Ramin Musayev istefa verdi - Yenilənib
29-07-2022, 13:23
91

Ramin Musayev istefa verdi - Yenilənib

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.

"Ondertv.org" Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, Musayev, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür. Yaxın saatlarda bununla bağlı rəsmi açlqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, R. Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.
Xatırladaq ki, bir müddət əvvəl Ramin Musayev Polşanın “Lex” klubu ilə bağlı səsləndirdiyi fikirləri ilə gündəmə gəlmişdi. Belə ki, o, iyulun 15-i Azərbaycan Premyer Liqasının püşkatmasında “Qarabağ”ın “Lex” üzərində qələbəsinə belə şərh vermişdi: “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi”.
***
Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb. Bildirilib ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.
Qeyd edilib ki, 14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.
2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.
2012-ci ilin 3 iyulunda AFFA-nın inzibati binasında AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Ramin Musayev PFL-in 5 iyul 2016-cı il və 14 sentyabr 2020-ci il tarixli seçkilərinin də qalibi olub.

Oxşar xəbərlər