Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.
12-11-2022, 17:20
151

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev demişdir ki, elə bir layihə hazırlanmalı və nəhayət, elə bir Konstitusiya qəbul edilməlidir ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Məhz, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edildi. Həmin gün həm də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər keçirildi. Həmçinin, ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Ötən 27 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi baza olmaqla yanaşı, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin inkişafına güclü təkan verdi.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri


ÖNDERTV.ORG

Oxşar xəbərlər