9 Noyabr Azərbaycan Bayrağı günüdür!
6-11-2022, 18:19
376

9 Noyabr Azərbaycan Bayrağı günüdür!

Azərbaycan Respublikasının Dövlət  bayrağı dövlətimizin müstəqillik rəmzi olub Azərbaycan Respublikasının Konstitusiyasının dövlət rəmzlərindən bəhs edən 23 - cü maddəsində öz əksini tapmışdır.
Bu gün haqqında nə qədər yazsaq bitməz, tükənməz. 
Günün təsis olunma tarixinə qısa səyahət edək. 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
İstiqlal ideologiyamızın üç təməl prinsipi. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
 Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmış mühüm vəsatət.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.
Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi isə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Bayraq mənliyimdir, bayraq kimliyim.
Bayraq öz yurduma, öz hakimliyim.
       B. 
Vahabzadə.
Bu iki cümlədə Bayrağımız o qədər gözəl vəsf olunur ki, dərk etməmək mümkünsüzdür.
Dövlət rəmzlərimizdən olan Bayrağımıza ehtiram hər zaman yüksəklərdədir. 
Və çox böyük qürur hissi, fəxarət hissi ilə geyd edirəm ki, bu gün Azərbaycan Bayrağı 30 ildir ki, azadlığından məhrum edilərək işğala məruz qalmış, əbədi və əzəli Azərbaycan torpağlarında  dalğalanır.
O, tarixi Azərbaycan torpağları ki, ölkə, xalq birliyi, Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, Müzəffər Azərbaycan Ordusunun yüksək döyüş bacarığı, 3000 - nə yaxın cəsur, qəhrəman Azərbaycan oğlunun canı və qanı bahasına cəmi 44 gün ərzində öz azadlığına qovuşaraq qalibiyyət əldə etdi.
Və bu gün şanlı  bayrağımız məhz Şuşamızda, Ağdamımızda, Fizulimizdə, Cəbrayılımlzda və ümumən Qarabağımızda dalğalanır. Bir xalq olaraq
bundan böyük sevincimiz ola bilməz.
Hər zaman uca ol şanlı Bayrağımız!
Şəstlə dalğalan!
Günün mübarək Zəfərimizin təcəssümü, qalibiyyətimizin rəmzi!
Mavi gözlü, Al yanağı, Yaşıl duvağlı üçboyalı incim bayramın mübarək!

Nəhayət Şirinova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.


ÖNDERTV.ORG

Oxşar xəbərlər