"Ulu Öndər həyatda olsaydı, cənab Prezident İlham Əliyevlə qürur duyardı" - Emil Əkbərov
15-10-2022, 14:13
135

"Ulu Öndər həyatda olsaydı, cənab Prezident İlham Əliyevlə qürur duyardı" - Emil Əkbərov

"Bu gün möhtəşəm zəfər sevincini bizə yaşadan cənab Prezident İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 19 il ötür. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, gələcək inkişafına və tərəqqisinə səs verdi".
Bu sözləri "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.
O vurğulayıb ki, cənab Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk günlərdən başlayaraq, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində, əsasən də ordu quruculuğu sahəsində uğurlu islahatlar həyata keçirilib:
"Məhz 19 il ərzində ordu quruculuğu sahəsində atılan addımlar, aparılan islahatlar nəticəsində Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü bərpa edərək 30 illik işğala son qoydu. Cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan regionda güc sahibinə çevrilən, hər bir cəbhədə düşmənlə mübarizədə qalib tərəfdir.
Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Hesab edirəm ki, cənab Prezident İlham Əliyevlə dövlətimiz bundan sonra da yeni uğurlara imza atacaq və regionda öz mövqeyini qoruyub saxlayacaq. Əminəm ki, bu gün Ulu Öndər Heydər Əliyev həyatda olsaydı, cənab Prezident İlham Əliyevlə qürur duyardı".
Aysel Yusifqızı
ÖNDERTV.ORG

Oxşar xəbərlər