini, dəyərini çılpaqlığı ilə açıb göstərib.
Tanınmış poliqrafçı-alim əmək fəaliyyətinin bütün dövrlərində dövlət tərəfindən diqqət mərkəzində olub, yüksək mükafatlara layiq görülüb.
Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər Birliklərinin, həmçinin bir çox cəmiyyətlərin üzvüolan, “Əmək veteranı” medallı Şəddat müəllim “Qızıl qələm” və “Azərbaycan Bayrağı” media mükafatları laureatıdır, Həsən bəy Zərdabi adına fəxri diplom və medala, Mətbuat Şurasının fəxri dilomuna və digər saysız-hesabsız Fəxri Fərmanlara, Diplomlarla layiq görülüb.  
Saya gəlməz hədiyyə və mükafatların sahibi olan Şəddat müəllim çox gözəl bir addım ataraq, həyat və yaradıcılığına aid olan bütün kolleksiyalarını (sənədlər, fotoşəkillər, orden və medallar, təltiflər, şəxsi əşyalar, kitablar,..) qorunmaq, tarixin yaddaşına həkk olunmaq üçün, Milli Azərbaycan Tarixi Muzeyinin fonduna təqdim edib. Bu addımgənc poliqrafçılar üçün BÖYÜK MƏKTƏB olan USTAD ziyalımızın alqışalayiq bir addımıdır. İnanırıq ki, poliqrafiya sahəsinə maraq göstərən, bu yolu seçən yeniyetmə-gənclərimiz kolleksiyadan, dəyərli arxiv materiallarındanyetərincə faydalana biləcəklər.
Bu illər ərzində Şəddat müəllim haqqında bir çoxəsər və publisist yazılar dərc edilib, ona həsr olunan neçə-neçə kitab işıq üzü görüb. Və hər bir yazıda Şəddat Cəfərovun yüksək fərdi keyfiyyətləri açıq-aydın əks olunub.
-----------
ŞƏDDAT CƏFƏROV. Savadına, bacarığına, peşəkarlığına, ən əsası isə insaniyyətliyinə, vətənpərvərliyinə... görə, ölkədə və onun hüdudlarında adı qəlblərə böyük hərflərlə yazılan bir Vətən oğlu!
Həyatın acılı-şirinli yollarından mərdi-mərdanə keçən və bu gün ömrünün 85-ci zirvəsində duran şərəfli ömrün sahibi Şəddat Cəfərovun zənginbioqrafiyasının yalnız qısaca bir hissəsi ilə tanış olduq. Onu tanıyanların ürək sözlərini dinləsək, günlər yox, aylar yox, illər bəs etməz. Onun haqqında kitablar yazılsa, bu kitablar saya gəlməz... 
Nədir Şəddat müəllimi insanlara sevdirən? İlk növbədə onun sadəliyi və səmimiliyidir. Şəddat müəllimin insanlara olan hörməti və sevgisi sərhədsizdir. Bəlkə də, elə bu sevgidəndir ki, o,hər kəsə qayğı ilə yanaşır, əlindən gələn köməkliyi göstərməklə xeyirxahlığından əl çəkmir. Sakit təbiətli, həlim xasiyyətli olmasına baxmayaraq, işində həddən artıq məsuliyyətli və tələbkardır. Doğruçuluq, düzgünlük onun həyat prinsipi olub. 
Şəddat müəllim gəncliyi hər zaman tərbiyəli, əxlaqlı, savadlı... görmək istəyir. Vətən sevgisi köksünə sığmayan ziyalımız deyir ki, “Azərbaycanın parlaq gələcəyi bu günün yeniyetmə-gənclərinə bağlıdır. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə imza atan qəhrəman oğulların arasında gənclər üstünlük təşkil etdi. Bu onu göstərir ki, gənc nəsildə Vətən, Torpaq sevgisi Vətən yolunda ölümə gedəcək qədər böyük, tükənməzdir. İnanıram ki, məhz gəncliyin sayəsində tezliklə Azərbaycanın hər qarışı Gülüstana çevriləcək!”.
 Şəddat müəllim təkcə zəhmətkeş insan, bacarıqlı mütəxəssis, etibarlı dost... deyil, həm də qayğıkeş ailə başçısıdır. Yubiley tədbirində əziz- doğmalarının əhatəsində Şəddat müəllimin sevincinin həddi-hüdudu yox idi. Bir insan üçün övladlarının, nəvələrinin diqqət və sevgisindən daha böyük hədiyyə, mükafat nə ola bilər?!
Həyat davam edir... Bu gün Şəddat müəllim eyni tükənməz enerji, böyük ruh yüksəkliyi ilə sevdiyi işinin başındadır. İnsanlara sevinc bəxş etməyin özü bir xoşbəxtlikdir! Günümüzün qəhrəmanı da, öz işinin peşəkarı kimi, yüzlərlə insanı sevindirir və özü də bu sevincin şərbətni dadır...
İnanıram ki, Şəddat Cəfərovla bağlı, ilboyu bir-birindən maraqlı Yubiley tədbirləri keçiriləcək və hər birimizə dəyərli olan, zəngin dünyagörüşünə malik ziyalımıza bir-birindən də gözəl arzular ünvanlanacaq. İnanıram ki, Şəddat müəllimlə neçə-neçə görüşlər keçiriləcək və bu görüşlərdə onun şərəfli həyat yolu hekayəsini dinləyən, sənətinə olan sonsuz sevgisini görən yeniyetmə-gənclərimiz bir gün elə Şəddat müəllimin davamçılarına çevriləcəklər... 
Deyirlər, insan elə yaşamalıdır ki, arxaya baxanda peşmançılıq hiss etməsin. Məncə, Şəddat müəllimə geriyə boylanmağa da ehtiyac yoxdur. Şəddat Cəfərov yalnız irəli baxaraq, şərəfli ömür yolunun yeni, parlaq səhifələrini yazacaq...
P.S.:  Biz də, öz növbəmizdə, dostlar adından, gözəl xasiyyətə, yüksək insani keyfiyyətlərə malik olan poliqrafçı alimi, yazıçı Şəddat Cəfərovu Yubileyi münasibətlə təbrik edir, ona cansağlığı, uzun, mənalı ömür, sevinc dolu gözəl günlər arzulayır və deyirik: “Şəddat müəllim, Allah ömür versin, 90, 100... illik Yubileylərinizdə görüşənədək!Hər zaman VAR olun, USTAD!”.
 Aygün HACIYEVA,
Jurnalist, yazıçı-publisist,
AYB, AJB və AAB-nin üzvü.
 

Oxşar xəbərlər