Bakıdan qlobal çağırışlara qətiyyətli cavab - Dünya Azərbaycanla razılaşır
5-07-2023, 18:31
110

Bakıdan qlobal çağırışlara qətiyyətli cavab - Dünya Azərbaycanla razılaşır

ÖNDERTV.ORG

Azərbaycan bu gün təkcə regionun yox, dünyanın aparıcı beyin mərkəzlərindən birinə çevrilməkdədir. Artıq bir çox qlobal məsələlər məzh Bakıda müzakirə edilir, həlli yolları Azərbaycanın paytaxtında axtarırılır.

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu, beləcə, onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarmaqdadır. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Artıq bu gün çox rahatlıqla deyə bilərik ki, Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edən əsas aktorlardan biridir. Bu mənada Qoşulmama Hərəkatını misal göstərmək olar. Belə ki, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu mərhələsini yaşadı və bu gün hər kəs Bakının nə qədər önəmli bir işin öhdəsindən gəldiyini dilə gətirməkdən çəkinmir.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə təşkilata sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlar bu gün QH-yə üzv dövlətlər tərəfindən də qeyd edilir. Məhz Bakının bu istiqamətdə gördüyü işlər, atdığı addımlara cavab olaraq ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu və bu yolda bir addım da geri çəkilmədi.

Buna ən yaxşı bariz nümunə kimi koronavirus pandemiyası zamanı dünyada baş verənləri qeyd etmək olar. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, Azərbaycanın səyləri nəticəsində bu çağırışla mübarizədə qlobal imkanları birləşdirən məhz Qoşulmama Hərəkatı oldu.

Artıq bu təşkilat 3-4 il əvvəllə müqayisədə çox aktualdır və Qoşulmama Hərəkatının yekdilliyi onun əhəmiyyətini hər ötən gün daha da artırır. Təsadüfi deyil ki, bu gün Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirdiyi kimi, bu yolun davamı olaraq indi də olduqca qlobal əhəmiyyətli məsələlərin, hadisələrin ədalətlilik prinsipi əsasında həll edilməsi yolunda aktiv siyasətindən geri çəkilmir.

Buna misal olaraq növbəti dəfə Bakıda təşkil edilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda Nazirlər görüşünü göstərə bilərik. Bu gün Azərbaycan tək meydana çıxan regional çağırışlara yox, eyni zamanda qlobal əhəmiyyətli çağırışlara da səssiz qalmayacağını bir daha nümayiş etdirmiş oldu.

Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Necə ki, bu gün də eyni ilə buna şahid olduq. Dövlət başçısının bu gün Avropanın mərkəzində özünü "demokratiyanın beşiyi" adlandıran Fransada islamofobiya, irqi ayrı-seçkiliyi özündə əks etdirən 17 yaşlı əlcəzairəsilli gəncin polislər tərəfindən qətlə yetirilməsinin dövlətin müstəmləkəçilik siyasəti ilə bir bağlılığı olduğunu, məntiqi davamlılığını izah etməsinə təşkilata üzv dövlətlərin nazirlərinin və digər nümayəndələrinin zaldan eşidilən dəstək sədaları bir daha düşünməyə əsas yaradır ki, Azərbaycan öz haqqını müdafiə etdiyi kimi, dünyadakı digər xalqların da hüquqlarını müdafiə etməkdə tam haqlıdır və bu missiyanın da öhdəsindən gəlir.

Azərbaycan haqsızlığa, beynəxalq hüquqa zidd olan, olacaq istənilən çağırışa qarşıdır. Necə ki, Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr qəbul edildi.

Azərbaycanın bu fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilməyə başlanılıb. Artıq bir vaxtlar rəsmi Bakıya təzyiqlər göstərən qurumlar, beynəlxalq təşkilatlar bu gün Azərbaycanın siyasi xəttinə, onun tutduğu yola qibtə edirlər. Bu gün Bakıda işinə başlayan Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı fərqli siyasət adamlarının dedikləri belə düşünməyə əsas yaradır.

BMT-nin Baş katibi Antonio Quterreşin təşkilata ünvanladığı məktubda qeyd etdiyi "Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyanın üzləşdiyi çağırışların həllinə, müzakirəsinə töhfə verib", - fikirləri də təsdiq edir ki, artıq bütün dünya hər ötən gün daha çox nəyinki Azərbaycanın 44 günlük müharibə ilə regionda yaratdığı reallığı, eyni zamanda qlobal miqyasdakı fəaliyyətini də görür, qəbul edir və başqa yol buraxmır.

Əsas və ən vacib olaraq onu da qeyd edək ki, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı
 mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Bu məqamı bu günkü konfransda çıxışı zaman Prezident İLham Əliyev də xüsusi olaraq qeyd etdi.
 



ÖNDERTV.ORG

Oxşar xəbərlər