Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü dünya mediasının diqqət mərkəzində
4-03-2023, 17:16
82

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü dünya mediasının diqqət mərkəzində

ÖNDERTV.ORG


Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, dünyanın müxtəlif ölkələrinin tanınmış KİV-lərində dərc olunmuş məqalələrdə qlobal səviyyədə yaşanan gərginliklərə baxmayaraq, 70-dən çox dövlətin nümayəndələrinin Bakıdakı Zirvə görüşündə bir araya gəlmələri Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin beynəlxalq aləmdə hörmətinin və nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Türkiyənin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsinə xüsusi diqqət ayırıblar.

Qardaş ölkənin Anadolu agentliyində yayımlanan "Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi" sərlövhəli məqalədə Azərbaycan Prezidentinin çıxışında dünyada neokolonializm meyillərinin artdığını vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub. Yazıda Prezident İlham Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirdiyi vurğulanıb.

"TRT Haber" kanalında yer alan "Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün üzr istə, o adalardan çıx" sərlövhəli yazıda dövlətimizin başçısının Qarabağın otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış etdiyi bildirilib, Azərbaycan Prezidentinin "Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır" ifadələri oxucuların diqqətinə çatdırılıb.
"Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə Fransaya çağırış etdi", - dövlətimizin başçısının Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışına dair "Yeni Şafak" qəzetində dərc edilən məqalə oxuculara bu sərlövhə ilə təqdim olunub. Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Fransadan müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb edib.

"Milad" qəzetində yayımlanan xəbərdə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündəki açılış nitqində Fransaya sərt etirazını bildirdiyi vurğulanıb. Yazıda Prezident Əliyevin çıxışından "Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq" ifadələri sitat gətirilib.

"Ensonhaber.com" saytı Prezident İlham Əliyevin Fransanın müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə üzr istəməsi barədə tələbinin bu ölkənin Prezidenti Emmanuel Makronun Afrika ölkələrinə səfərə başladığı dövrə təsadüf etməsinə diqqət çəkib. Dövlətimizin başçısının "Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir" fikrinin sitat gətirildiyi məqalədə bildirilib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib.
Türkiyənin "Yeni akit" və "Sondakika.com" və digər KİV-lərində yayımlanan xəbərlərdə də Prezident İlham Əliyevin Fransanın müstəmləkə və soyqırımı cinayətlərinə görə üzr istəməsi və cavab verməsinin vacibliyi barədə fikirləri geniş işıqlandırılıb.
Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, "Soyuq müharibə"nin sona çatmasından bəri dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib. Bundan başqa, xəbərlərdə Türkiyədə və Suriyada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinin Prezident İlham Əliyevin təklifi ilə Zirvə görüşünün iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildiyi, yaralananların tezliklə şəfa tapmasının arzulandığı da vurğulanıb.
Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü Rusiya KİV-lərinin də diqqət mərkəzində olub. Bu ölkənin "Lenta.ru", "Moskovskiy komsomolets", "Profil" nəşrləri Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışında Azərbaycan hökumətinin 2021-2022-ci illərdə Qarabağın bərpasına 4 milyard dollar ayırdığı, ölkəmizin bərpa işlərini öz vəsaiti hesabına həyata keçirdiyi, eləcə də bu il həmin məqsədlərə daha 1,7 milyon dollar vəsait ayrılacağı barədə fikirləri önə çəkilib.

