Gündəm
28-11-2024, 23:13
246
Sağlam düşüncəli şəxsiyyət yetişdirmək vəzifəmizdir
ONDERTV.ORG
Mustafa Kamal Atatürkün dilimin əzbəri olan bir sözü var: “ Yer üzərində gördüyümüz bütün gözəlliklər qadınların əsəridir”. Bəzən o qadınlar zəhmətsevərliyi, zəkası, zərafəti, biliyi və bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu cahanı...Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır...
Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, səmimi və içdən natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, şərəflə daşıdığı Müəllim adı ilə, şam kimi öz ömrünü əridərək yandırdığı İşıqla cəmiyyətimizdə qadın adına daha bir ucalıq bəxş edən gözəl bir türk xatunundan – Xaçmaz rayonu İstisu qəsəbəsi tam orta məktəbin direktoru Aygün xanım Behbud qızı Hüseynovadan bəhs edəcəyəm…
Aygün müəllimə ilə ilk tanışlığım rayon tədbirlərindən birində olmuşdu. Patriot çıxışı ilə iştirakçıları asanlıqla ələ aldı və sonda yümruğunu yuxarı qaldıraraq o böyük tezisi səsləndirdi: “ Qarabağ Azərbaycandır”.
- Aygün müəllimə, özününzü oxucularımıza təqdim edin.
- Mən, Aygün Behbud qızı Hüseynova 1980-cı ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 1986-1997-ci illərdə Sabunçu rayonunun 96 nömrəli tam orta məktəbdə almış və elə həmin il ADPU-nin tarix fakültəsinə qiyabi daxil olmuşam. 1999-cu ildə Sabunçu rayonu 107 nömrəli tam orta məktəbdə uşaq birliyinin rəhbəri, 2003-cü ildən sonra isə tarix müəllimi kimi çalışmışam. 2016-cı ildən Xaçmaz rayonunda yaşadıqdan sonra Dədəli kənd tam orta məktəbində tarix müəllimi, 2019-2022-ci ildən Ağaverdioba kənd orta məktəbində həm tarix müəllimi, həm də direktor işləmiş, 2022-ci ilin martında isə DİM imktahanından keçərək İstisu qəsəbə tam orta məktəbinə direktor təyin olunmuşam.
- Müəllim olmaq öz arzunuzmu?
Bəli. Şablon bir cavab olsa da, öz istəyim ilə seçdiyim və sevdiyim peşə olub və nə yaxşı ki, məhz müəllimlik peşəsini seçmişəm. İlk əmək fəaliyyətinə başladığım Sabunçu rayonu 107 nömrəli tam orta məktəbin direktoru Brilyant Cavadova gənc müəllimlərə böyük stimul olurdu. Mən bir gənc müəllim kimi daim onun qayğısını hiss etmiş və yararlanmışam.
Bu gün qazandığım bütün uğurların başında həmin dəstək durur. Tez- tez təlimlərə qoşulur və sertifikatlar əldə edirdim.
Xəzər universitetinin nəznində fəaliyyət göstərən " potensial məktəb direktoru" kurslarında iştirak etmişəm. Yəni gələcəkdə məktəb direktoru olmaq üçün tam hazır idim.
-Şəhərdə böyümüş, təhsil almış və işləmiş biri üçün rayonda yaşamaq çətin olmadımı?
-İlk aylarda çətinlik çəkdim. Şəhərin səs-küyündən çıxıb tam sakitliyə düşdüm. Sinifdə şagird sayı az, dərs demək rahat idi. Kiçik kollektivə tezliklə uyğunlaşa bildim. Öyrəndiklərimi və əldə etdiyim yenilikləri şagirdlərə çatdırmaqdan zövq alırdım.
Dədəli kənd tam orta məktəbindən sonra Ağaverdioba məktəbi, daha sonra isə İstisu qəsəbə tam orta məktəbində məktəb direktoru.
-Aygün müəllimə, bir az gülməli alinsa da mən sizi " Çalıquşu" əsərinin Fəridəsinə oxşatdım.
-Tam doğru söylədiniz. İstisu qəsəbə nə qədər beynəlmiləl olsa da, məktəb o qədər köhnə idi. 1939-cu ildən istifadəyə verilmiş,istismar müddətini başa vuran binada dərs keçmək,şagirdlərin təlim tərbiyəsi ilə məşğul olmaq çox çətin idi.
-Yeni məktəbin tikintisinə "yağış" səbəb oldu.
Bəli. Ötən ilki güclü yağışlara dam örtüyü dözməmiş,sinif otaqları su altında qalmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil idarəsinin rəisi Coşqun Əliyev binaya baxış keçirdilər və lazımı instansiyalara məlumat verdilər.
Məktəbin kollektivi isə Xudat şəhər 4 nömrəli tam orta məktəbə köçürüldü. Şagirdlərin dərsə aparıb gətirilməsi üçün avtobuslar ayrıldı.
-Yeni məktəb binasının tikintisinə nə vaxt başlanıldı?
2024-cü ilin mart ayının 1- də tikintiyə başlanıldı və altı aya möhtəşəm məktəb binası ərsəyə gəldi.
Məktəbimizdə Azərbaycan və rus bölməsi olmaqla 315 şagird təhsil alır. Məktəbin açılışı 2024-2025-cı tədris ilinin ilk gününə düşdü və təhsil müəssisəsinin açılışında Təhsil Nazırı Emin Əmrillayevin müavini Firudin Qurbanov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba- Xaçmaz Regional Təhsil idarəsinin rəisi Coşqun Əliyev və digər qonaqlar iştirak edirdi.
Hal-hazırda məktəbimizdə 315 şagirdin təlim- tərbiyəsi ilə 37 müəllim məşğul olur. Müəllimlərimiz savadlı, işinin öhdəsindən bacarıqla gələn pedaqoqlardır.
-Bu gun bir pedaqoq kimi deviziniz nədir?
Mən düşünürəm ki, bu günun şagirdi dünənkindən çox fərqlıdır. Ona görə də, çalışmalıyıq ki, sağlam düşüncəli şəxsiyyət yetişdirək. Düzdür, bu tək müəllimin işi deyil, şagirdin böyüdüyü ev, düşdüyü mühit də sağlam olmalıdır. Bir sözlə, valıdeyin –müəllim münasibətləri əsasında yetişdirilən şagird şəxsiyyət kimi formalaşa bilir.
-2024-2025-ci il Azərbaycan “ Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.
Sentyabrın 18-də “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnstitutunun nümayəndələri arasında onlayn görüş keçirilib. Görüş zamanı Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, “RASIT” tərəfindən Azərbaycan 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib.
Görüşdə Azərbaycanın “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” mövzusuna həsr edilmiş loqo da təqdim olunub.
“Elmdə Qadın və Qızların Dünya Paytaxtı” kimi elm sahəsində çalışan qadın və qızların elmi tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və eləcə də regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
-Aynur müəllimə, gənclərimizə tövsiyyəniz nədir?
-Gənclik insan həyatinin ən gözəl çağıdır. Amma, onu elə yaşamaq lazımdır ki, gələcək həyatında peşman olmayasan.
Bu günün gənci üçün geniş imkanlar var. Həm təhsil almasında, həm işləməsində. Ona görə də, bu şansları dəyərləndirmək lazımdır.
Maraqlı söhbət və səmimi münasibətə görə sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar diləyirəm!
Xoş arzularla...
Gülxar Rəhimli,
AJB-nin üzvü.
Xaçmaz.