Azərbaycanın xarici işlər naziri anqolalı həmkarı ilə görüşüb
19-01-2024, 17:12
53

Azərbaycanın xarici işlər naziri anqolalı həmkarı ilə görüşüb

ÖNDERTV.ORG






Yanvarın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu Zirvə görüşündə iştirakı məqsədilə Uqandaya səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycanın xarici siyasət kursunda Afrika qitəsi ölkələri, o cümlədən Anqola ilə əməkdaşlığın önəmli vektorlardan birini təşkil etdiyi diqqətə çatdırılıb. Azərbaycan ilə Anqola arasında siyasi, iqtisadi, təhsil, humanitar, ticarət və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib. Bu baxımdan iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və xarici siyasət qurumları arasında məsləhətləşmələrin keçirilməsinin faydalılığı qeyd edilib. BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Anqola əməkdaşlığı məmnunluqla xatırlanıb.
Humanitar sahədə xüsusilə təhsil və müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərin hazırlanması ilə əlaqədar iki ölkə arasındakı uğurlu əməkdaşlığın tarixi və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Anqolalı tələbələrin Azərbaycan tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarında iştirakı məmnunluqla qeyd edilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər