"Muay Tay Tayboks Federasiyası" İctimai Birliyinin hesabat xarakterli növbəti iclası keçirildi.
12-02-2025, 22:49
175

"Muay Tay Tayboks Federasiyası" İctimai Birliyinin hesabat xarakterli növbəti iclası keçirildi.

ONDERTV.ORG



İctimai Birliyin ictimaiyyət və media nümayəndələri üçün açıq  olan iclası Dövlət Himninin səslənməsi ilə başladı.
İctimai Xadim, AJB-nin üzvü, bir çox titul və mükafatların sahibi olan yazıçı-jurnalist Yasəmən Möhübbətqızı tədbiri giriş sözü ilə açdı.  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edildi.
Federasiyanın prezidenti və İctimai Birliyin sədri olan, 9 qat Dünya, 5 qat Avropa çempionu,  Beynəlxalq dərəcəli və Əməkdar İdman Ustası, Uşusanda üzrə Azərbaycan çempionu, Prezident mükafatçısı, FHN-nin polkovnik-leytenantı Araz Musayev iştirakçıları salamladıqdan sonra,  görülən işlərdən, qazanılan nailiyyətlərdən danışdı. O, "Muay Tay Tayboks Federasiyası" İB-nin Ədliyyə Nazirliyinin reyestrindən çıxarışı idmançılara təqdim etdi.
Araz Musayev baş verən bəzi neqativ hallara toxunaraq çıxışında onu da vurğuladı ki, "uğurlarımıza baxmayaraq, hələ də nailiyyətlərimizi qəbul etməyi bacarmayanlar, uğurumuzu gözü  götürməyənlər, hər vəchlə işimizə maneçilik törədənlər var. Və belə insanlar, təəssüflər olsun ki,  sağlam rəqabətdən çox-çox uzaq olaraq, əngəl yaratmaqla yalnız zamanımızı alırlar. Onlar unudurlar ki, əvvəl-axır haqq öz yerini tutur və biz heç zaman mübarizəmizdən geri durmayacaq, daha böyük uğurlara imza atacağıq!".
  A.Musayev, bundan sonra digər federasiyaların "Muay Tay Tayboks Federasiyası"nın fəaliyyətinə və daxili məsələlərinə müdaxilə edəcəkləri təqdirdə, bir rəhbər kimi, qanun çərçivəsində aidiyyatı distansiyalara müraciət edəcəyini və haqqın bərqərar olmasına çalışacağını bildirdi. "Təəssüf ki, Kikboks Federasiyası"nın rəhbərliyi tərəfindən də işimizə müdaxilə olunur. Bunun nəticəsində, İB-nin daxili Nizamnaməsinə  əsaslanaraq, AMTFİB-nin nəzdində fəailyyət göstərən  bölmələrin iştitakı ilə,  Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yarışın işi pozulmuşdu. Bu da Şəhid ailələrini çox  sarsıtmış və onlar zalı tərk etməli olmuşlar. Belə bir hərəkər, hadisə, Şəhidlərimizin ruhuna hörmətsizlik olaraq, yolverilməzdir!".
Daha sonra, federasiyanın nəzdində yaradılan 12 klubun rəhbərlərinə, Baş məşqçi və məşqçilərə  Əsasnamə təqdim olundu. Bildirildi ki, Dünya Fedarasiyasının AMFİB-ə göndərdiyi məktuba əsasən,  "İllik Təqvim Planı"nda keçiriləcək yarışların vaxtı açıqlanıb və yaxın zamanda bu haqda mətbuatda geniş məlumat veriləcək.
Tədbirdə iştirak edən qonaqlar - Zemfira Ağayeva (İctimai Birlik rəhbəri), Nəsibə İsrafilqızı (qəzet redaktoru,şair), Zülfiyyə İsmayılova (sahibkar), Nuradə Kərimova (Bələdiyyə sədri) və b. tədbirlə bağlı fikirlərini, həmçinin ürək sözlərini söylədilər.
Araz Musayev tədbirin reallaşması üçün  yaratdığı şəraitə görə  Z.Ağayevaya, tədbirin yüksək səviyyədə təşkilinə və aparıcılığa görə  Y.Möhübbətqızına, gələn qonaqlara, media nümayəndələrinə dərin təşəkkürünü bildirdi. Sonda o, klub rəhbərləri və məşqçilərə Diplom, Fəxri Fərman, Təşəkkürnamə, gənc idmançılara Sertifakat təqdim etməklə, onları mükafatlandırmağı unutmadı və hər birinə cansağlığı diləyi ilə, uğurlar arzuladı.
*Biz də, oz növbəmizdə, Azərbaycanın üçrəngli bayrağını daima zirvədə dalğalandıran vətənpərvər idmançılarımıza  yeni-yeni QƏLƏBƏlər diləyirik!

Aygün HACIYEVA, 
AYB,  AJB və AAB-nin üzvü.









Oxşar xəbərlər