
Gündəm / Siyasət
1-05-2024, 13:33
319
1 MAY BAYRAMI ÖLKƏMİZDƏ NƏDƏN QEYD EDİLMİR.
1 May 120 ildən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Hələ 1919-cu ildə əməkçilərin 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi. Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu. Bəli, nə qədər paradoksal olsa da Rəsulzadə ilə başlayan bu Əmək, Sülh və Həmrəylik bayramı Elçibəylə bitdi. Elçibəy savadlı tarixçi idi, amma bildiyimiz kimi eyni sözləri ona siyasətçi kimi şamil etmək fikrimcə, bir az mübahisəlidir. Həmin dövrdə cəmiyyətdə dağılmış SSRİyə qarşı olan məlum neqativ münasibətin eyforiyası ilə bu bayram da 9 May bayramı kimi mərhum prezidentin bir yanlış sərəncamı ilə güdaza getdi. Sonradan 9 May Qələbə bayramı tariximizin inkaredilməz parçası kimi bərpa edilsə də artıq öklədə bərqərar olan kapitalizm mahiyyətli quruluş əsil adı Əmək bayramı olan, fəhlələrin həmrəyliyini ehtiva edən bu gözəl bayramı tabutdan çıxarmaq istəmədi və bu gün həmin bayramın mövcudluğunu xüsusilə uşaq və gənclərimiz heç bilmirlər də. Amma çox nahaq. ______ ETİBAR ƏLİYEV. 1 may 2024-cü il. (Vikipediya materialından da istifadə edilib).