Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
13-04-2023, 21:12
70

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü

ÖNDERTV.ORG

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutan görüşdə qeyd olunub ki, bu gün parlamentlərarası əməkdaşlıq MDB-yə üzv olan ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün effektiv mexanizmə çevrilib.
Parlament Assambleyası bu prosesdə vacib rol oynayır. Görüşdə vurğulanıb ki, ötən il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub.
Milli Məclisin sədri Sahibə Qafarovanın cari ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri və səfər zamanı imzalanan "Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun ikitərəfli münasibətlərimizin parlament ölçüsünün inkişafına töhfə verdiyi diqqətə çatdırılıb. 
Görüşdə Milli Məclisin sədri, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribat barədə məlumat verərək, deyib ki, bu kimi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Spikerin sözlərinə görə, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



ÖNDERTV.ORG

Oxşar xəbərlər