Yazılarda bildirilib ki, Azərbaycan dövlətinin başçısı Qarabağda kənd və şəhərlərin sıfırdan - "ağıllı kənd" və "ağıllı şəhər" prinsipi ilə tikildiyini qeyd edib.
"TASS" agentliyinin Bakıda keçirilən Zirvə görüşündən hazırladığı informasiyalarda Azərbaycan Liderinin ölkəmizin Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyi, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayırması barədə bəyanatından bəhs edilir. Bundan başqa, Azərbaycan Prezidentinin Hərəkatın digər üzvlərini də bu təşəbbüsü dəstəkləməyə çağırdığı, eləcə də BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdiyi vurğulanıb.
Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi də Rusiya KİV-lərinin önə çıxardığı fikirlərdəndir.
Pakistan və Malayziya KİV-ləri də Qoşulmama Hərəkatının Bakı Sammiti barədə silsilə məqalələr yaymaqda davam edir. Bundan başqa, İndoneziyanın "Antara" xəbər agentliyi, habelə Çin portalları Zirvə görüşünü diqqət mərkəzində saxlayıb, mövzuya dair bir neçə xəbər yayıb.
Pakistanın "Associated Press" agentliyi, "Daily Times" qəzeti, "Pakistan Today" nəşrlərində yayılan informasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündəki çıxışına geniş yer verilib, dövlətimizin başçısının müxtəlif mövzularda səsləndirdiyi fikirlərdən sitatlar gətirib.
"Azərbaycan Prezidenti BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir" sərlövhəli məqalələrdə dövlətimizin başçısının Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyi barədə fikrini xüsusi vurğulanıb. Həmçinin Azərbaycanın ilk donor ölkə kimi Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədi daşıyan iki qlobal çağırışın hər birinə 1 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı qeyd edilib.
Bildirilib ki, Bakı Zirvə görüşündə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, rəhbər şəxsləri iştirak edib.
Məqalələrdə Prezident İlham Əliyevin COVID-19 pandemiyası ilə mübarizədə Qoşulmama Hərəkatının qlobal səyləri, Azərbaycanın pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi barədə fikirləri də əksini tapıb.
Dövlətimizin başçısının suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub-Cənub əməkdaşlığını daha da gücləndirmək istiqamətində fikirlərinə geniş yer verən Pakistan mediası yazır ki, Prezident Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verdiyini bəyan edib.
İndoneziyanın milli xəbər agentliyi "Antara" isə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü barədə Bahasa və ingilis dillərində bir neçə xəbər təqdim edib. Materiallarda Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olması barədə fikri xüsusi vurğulanıb. Prezident İlham Əliyevə istinadla qeyd olunub ki, indi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Məqalələrdə, həmçinin dövlətimizin başçısının "Fransanın Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq" fikrinə də yer verilib. Bundan başqa, Qoşulmama Hərəkatının COVID-19 pandemiyası ilə mübarizədə oynadığı roldan, pandemiyadan sonra bərpa prosesində Hərəkatın fəaliyyətindən danışılıb, Azərbaycanın bu işdə nümunəvi fəaliyyəti qeyd olunub.
Əlcəzairin "Algerie54.dz", "Al24news.com" portalları, həmçinin "fr.sputniknews.africa" saytı Prezident İlham Əliyevin Zirvə görüşündə xüsusilə Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı söylədiyi fikirlərə diqqət çəkib.
"Algerie54.dz" portalında "QH: Bakı Fransanı müstəmləkə cinayətlərini tanımağa çağırır", "fr.sputniknews.africa" portalında "Azərbaycan Fransadan "qanlı müstəmləkə cinayətləri" üçün üzr istəməsini tələb edir" sərlövhəli məqalələrdə dövlətimizin başçısının Fransanın törətdiyi müstəmləkə cinayətləri barədə fikirləri oxucuların diqqətinə çatdırılıb. Prezident İlham Əliyevin Fransanı müstəmləkə cinayətlərini tanımağa çağırdığı, Afrikada, Cənub-Şərqi Asiyada və digər bölgələrdə Qoşulmama Hərəkatına üzv ölkələrə qarşı törətdiyi qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə üzr istəməsinin vacibliyi barədə fikirlərinə yer verilib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü şəkildə dəstəklədiyini ifadə etməsi də xəbərlərdə xüsusi vurğulanıb. Yazılarda Zirvə görüşündə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının təsis sənədlərində əks olunduğu kimi, Fransa hökumətinə Yeni Kaledoniya xalqının, Fransanın dənizaşırı ərazi və departamentlərdəki xalqların hüquqlarına hörmət, törətdiyi soyqırımı aktlarını isə etiraf etməsinə çağırış ünvanladığı bildirilib.
"Al24news.com" portalı Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzarin Baş naziri Aymen Benabderrahmanı qəbul etməsindən yazıb, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü barədə ətraflı məlumat təqdim edib.
Serbiyanın aparıcı kütləvi informasiya vasitələri Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirləri geniş işıqlandırıb.
Bu ölkənin geniş oxucu kütləsinə malik gündəlik "Danas" qəzetində dərc olunan "Azərbaycan Prezidenti: Varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi" pandemiya ilə mübarizədə maneədir" sərlövhəli yazıda Prezident İlham Əliyevin bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdiyi qeyd olunur. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində mühüm rol oynadığını bildirib. Yazıda Prezident İlham Əliyevin hazırda dünyanın "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasına şahidlik etdiyini, Qoşulmama Hərəkatının BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğuladığı bildirilir.
"Rtv", "Politika", "Happy tv" kimi informasiya agentlikləri və xəbər portallarında yayımlanan yazılarda isə Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşündə Serbiyanı Baş nazirin birinci müavini, xarici işlər naziri İvitsa Daçiçin təmsil etdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin görüşdə bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verdiyini xatırlatdığı, tədbir iştirakçılarını həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdiyi bildirilir.
