Erməni separatçılar təlaşdadır: onların çıxış yolu qalmayıb
8-03-2023, 14:29
138

Erməni separatçılar təlaşdadır: onların çıxış yolu qalmayıb

ÖNDERTV.ORG#SİYASƏT

Separatçılar rəsmi Bakının şərtlərinin yerinə yetirilməyəcyi təqdirdə onları gözləyə biləcək perspektivlərdən qorxurlar. Etiraf etməsələr də, belədir.
"Azərbaycan qarşımızda sərt şərt qoyub: ya Azərbaycanın tərkibində olmalıyıq, ya savaşla qarşılaşacağıq".
Xankəndidəki separatçı rejimin "rəhbəri" Araik Arutyunyan dünən yerli "Təhlükəsizlik Şurası"nın iclasında belə deyib.
O, daha sonra söyləyib: "Azərbaycan tərəfi bizə öz kanalları ilə çatdırdı ki, ya inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlərin heç bir həlli olmayacaq. Tam əksinə, Bakı daha sərt və qətiyyətli addımlar atacaq. Lakin biz indiyədək şərtləri qəbul etməmişik və etməyəcəyik də. Müstəqillik və özünütəyin hüququndan geri çəkilməməklə bağlı mövqe, sadəcə, Təhlükəsizlik Şurasının yox, qarabağlı ermənilərin əksəriyyətinin qərarıdır. Bu isə o deməkdir ki, yaxın gələcəkdə müxtəlif situasiyalarla qarşılaşacağıq", - Araik Arutyunyan söyləyib.
O, çıxışına davam edərək yerli ermənilərlə Ermənistandakı bir çox siyasi qüvvələri və mass-medianı çılğına döndərmiş ifadələr söyləyib: "Azərbaycanın tərkibində olmaq istəmirik. Lakin Qarabağdakı ermənilər belə istəklə çıxış etsələr və ya burada kimsə Azərbaycana ineqrasiyanın tərəfdarı olarsa, öz vətəndaş hüquqlarından yararlanaraq mövqelərini açıqlaya bilərlər".
Arutyunyan onu da vurğulayıb ki, əgər iclasa yığışanların əksəriyyəti inteqrasiyaya tərəfdar olduqlarını desələr, "hətta yeni hökumətin formalaşmasına getməyə də razıdır".
Onun "inteqrasiyaya tərəfdar olanlar" ifadəsi, əslində, həm qarabağlı ermənilər, həm də Ermənistanın özündə problemin yekun həllini, hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti operativ-əməliyyat nəzartində olan Azərbaycan ərazilərinin ölkəmizə tam inteqrasiyasını arzulayanların sayının az olmamasına işarədir.
Araik Arutyanyanın bəyanatı Ermənistanda çox ciddi reaksiyaya səbəb olub.
İrəvanda çıxan "Hraparak" qəzeti separatçıların Bakıya təslim olmaq istəklərinin olduğunu yazır.
"Məsələ ondadır ki, martın 1-də Xocalıda keçirilən görüş ermənilərə konstruktiv görüş kimi təqdim olundu və qeyd edildi ki, yaxın günlərdə nəticəsi olacaq. Əslində isə həmin görüşdə Bakı inteqrasiya prosesinin alternativinin olmadığını, Laçın yolunda nəzarət məntəqəsinin qurulmasını, alternativ yollardan istifadəyə imkan verməyəcəyini bildirib", - qəzet yazır.
Qəzet öz mənbələrinə istinadən yazır ki, həmin görüşdən sonra Araik Arutyunyan və dəstəsi Bakının şərtlərini qəbul etmək, təslim olmaq haqda müzakirələr aparıb: "Lakin Ermənistanda müxalifət qüvvələr - xüsusilə də sabiq "Qarabağ klanı" - ona geri çəkilməməklə bağlı təzyiq edib. Bildiriblər ki, belə bir addım kütləvi etirazla qarşılanacaq. Araik bundan sonra fikrindən daşınıb, məhz buna görə Azərbaycan tərəfi Laçın yoluna alternativ olan torpaq yolun bağlanması qərarını verib. Silahlı insident də buna görə yaşanıb".

