Onun zabitləri, onun davamçıları
10-04-2024, 20:31
873

Onun zabitləri, onun davamçıları

ÖNDERTV.ORG
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!"
Heydər Əliyev
Vətən Müharibəsi iştirakçısı, QARABAĞ ordenli, Cəbrayılın, Fizulinun, Xocavəndin və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunan, Vətən müharibəsi qazisi, polkovnik Rəşad Aslanov.
          Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ona görə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra məhz bu prinsipə söykənərək ilk növbədə güclü ordunun formalaşdırılması üçün təxirə salınmaz tədbirlərin həyata keçirilməsinə start verdi.
          Azərbaycanın güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Heç də təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsinin ölkə üçün prioritet əhəmiyyət daşıdığını dəfələrlə bəyan edib. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib. Güclü ordu həm də güclü dövlət deməkdir. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da əldə edilən nailiyyətlərə uyğun şəkildə inkişaf edir.
Azərbaycanın güclü ordu ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşmişdi. Amma 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu sahəsinə də böyük diqqət ayırdı. Müstəqil ölkəmizin güclü və qüdrətli ordusunun memarı olan Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. General Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet illərində Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Həmin məktəb bu gün də müstəqil Azərbaycanın ordusu üçün zabitlər hazırlayır. Bunlar isə onu deməyə əsas verir ki, ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi, məhz Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və ildən-ilə möhkəmlənib. Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik edən 47 mindən çox hərbi qulluqçu Ümummilli liderin çağırışı ilə Milli Ordunun sıralarına qayıtdı. Ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi, həmçinin digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrin ehtiyaclarının təminatı istiqamətində Azərbaycanın müxtəlif müəssisələrində məqsədyönlü iş aparıldı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi.
Ulu öndər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Bu məqsədlə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Prezident Fərmanı imzalandı. Azərbaycan Silahlı Qüvvələri üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Ulu öndər Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İqtisadi vəziyyəti sabit olmayan ölkənin ordusunda nizam-intizamın olması çox çətin məsələdir. Bu reallığı nəzərə alan ölkə rəhbərliyi ordu quruculuğunu iqtisadiyyatın gücləndirilməsi ilə paralel şəkildə həyata keçirir. Artıq xalqımız regionda aparıcı güc strukturuna çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildən ordu quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələ başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatın yüksəldilməsi baxımından bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Dövlət müstəqilliyini qazandıqdan sonra çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa mühüm önəm vermişdir.
Heydər Əliyevin ordu quruculuğu ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Dövlət başçısı ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş ararmaqdadır.
Ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Dövlət başçısı İlham Əliyev ilk gündən bəyan etmişdir ki, ordunun möhkəm, qüdrətli olması üçün ölkə iqtisadiyyatının güclü olması vacib şərtdir. Bu reallıq fonunda ölkə rəhbərliyi iqtisadiyyatın inkişaf tempinə adekvat olaraq ordu quruculuğu istiqamətində də qətiyyətli addımlar atır.           2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. 
Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə nümayiş etdirildi...
Torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. 
İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə hifz edəcək ordunun olmasına tam arxayındır. 103 yaşlı Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. 
Hər zaman qürurla demişəm: “Onun zabitləri, onun davamçıları olaraq daim Ali Baş Komandanın yanındayıq”.

Oxşar xəbərlər