Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilmişdir
12-04-2024, 00:01
264

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilmişdir

ÖNDERTV.ORG


Bu gün Qırğızıstan Respublikasının paytaxtı olan Bişkek şəhərində fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun  prezidenti Nüsrət Məmmədov Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun Mənzil qərargahını ziyarət edib. O, fondun  Azərbaycan hökuməti tərəfindən təyin olunmuş həmsədri İqbal  Babayev və Qırğızıstan hökuməti tərəfindən təyin olunmuş həmsədri Almaz Mambetovla görüşüb. Vətənpərvərlik ab-havası ilə keçirilən görüşdə fondun fəaliyyəti haqqında geniş müzakirələr aparılıb. Görüş zamanı aparılan fikir mübadiləsi zamanı, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Qırğızıstan-Azərbaycan əlaqələrində Azərbaycan -Qırğızıstan İnkişaf Fondunun daha da geniş rol oynayacağı vurğulanıb. Həmçinin qeyd edilib ki, Qırğızıstanda dahi lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar, onun  müqəddəs irsinin təbliğı çərçivəsində aparılan genişmiqyaslı tədbirlər   haqqında Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun həmsədrlərinə məlumat verilib.  
               Görüşdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun əsas vəzifələri  qeyd olunduqdan sonra vurğulanıb ki,  Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrinin inkişafına önəm verir və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülür. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu məsələdə səmərəli platformadır. İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədi ilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə, ölkələr arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Müxtəlif maliyyə alətlərindən istifadə etməklə, Qırğızıstanda qeydiyyatdan keçən Fond bundan sonra  da fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.
Mənzil qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Nizamnamə kapitalına qoyulan vəsait təkcə Azərbaycan tərəfindən deyil, həmçinin beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.
               Qeyd edək ki, 11  oktyabr 2022-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib. 
               Görüş zamanı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə nəşr edilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan 8 kitab və Azərbaycan tarixini özündə əks etdirən bir neçə kitab  Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun həmsədrləri  İqbal   Babayev və Almaz Mambetova hədiyyə edilib. 
        Sonda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycan - Qırğızıstan İnkişaf Fondunun həmsədrləri  İqbal   Babayevə və Almaz Mambetova bundan sonrakı birgə əməkdaşlıqla bağlı görüləcək işlərdə   uğurlar diləyib.

Oxşar xəbərlər