Cənubi Koreyada Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO
25-02-2023, 14:13
93

Cənubi Koreyada Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTO

ÖNDERTV.ORG

24 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Sonsuz Dəhliz” sənədli filminin nümayişi həyata keçirilib. 
Səfirliyin yerləşdiyi Seul şəhərinin Yonqsan Rayonu Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində baş tutmuş tədbirdə səfirliyimizin heyəti ilə yanaşı, Seuldakı diplomatik korpus təmsilçiləri, Koreyanın hökumət rəsmiləri, akademik və ictimai dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Koreyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar iştirak ediblər.
Səfir R.Həsənov açılış nitqində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsindən danışıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb. Səfir Azərbaycan xalqının Xocalı Soyqırımının acısını yaşadığını və bu acının unudulmayacağını bildirib. 
44 Günlük Vətən Müharibəsindən sonra ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıb. Xocalı Soyqırımının artıq beynəlxalq məsələyə çevrildiyini bildirən səfir R.Həsənov, sözügedən soyqırımının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınması prosesindən bəhs edib. Bu xüsusda, litvalı yaradıcı heyət tərəfindən ərsəyə gətirilmiş və bir sıra qlobal mükafatlara layiq görülmüş “Sonsuz Dəhliz” kimi filmlərin Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə verdiyi töhfənin əhəmiyyətindən danışılıb. Daha sonra “Sonsuz Dəhliz” sənədli filminin nümayişi həyata keçirilib.
Tədbirin keçirildiyi zalın foyesində üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan kampaniya çərçivəsində “Xocalıya Ədalət” şüarının əks olunduğu banner yerləşdirilib, tədbir iştirakçılarına Xocalı Soyqırımı barədə təbliğat materialları paylanılıb.

ÖNDERTV.ORG

Oxşar xəbərlər