Qulu Əsgərovun 95 illiyi qeyd olunmuşdur.
30-12-2023, 14:23
57

Qulu Əsgərovun 95 illiyi qeyd olunmuşdur.


Qulu Əsgərov deyəndə ilk növbədə özünəməxsus yanıqlı səs tembri və ifa tərzi olan xanəndə və opera ifaçısı göz önünə gəlir. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda Seyid Şuşinski və digər xanəndələrin ifaçılıq ənənələrini uğurla mənimsəyən xanəndə sonralar muğam, xalq mahnıları və opera əsərlərini eyni məharətlə ifa etməyi bacarırdı.
O, bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla ifa edirdi. Bunlardan əlavə Qulu Əsgərov xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir. Onun yaradıcılıq bioqrafiyasında Xalq Çalğı Alətləri ansamblına rəhbərlik dövrü də olmuşdur.Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışdığı zaman Azərbaycan bəstəkarlarının dillər əzbəri olan ən məşhur operalarında baş və əsas rolların mahir ifaçısı kimi o, ifa etdiyi obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl pefaqoq olmuşdur. Əməkdar, yaxud xalq artisti titullarının ardınca qaçmayan bu insanın adı gələndə xalq onu xalqın artisti kimi anlayır və qəbul edir.
Dekabrın 29-da Bakıda Beynəlxalq Muğam Mərkəzində Məşhur muğam və opera ifaçısı (lirik-dramatik tenor), bəstəkar, xanəndə və pedaqoq Qulu Əsgərovun  anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi. 
Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn gecədə Qulu Əsgərovun repertuarından da incilər səsləndi. Zalın tam dolu olması insanların bu xanəndənin yaradıcılığına olan münasibətinin göstəricisi idi.

ETİBAR ƏLİYEV. 29 dekabr 2023-cü il. Bakı.

Oxşar xəbərlər