Anastasiya Lavrina: Azərbaycanlı ruslar ölkənin müdafiəsinə qalxmağa həmişə hazırdır
8-01-2024, 11:22
77

Anastasiya Lavrina: Azərbaycanlı ruslar ölkənin müdafiəsinə qalxmağa həmişə hazırdır

ÖNDERTV.ORG







Azərbaycanlı ruslar ölkənin müdafiəsinə qalxmağa həmişə hazırdır.

ÖNDERTV.ORG xəbər verir ki, bu barədə Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina ABŞ-ın dövlət katibi Entoni Blinkenin bir sıra ölkələrin, o cümlədən Azərbaycanın hansısa etiqad azadlığı olmayan dövlətlər “siyahısına” daxil edilməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

A.Lavrina deyib: “Mən rus əsilli azərbaycanlıyam. Artıq 33 ildir ki, Cənubi Qafqazın 120 min etnik rusdan ibarət ən böyük rus icmasının mövcud olduğu ölkədə yaşayıram. 2023-cü ildə icmamız özünün 30 illiyini qeyd etdi. Bu illər ərzində Azərbaycanda etnik əlamətə görə və ya dini zəmində hüquqların pozulduğu heç bir hal olmayıb. Biz kilsəyə gedirik, bayramlarımızı qeyd edirik, öz dilimizdə sərbəst danışırıq, Vətənimiz Azərbaycanı səmimi-qəlbdən sevirik”.
Rus İcması sədrinin birinci müavini daha sonra deyib: “Azərbaycandakı ruslar ölkənin müdafiəsinə qalxmağa həmişə hazırdır. Bunun bariz nümunəsi 2020-ci ilin payızında baş vermiş 44 günlük müharibədir. Həmin vaxt bütün etnik qrupların nümayəndələri Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər. Birgə səylərimiz ilə ədalətin təntənəsinə nail olduq. Nəhayət, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Vahid bir yumruq kimi birləşən xalqımız öz gücü ilə ATƏT-in Minsk qrupunun bacarmadığını etdi. Yeri gəlmişkən, hər hansı beynəlxalq təşkilat deyil, məhz Amerika Birləşmiş Ştatları həmin qrupun üzvü idi. Dünya 30 ildən çox Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalının davam etməsi faktına göz yumdu. Azərbaycanın işğal altında olan torpaqlarında tarix-mədəniyyət və dini abidələrin məhv edilməsi də beynəlxalq ictimaiyyəti narahat etmirdi. Söhbət təkcə məscidlərdən deyil, həm də erməni işğalçılarının viran qoyduqları və ya özününküləşdirdiyi pravoslav məbədləri, alban kilsələrindən gedir.
1894-cü ildə əsası qoyulmuş və Azərbaycanın Xocavənd rayonunun mərkəzindən 13 kilometr aralıda yerləşən Rus Pravoslav Kilsəsindən qalan yalnız dağılmış divarlar, qalaq-qalaq xarabalıqlar və binanın yeganə sağ qalan fasadıdır. İşğal illərində erməni silahlı qüvvələri ziyarətgahı tamamilə məhv edib, 3 fasadı dağıdıb, bina praktiki olaraq viran qoyulub.
Digər misal Azərbaycanın Tərtər rayonunun Talış kəndində yerləşən və erməni işğalçılarının yanında hərbi hissə tikdiyi Rus Pravoslav Kilsəsidir. Bu məbədin binasında pəncərə yoxdur, bir neçə yerdə dam örtüyü uçub, divarlarda güllə və mərmi izləri aydın görünür.
İşğal dövründə Azərbaycan torpaqlarında 400-dən çox tarix-mədəniyyət və dini abidələr dağıdılıb, 67 məsciddən 64-ü yerlə-yeksan edilib və ya onlara əhəmiyyətli dərəcədə zərər verilib, ibadət məkanları təhqir olunub.
Eyni zamanda, müasir Ermənistanın ərazisində yerləşən Azərbaycanın qədim tarix-mədəniyyət abidələri də oxşar aqibətlə üzləşib. XX əsrin əvvəllərində Ermənistanda 300-dən çox məscid qeydiyyatdan keçmişdi və hazırda yalnız Göy məscid qismən toxunulmaz olaraq qalır ki, bu da orijinal xüsusiyyətlərin dəyişməsi nəticəsində “fars abidəsi” kimi təqdim olunur. Azərbaycanlılar XX əsrdə Ermənistandan kütləvi şəkildə deportasiya olunub və bu torpaqların Azərbaycana məxsus olduğunu göstərən bütün maddi sübutlar məhv edilib”.
Anastasiya Lavrina vurğulayıb ki, Azərbaycan vaxtilə Vatikan kitabxanasından bir neçə antik əlyazmaların, Roma katakombalarının, qədim freskaların bərpası təşəbbüsü ilə çıxış edib. O əlavə edib: “Azərbaycanın özündə pravoslav və alban kilsələri, sinaqoqlar, hətta erməni kilsəsi var. Vaxtında aparılan bərpa və daimi texniki qulluq bütün binaları yaxşı vəziyyətdə saxlayıb.
Mən ABŞ-ın dövlət katibi Entoni Blinkenə naməlum şəxsin hazırladığı təsdiqlənməmiş məlumatlara istinad etməzdən əvvəl Azərbaycanın demokratik cəmiyyətində təmsil olunan müxtəlif etnik qrupların həyatından real nümunələrə daha yaxşı nəzər salmağı tövsiyə etmək istərdim”.

Oxşar xəbərlər