Sahibə Qafarova Rusiyada Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edib - FOTO
15-05-2023, 22:44
101

Sahibə Qafarova Rusiyada Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edib - FOTO

ÖNDERTV.ORG


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, inzibati binanın qarşısında Milli Məclisin sədrini Federasiya Şurasının sədri Valentina Matviyenko qarşılayıb. Nümayəndə heyəti burada Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasiminə qatılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Milli Məclisin deputatları, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.
Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotoşəkillər nümayiş olunub.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə Federasiya Şurasının sədri Valentina Matviyenkoya təşəkkürünü bildirib.
Spiker Sahibə Qafarova deyib ki, Azərbaycanın müasir tarixinin bir qərinədən çoxu milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə - adını ölkəmizin tarixinə əbədi həkk etmiş, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlıdır.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Heydər Əliyevin liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi həm sovet dövründə, həm də Azərbaycanın ən taleyüklü məqamlarında özünü qabarıq şəkildə göstərmişdir. Qeyd olunub ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra həyatın bütün sahələrində idarəetmə vektoru köklü surətdə dəyişmişdir. Kompleks inkişaf proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan ən inkişaf etmiş respublikalar sırasına daxil olmuşdur.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü kimi ölkə miqyaslı bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində Heydər Əliyevin böyük rolu olub. Sahibə Qafarova onlar arasında Baykal-Amur magistralının inşasını xüsusi vurğulayaraq, həmçinin onun keçmiş SSRİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində də Heydər Əliyevin böyük xidmətləri olduğunu qeyd edib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra da Heydər Əliyevin böyük təcrübəsinə, unikal qabiliyyətlərinə kəskin ehtiyac duyulmuş və Ulu Öndər həyatın bütün sahələrində yaranmış böhran, qeyri-sabitlik şəraitində dövləti xilas etmək, onun dağılması təhlükəsinin qarşısını almaq, iqtisadi, sosial, siyasi tənəzzülü aradan qaldırmaq kimi tarixi missiyanı öz üzərinə götürmüşdür. Spiker Sahibə Qafarova vurğulayıb ki, Ümummilli Liderin ən qiymətli əsəri olan müasir Azərbaycan dövlətçiliyi hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməkdədir.

Sahibə Qafarova Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq, bir-birinin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq kimi möhkəm təməllərə əsaslanan hərtərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd edib. Ümummilli Liderin xarici siyasət kursunun əsasını qoyduğu dövlətlərarası münasibətlərimizin əsas vektorlarından olan strateji əməkdaşlıq indi qarşılıqlı hörmət və etimada, bir-birinin maraqlarına diqqətlə yanaşmağa əsaslanan müttəfiqlik qarşılıqlı fəaliyyətinə çevrilmişdir. Dövlətlərimiz arasında tarixi dostluq və mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçılarımız İlham Əliyevin və Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdədir.
Spikeri Sahibə Qafarova deyib ki, biz Heydər Əliyevin bütün siyasi vəsiyyətlərini Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirə bilmiş xoşbəxt millətik. Bunların arasında Qarabağın erməni işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ən görkəmli yer tutur.
Milli Məclisin sədri 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə müharibəyə son qoyan Üçtərəfli Bəyanatın imzalanmasında Prezident Vladimir Putinin səylərini və Rusiyanın rolunu xüsusi qeyd edib.
Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi ədaləti bərpa edəcəyinə, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlara sülh və firavanlıq gətirəcəyinə heç vaxt şübhə etmədiyini bildirib. Çünki silahlı münaqişələrə son qoyulması, onların dövlətlərarası münasibətlər sistemindən kənarlaşdırılması bütün xalqların maraqlarına xidmət edir. Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımıza - Şuşaya, Laçına, Kəlbəcərə, Cəbrayıla qayıdacağımızı deyən Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib və hazırda işğaldan azad edilmiş ərazilərdə dinc həyata qayıtmaq üçün sürətli bərpa işləri aparılır, genişmiqyaslı infrastruktur layihələri icra edilir.
Çıxışının yekununda Sahibə Qafarova deyib ki, bu gün biz yaxın tariximizə nəzər salarkən, Heydər Əliyevin ölkənin və hər bir azərbaycanlının rifahı naminə nə qədər böyük işlər həyata keçirdiyini görürük və qədirbilən xalqımız da həmişə öz böyük oğlunun xatirəsini qəlbində əziz tutacaq və yaşadacaqdır.
Sonda Spiker Sahibə Qafarova Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Heydər Əliyev Fonduna bir daha öz minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində uşaqlar çıxış edərək Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olub. Görüşdə Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə dərin təşəkkürünü bildirib. O, qeyd edib ki, burada keçirilən tədbirlər bu dahi şəxsiyyətin necə böyük bir zirvəni fəth etdiyini göstərir.
Söhbət zamanı Rusiya-Azərbaycan parlamentlərarası əlaqələrinin bugünü və gələcək inkişaf perspektivləri, həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Milli.Az

Məqaləyə dair fotomateriallar:






ÖNDERTV.ORG

Oxşar xəbərlər