Gündəm
2-09-2024, 22:25
306
“Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi”nin yeni layihəsi uğurla həyata keçdi
ONDERTV.ORG
Bu günlərdə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, daha bir QHT – “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi “Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsini həyata keçirdi.Sumqayıt Gənclər Evində təşkil olunan tədbiri layihənin rəhbəri, birliyin sədri Ağanənə xanım Seyidqızı açdı. Əvvəlcə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən igid Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra A.Seyidqızı rəhbəri olduğu təşkilat haqqında qısaca məlumat verdi, layıhənin məğzi barəsində danışaraq, günümüzün vacib problemlərindən olan sosial məsələlərə toxundu.Layihənin hüquqşünası Xanlar Fətullayev çıxış edərək, şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına, mövcud qanunvericiliklə nəzərdə tutulan güzəşt və imtiyazlardan söz açdı və bu istiqamətdə aparılan işləri xüsusi vurğuladı. Dəyirmi masa arxasında, mövzu ilə bağlı bağlı, fikir mübadiləsi aparıldı.
Sumqayıt Tibb Mərkəzinin direktor müavini Namirə Abbasova bu cür layihələrin vacibliyini vurğulayaraq, Vətən müharibəsi iştirakçılarına və qazilərə göstərilən xidmətdən danışdı. RSİD İB-nin sədri Emil Maqalov, Sosial Xidmətlər Agentliyinin Regional İdarəsinin əməkdaşı Leyla Cəfərova, “Tərəqqi” İB-nin sədri İndira Şəmsivari, ƏSMİD İB-nin sədri Səbinə Kərimova, Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Allahverdizadə (44 günlük Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin qardaşı), Corat Bələdiyyəsinin sədr müavini Nuradə Kərimova, “Bizim Şəhər” İctimai Birliyinin sədri Mətanət xanım, “Çıraq” İctimai Birliyinin sədri Zeynəb Hacıyeva, “Sumqayıt” qəzetiniin əməkdaşı İlhamə Məhəmmədqızı, şair Səringül Atəş və digər tədbir iştirakçıları tərəfindən şəhid ailələrinin və qazilərin, müharibə veteranlarının, cəmiyyətin həssas təbəqəsi sayılan - əlilliyi olan insanların hüququ cəhətdən maariflənməsində, sosial problemlərinin araşdırılıb həll olunması istiqamətində onlara köməklik göstərilməsində belə layihələrin önəmli rol oynaması vurğulandı. Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı, səhiyyə sahəsində üzləşilən problemlərlə bağlı, verilən sualları cavablandırdı və yaxın gələcəkdə bu sahədə olacaq yenilikləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.Diskussiya şəraitində keçən dəyirmi masada müxtəlif təşkilat və müəssisələrin, ictimai birliklərin əməkdaşları, iş adamları, həmçinin media nümayəntələri iştirak edirdi.Sonda çay süfrəsi arxasında, isti münasibətlər şəraitində söhbət davam etdi.
Peşəkar operator, fotomüxbir Əli Əliyevin sayəsində lentə alınan çəkiliş və çəkilən şəkillər həmin günün xoş xatirəsi tək yaddaşa həkk olundu.
*Qeyd edək ki, Respublikada uşaq şairi kimi tanınaraq hörmət-izzət sahibi olan Ağanənə Seyidqızı, bacarıqlı təşkilat rəhbəri kimi, bir-birindən fərqli, günün tələbinə uyğun olan gərəkli layihələri ilə uğura imza atır. Ağanənə xanıma bu yolda - gələcək işlərində, xeyirxah əməllərində, həmçinin yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq!
Aygün Hacıyeva,
AJB, AYB və AAB-nin üzvü
------------------------------