Akmal Saidov: Ötən il Özbəkistanda aparılmış konstitusiya islahatları zamanı Azərbaycanın bu sahədəki təcrübəsindən istifadə olunub
24-01-2024, 19:18
96

Akmal Saidov: Ötən il Özbəkistanda aparılmış konstitusiya islahatları zamanı Azərbaycanın bu sahədəki təcrübəsindən istifadə olunub

ÖNDERTV.ORG







Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, Sahibə Qafarova Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini deyib.
Parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən söz açan S.Qafarova qanunverici orqanlar arasında münasibətlərin də yüksək səviyyədə olmasını, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Milli Məclisin sədri qeyd edib ki, qarşılıqlı səfərlər və müsbət dialoq münasibətlərimizin daha da genişlənməsinə töhfəsini verir. O, iki ölkənin parlamentarilərinin beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən Milli Məclisin sədri işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın tikdiyi məktəbin xalqlarımız və dövlətlərimiz arasındakı doğmalığın nümunəsi olduğunu da diqqətə çatdırıb.
O, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatlarının ölkəmizə qarşı qərəzli münasibətindən danışıb.
Görüşdə fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Akmal Saidov dost ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini söyləyib. O, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
A.Saidov Özbəkistanda ötən il aparılmış konstitusiya islahatları zamanı Azərbaycanın 2018-ci ildə bu sahədəki təcrübəsindən istifadə olunduğu barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
O, Milli Məclisin sədrinə Özbəkistan və Azərbaycan alimlərinin birgə əməyinin bəhrəsi olan tarix və mədəniyyət sahələrinə dair kitablar təqdim edib. Kitablarda ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin və təhlükəsizliyin qorunması, davamlı iqtisadi artım, müasir infrastrukturun yaradılması, enerji müstəqilliyinin təmin olunması, geniş sosial təminat proqramlarının həyata keçirilməsi, texnoloji tərəqqi və elektron hökumətə keçid və digər uğurlar təhlil olunub.
Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Oxşar xəbərlər