Xankəndidəki separatçılar bu arada yeni şərtlər irəli sürərək rəsmi Bakının nümayəndələri ilə növbəti görüşdən imtina ediblər.
Bunu separatçı rejimin yeni "dövlət naziri" Qurgen Nersisyan deyib.
"Görüş naminə görüşlər keçirə bilmərik. Görüşlər konkret məsələlərin müzakirəsi üçün olmalıdır. İndi top Azərbaycan tərəfdədir, hamı Azərbaycanı öz öhdəliklərini yerinə yetirməyə vadar etməlidir. Yalnız bundan sonra problemlərin müzakirəsi üçün oturub danışıqlar apara biləcəyik. Azərbaycanla tam əks maraqlarımız var. Bakı müharibənin nəticələrindən və müharibədən sonrakı vəziyyətdən istifadə edərək mümkün qədər çox tələblər irəli sürməyə çalışır. Lakin bizim də qırmızı çizgilərimiz var və hansı məsələlərin müzakirə oluna biləcəyini, hansıların müzakirə olunmayacağını göstəririk", - Q.Nersisyan söyləyib.
Nersisyan "Qarabağ probleminin həlli üçün istənilən danışıqlara hazır olduqlarını" da vurğulayıb və bu sözlərlə guya danışıqların tərəfi olduqlarını göstərməyə çalışıb. Buna baxmayaraq, danışıqlarda "balansın saxlanılması, beynəlxalq status alması və nəticənin olması üçün" üçüncü tərəf və tərəflərin iştirakından da bəhs edib.
Q.Nersisyan bu açıqlamaları ilə A.Arutyunyanın iclasdakı bəyanatlarının İrəvanda yaratdığı şok effekti və qalmaqalları səngitməyə çalışıb.
Çünki A.Arutyunyan faktiki olaraq Xankəndidəki rejimin rəsmi Bakı ilə ciddi danışıqlarla müzakirələrə və qarabağlı ermənilərin Azərbaycana inteqrasiyasına hazır ola biləcəklərinə işarə vurub.
Ermənistanda isə A.Arutyunyanın açıqlamalarını müxalifət xəyanət kimi dəyərləndirib.
Sadiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov hətta Araik Arutyunyanın dərhal həbs olunmasını tələb edib: "Bəyəm, bu, xəyanət deyil?! Arutyunyan bütün mümkün qırmızı çizgiləri keçdi!".
Onun sözlərinə görə, Arutyunyanın açqılamaları Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü siyasətin nəticəsidir.
Xankəndidəki separatçı rejimin sabiq "müdafiə naziri" Samvel Babayan isə tam əksinə, A.Arutyunyanı dəstəkləyib və hətta keçmiş Ağdərə rayonundakı Dəmirli yatağı üzərində nəzarətin total şəkildə Bakıya verilməsini istəyib.
Rəsmi İrəvan qarabağlı ermənilərin artıq geosiyasi yükə çevrildiyini, Ermənistanın fasiləsiz böhranlardan qurtulması yolunda ballast olduğunu dəfələrlə bəyan edib.
Nikol Paşinyan sözdə də olsa, bəyan edir ki, "Qarabağ məsələsi" artıq Azərbaycanın daxili işidir və qarabağlı ermənilərlə bağlı İrəvan əvvəllər olduğu kimi, genişmiqyaslı, müxtəlif səviyyəli və formatlı danışıqlar aparmaq fikrində deyil.
Xankəndidəki erməni separatçı rejim isə təlaşdadır. Başda Araik Arutyunyan olmaqla, "rəhbərlik" dərk edir ki, seçim yolu qalmayıb: ya rəsmi Bakının irəli sürdüyü və səsləndirdiyi şərtlər bütünlüklə qəbul ediləcək, ya da Azərbaycan öz ərazilərindəki silahlı ekstremist-terrorçu qrupları, dəstələri zərərsizləşdirmək üçün antiterror əməliyyatına başlayacaq.
Sözügedən əməliyyatsa lokal, qısamüddətli olacaq - separatçılar etiraf etmək istəməsələr də, bunu anlayırlar. Çünki onların hərbi əməliyyatlar aparmaq üçnü silah-sursatları, hərbi texnikası, artilleriyası faktiki olaraq yoxdur.
Azərbaycan hərbi-hava qüvvələrindən və PUA-lardan istifadə edəcəyi təqdirdə isə Ermənistandakı siyasətçilərin, məmurların və Xankəndidəki separatçıların "qarabağlı ermənilərin ordusu" adlandırdıqları silahlı birləşmələr olduqca qısa müddətdə məhv ediləcək.
Rəsmi Bakı separatçılıq yolu tutmuş vətəndaşlarına, yəni qarabağlı ermənilərə hələ ki, müzakirələr təklif edir, mövcud problemlərin danışıqlar masası arxasında çözülməsinə tərəfdar olduğunu bəyan edir.
Lakin situasiya indiki məcrada davam edərsə və separatçıların inadkarlığı səngiməzsə, Ermənistandan hazırda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə gizli yollarla silah-sursatın daşınması davam edərsə, Xankəndidəki separatçı rejim növbəti dəfə "Dəmir Yumruq"la üzləşəcək.
O yumruğun zərbələrinin nə qədər acı, ermənilər üçün fəlakətli olduğunu Araik Arutyunyan bilir.
Bildiyi üçün də hələlik üstüörtülü şəkildə ermənilərə anlatmağa, xatırlatmağa çalışır...


ÖNDERTV.ORG

Oxşar xəbərlər