Yazılarda Prezident İlham Əliyevin Azərbaycanın Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün ilk donor ölkə kimi vəsait ayırdığını bildirdiyi, Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəklədikləri, eləcə də 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etdiyi vurğulanır.
Kubanın da media qurumları Qoşulmama Hərəkatının Bakı Sammitini diqqət mərkəzində saxlayıblar.
Bu ölkənin "Prensa Latina" xəbər agentliyinin saytında və "Escambray" qəzetində yayımlanan xəbərlərdə Kubanın Vitse-prezidenti Salvador Valdes Mesanın ən ciddi qlobal səhiyyə böhranlarından biri olan COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın virusla mübarizədə rolunu yüksək qiymətləndirdiyi vurğulanıb. Azərbaycanın Hərəkata sədrlik müddətində uğurlu iş apardığı, buna görə də mandatının daha bir il uzadılması barədə qərar qəbul edildiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda keçirilən Zirvə toplantısının Hərəkatın güclənməsinə töhfə verən mühüm tədbir olduğu bildirilib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının ən çox inkişaf etmiş və böyük potensiala malik ölkələrinin imkanları daha zəif olan ölkələrə kömək etmək üçün yardım fondu yaratmaq barədə təklifi və Azərbaycan hökumətinin bu fonda ilkin olaraq 1 milyon ABŞ dolları məbləğində vəsait ayırması xüsusi vurğulanıb.
"RadioReloj"un saytında isə Kubanın Vitse-prezidenti Salvador Valdes Mesanın bu radio kanalına verdiyi müsahibədə dövrümüzün qlobal sağlamlıq böhranlarından biri olan koronavirus pandemiyası zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən danışdığı qeyd edilib. Kubanın Vitse-prezidenti vurğulayıb ki, 2019-cu ildə Hərəkata rəhbərlik etdiyi vaxtdan bəri fəallığını qoruyan Azərbaycan bu dövrdə bir çox təşəbbüslər irəli sürüb və təşkilatın üzvləri ilə daim sıx təmasda olub.
İspaniyanın EFE xəbər agentliyi, ispandilli "SWI swissinfo.ch" nəşri, Argentinanın "Infobae" saytı da Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakı Sammiti barədə məqalələr dərc ediblər.
Yazılarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatının üzvlərinin daimi yeri olmasını təklif edib.
"BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun", - deyə Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündə çıxışında söylədiyi bildirilib.
Dövlətimizin başçısının BMT TŞ-də bir daimi yerin Qoşulmama Hərəkatına verilməli və quruma sədrlik edən ölkənin həmin yerə sahib olmalı olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıb.
Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin "səmərəsiz" olması, Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra edilməsi, digərlərinin isə heç vaxt yerinə yetirilməməsi ilə bağlı fikirləri də oxucuların diqqətinə çatdırılıb.
Yazılarda xatırladılıb ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib. Bu ölkə azad edilmiş ərazilərin yenidən qurulmasına bu il daha 1,7 milyard dollar sərmayə qoyacaq.
Məqalələrdə Azərbaycan Prezidentinin Fransa müstəmləkəçiliyi, bu ölkənin törətdiyi cinayətlərinə görə üzr istəmək və məsuliyyətini etiraf etmək barədə fikirlərinə də geniş yer verilib.
İspandilli "Monitor De Oriente" portalı Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşündə söylədiyi "yeni dünya düzəni yenidən formalaşmaqdadır" fikrinə diqqət çəkilib. Dövlətimizin başçısına istinadla bildirilib ki, indi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Vurğulanıb ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının artan neokolonializm meylini aradan qaldırmaq üçün səylərini birləşdirməli olduğunu bildirib və Qoşulmama Hərəkatının Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədiyini bəyan edib.
Sayt dövlətimizin başçısının çıxışından bu sitatı gətirib: "Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".
Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında Afrika qitəsi ölkələrinə də daimi yerlərin verilməsi ideyasını dəstəkləməklə yanaşı, Qoşulmama Hərəkatına da bir daimi yer verilməli olduğunu bildirib.
Bundan əlavə, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığı və indiki reallığı əks etdirmədiyi, Təhlükəsizlik Şurasının effektiv olmaması ilə bağlı fikirlərini də oxucuların diqqətinə çatdırıb.
Moldovanın "Noi" xəbər portalında dərc olunan məqalədə isə Prezident İlham Əliyevin Fransa ilə bağlı söylədiyi fikirlər yer alıb. "Əliyev: Fransa qanlı müstəmləkə cinayətlərinə görə üzr istəməlidir", - sərlövhəli məqalədə qeyd olunur ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləyib.
Məqalədə Prezident İlham Əliyevə istinadla yazılır ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.
Braziliyanın Dövlət Televiziya və Radio Agentliyi Qoşulmama Hərəkatının martın 2-də Bakıda keçirilən COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü Azərbaycandan birbaşa yayımlayıb.
Əhalisinin sayına görə dünyada altıncı yerdə qərarlaşan Braziliyanın tamaşaçılarına Azərbaycanın bu mötəbər təşkilatda sədrliyindən və fikir ayrılıqlarına baxmayaraq, dünyanın bir çox ölkələrini bir gündə Bakıda toplamasından bəhs edilib. Nümunəvi lider olan Prezident İlham Əliyevin COVID-19 pandemiyasının ağır fəsadlarını aradan qaldırmaq üçün yorulmadan çalışdığı, təşəbbüslər irəli sürdüyü vurğulanıb.
Xəbərlərdə Afrika ölkələrinə xüsusi diqqət və qayğının göstərildiyi də diqqətə çatdırılıb.
Küveyt "q8-press" portalında AZƏRTAC-ın xəbərinə istinadla yayılan məqalədə oxuculara Zirvə görüşü, bu mötəbər tədbirdə iştirak edən dövlət və hökumət başçıları, müzakirə olunan məsələlər haqqında ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamlara da toxunulub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Hərəkatın son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrildiyini, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış etdiyini bildirib. Azərbaycanın dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ilin mayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb, bu tədbirdə məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınıb.


ÖNDERTV.ORG

Oxşar xəbərlər