ABŞ erməni lobbisi və ermənipərəst dairələrin diktə etdiyi hekayələri yaymaqda davam edir – ŞƏRH
7-01-2024, 19:37
48

ABŞ erməni lobbisi və ermənipərəst dairələrin diktə etdiyi hekayələri yaymaqda davam edir – ŞƏRH

ÖNDERTV.ORG

Amerika Birləşmiş Ştatları təxminən ötən ilin yayında başlatdığı Bakıya təzyiq xəttini davam etdirir. Əvvəllər dövlət katibinin köməkçisi vəzifəsini müvəqqəti olaraq icra edən Yuri Kimin məkrli bəyanatlarını dövlət katibinin hazırkı köməkçisi Ceyms O’Brayenin daha məkrli bəyanatları əvəz etdi. Amma sonradan bu dialoq tədricən bərpa olunmağa başladı. O’Brayenin Azərbaycana səfərindən və ABŞ Dövlət katibi Entoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Azərbaycan-Amerika dialoqunun normallaşdırılması imkanlarına dair telefon danışığından sonra belə bir ümid yarandı ki, hər halda ABŞ Azərbaycana münasibətdə davranış tərzini dəyişib və hər iki ölkənin maraqlarına cavab verən daha konstruktiv yola qədəm qoyub. Lakin təəssüflə qeyd etmək lazımdır ki, sonuncu bəyanat ABŞ-ın erməni lobbisi və ermənipərəst dairələrin diktə etdiyi hekayələri yaymaqda davam etdiyini və Azərbaycan əleyhinə daha çox cəfəng fikirlər yaydığını göstərir. Sonuncu bəyanat Azərbaycanda və regionda baş verənlərin spesifikasını tamamilə başa düşməyən Vaşinqtonun Bakıya təzyiq göstərmək cəhdinin təzahürüdür.
Bu barədə azərbaycanlı politoloq İlqar Vəlizadə Azərbaycanın “Dini etiqad azadlığının ciddi şəkildə pozulması və onlara dözümsüz münasibətin müşahidə olunduğu ölkələr siyahısına” daxil edilməsi ilə bağlı ABŞ Dövlət Departamentinin bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, taleyin istehzasıdır ki, sözügedən bəyanat Azərbaycanda da qeyd edilən pravoslavların Milad bayramı ərəfəsində verilib. Ölkəmizin Prezidenti Azərbaycan Respublikasının pravoslav vətəndaşlarına ənənəvi müraciətində onlara özünün son onilliklər ərzində həyata keçirdiyi xeyirxahlıq, sülh və tərəqqi arzulayıb. O xatırladıb ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev də pravoslav icmasının Azərbaycan cəmiyyətinin həyatında rolunu və əhəmiyyətini daim qeyd edirdi. Ekspert qeyd edib ki, ölkəmizin Prezidenti Azərbaycanın yəhudi icmasının nümayəndələrini də ənənəvi olaraq müvafiq dini bayramlar münasibətilə təbrik edir, bu, ölkədə çoxkonfessiyalı mühitin və dialoqun mövcudluğunu göstərir, Azərbaycanda dini zəmində heç bir problemin olmadığını sübut edir.
Agentliyin müsahibi vurğulayıb: “Bunu bir çox dinlərin liderləri də qeyd edirlər, onlar daim vurğulayırlar ki, Azərbaycan müxtəlif dinlərin və etiqadların mənsubları üçün maksimal əlverişli şəraiti olan ölkədir. Bununla belə, amerikalı xadimlər nüfuzlu dünya dini liderlərinin fikirlərinə etinasız yanaşırlar. Yeri gəlmişkən, Azərbaycan dəfələrlə dünya dinləri liderlərinin konqreslərinin keçirildiyi platformaya çevrilib, bu da onu göstərir ki, Azərbaycan cəmiyyəti tolerantdır və ölkəmizdə konfessiyalararası dialoq vətəndaş sülhünün və sabitliyin əsasıdır. Amerika tərəfi buna diqqət yetirmir. O, təəssüf ki, təkcə ABŞ Konqresində deyil, həm də göründüyü kimi, Dövlət Departamentində də kök salmış erməni xadimlərinin, ermənipərəst dairələrin qərəzli, məkrli çıxışlarına və bəyanatlarına önəm verir. Bu, əlbəttə, Azərbaycan-Amerika münasibətlərinə ciddi zərər verir, Birləşmiş Ştatların bizim regionda maraqlarına da mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, analoji praktika regionda vəziyyətin gərginləşməsinə xidmət edir, sülhə və sabitliyə əngəl törədir”.
Dövlət Departamentinin bu bəyanatının Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilməsi nəzərdə tutulan növbəti görüşə hazırlıq vaxtı verilməsi faktına diqqəti çəkən ekspert qeyd edib: “Hər halda bu görüş anons edilmişdi, amma Amerika tərəfi görünür ki, həmin görüşün baş tutmaması üçün əlindən gələni edir və bu, çox kədərlidir. Əgər Dövlət Departamentində yaranmış vəziyyəti adekvat və obyektiv şəkildə qiymələndirsəydilər, onda başqa nəticələr çıxarar, ifadələrində daha ehtiyatlı olardılar”.
Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni əhalisinə münasibətinə toxunan politoloq bildirib ki, Bakı bu insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsiplər əsasında Azərbaycan cəmiyyətinə reinteqrasiyasına hazır olduğunu dəfələrlə bəyan edib. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş vətəndaşlar olmalıdır. Amma həmin şəxslər könüllü olaraq bundan imtina ediblər və bu məsələdə Azərbaycanın heç bir təqsiri yoxdur. Təqsirkar olan onları bu addımı atmağa vadar edən separatçı ünsürlərdir.
“Bu səbəbdən həmin məsələdə bütün iddialar göstərilən şəxslərə, dairələrə ünvanlanmalıdır, lakin Birləşmiş Ştatlar bunu başa düşmürsə, onda Dövlət Departamentinin özü və bu siyasəti həyata keçirənlər günahkardır. Ümidvar olduğumuzu bildiririk ki, Dövlət Departamentində yaranmış vəziyyəti və təkcə Azərbaycan dövlətinin deyil, həm də cəmiyyətin bu bəyanata mənfi münasibətini nəzərə alaraq müvafiq nəticələr çıxarılacaq, onlar öz davranış tərzini dəyişərək Azərbaycanda baş verən proseslərə daha obyektiv qiymət verəcəklər”, - deyə politoloq sözlərinə yekun vurub.

Oxşar xəbərlər