ASQİB-nin sədri Zemfira  xanım Ağayeva Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi
31-05-2025, 20:58
242

ASQİB-nin sədri Zemfira xanım Ağayeva Uşaqları Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi

ONDERTV.ORG

“Uşaq qəlbi – dünyanın ən təmiz payı”
Uşaq olmaq Tanrının insana verdiyi ən saf nemətdir. O nemət ki, qısa sürür, amma izləri bir ömür içimizdə yaşayır. Bəzən bir təbəssümdə, bəzən bir baxışda, bəzən də unutduğumuz oyuncağın xatirəsində özünü göstərir. Hər birimizin içində kiçik bir uşaq yaşayır — biz onu ya qucaqlayırıq, ya da illər keçdikcə itiririk...

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü, təkcə oyuncaq almaq, şar şişirtmək, şəkər paylamaq günü deyil. Bu gün, körpə gülüşlərin, ana laylalarının, sevinc dolu baxışların bayramıdır. Bu gün, gələcəyin cizgilərini daşıyan balaların və içində uşaq saflığını yaşadan böyüklərin günüdür.

Uşaqlar – Tanrının yer üzünə göndərdiyi ən günahsız mələklərdir. Onlar ağaclara dırmaşmağı, yağışda islanmağı, daşların üzərində gəzinməyi sevərlər. Onlar üçün bahalı geyim deyil, qayğı və diqqət dəyərlidir. Onlar baharın rəngi, dünyanın sabahıdırlar.

Hər bir körpə öz baxışıyla dünyanı rəngləyir. Gözlərində əks olunan ümid, əllərində gizlənən gələcək, ürəklərində çırpınan həyat var. Onlar – bir xalqın sabahkı alimləri, şairləri, müəllimləri, şəhid övladları, Vətən sevdalılarıdır.

Bəli, şəhid övladları... Onlar bu torpağa qurban gedən igidlərin bizə əmanətidir. Onların susqun baxışlarında ata həsrəti, qürurla dolu bir tarix yatır. Onlar yaşları az olsa da, daşıdıqları yük çox böyükdür. Hər şəhid uşağına baxanda, bir bayrağa sarınmış ata tabutu canlanır göz önündə... Biz o gül balaların qarşısında borcluyuq – sevgiyə, dəstəyə, şəfqətə...

Bu gün yalnız gələcəyimizi deyil, azadlığımızın mirasçılarını da qorumaq günüdür. Onların gülüşündə azad Vətənimizin sabahı, məğrur şəhidlərimizin ruhu yaşayır.

Amma bir də ruhu uşaq qalanlar var. Saçına dən düşsə də, qəlbində yumşaq bir duyğu, gözlərində şəfqət, içində təbəssüm daşıyanlar... Onlar nə yaxşı ki var. Onlar bu dünyanın içində insanlığı yaşadırlar. Onlar uşaqlığını itirməyən böyüklərdir – ən çox ehtiyac duyduğumuz insanlar.

Bu gün gəlin, təkcə uşaqları deyil, içində uşaq sevincini yaşadanları da qucaqlayaq. Gəlin, onlara baxıb bir daha dünyanın ən gözəl musiqisinin uşaq gülüşü olduğunu xatırlayaq.

Uşaqlar üçün sabit, müharibəsiz, qorxusuz bir dünya arzulayaq. Onlara kitablar, şəfqət, sülh, oyun meydançaları, sevgi, Vətən sevgisi verək... Ruhunu qorumağı bacaran böyüklərə isə – daima uşaq qalmaq cəsarəti arzulayaq.

Qoy, bu gün – uşaqların gülüşü qədər təmiz, şəhid övladlarının göz yaşı qədər dəyərli, dualar qədər müqəddəs olsun!

SEVİNC SALEHQIZI

Oxşar xəbərlər