Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq
16-09-2022, 14:30
146

Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan təmas xəttində ermənilər tərəfindən törədilən hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübuta yetirdi. 
Azərbaycan dövləti 10 noyabr 2020-ci il üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq hər zaman hər cürə bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyannaməsindən imtina etməsi anlamına gəlir. Kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyan ağır məğlubiyyətə uğradı. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərdə də Azərbaycanın milli maraqları nəzərə alınaraq Avropa İttifaqının rəsmisi tərəfindən bəyanatlar səsləndirildi.
Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını  bildirmişdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də  sonradan bu razılaşmanı yerinə yetirmədiyi açıq aşkar göründü. Bu gün Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Ermənistanın baş naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir. 
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə və ermənilərin xaricdəki havadarlarına xəbərdarlıq etmişdir ki, əgər Azərbaycana qarşı nəinki silahlı təxribat, hətta təxribat xarakterli bəyanatlar versələr belə, nəticəsi çox ağır olacaq.
Ermənilərin törətdikləri son hərbi təxribatın qarşısını Azərbaycan Ordusu aldı və Ermənistan ordusunun təmas xəttinə yaxın və daha dərinliklərdəki hərbi texnika larını və xeyli sayda canlı qüvvələrini məhv etdi. Həyata keçirilmiş uğurlu əks hərbi əməliyyatlar nəticəsində Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb.  Bu gün Ermənistan rəhbərliyi bütün dünyaya car çəkirki guya Azərbaycan Ordusu Ermənistan  ərazisinə daxil olub. Ermənistan bu yalana heç kimi inandıra bilməz.  Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər hələ delimitasiya və demarkasiya olunmayıb. Azərbaycanın hüququ var ki, öz ərazisinin təhlükəsizliyini təmin etmək üçün bu ərazilərdə bufer zona yaratsın. Bu gün Azərbaycan Silahlı Qüvvələri Xankəndidən Ermənistana və Qafandan İrəvana gedən bütün yollara nəzarət edir.
Ermənistan rəhbərliyinin bu təxribatlara əl atmasının arxasında bir sıra məkrli niyyətlər dayanır. Ermənistan təxribat törətməklə vaxt uzatmaq və sülh sazışının imzalanması prosesini pozmağa çalışır. Əslində ermənilərin bu yolla vaxt uzatmaları onların əleyhinə işləyir və Azərbaycan Ordusu tərəfindən bu təxribatların qarşısı çox sərt şəkildə alınıb. Nəticədə yüzlərlə erməni hərbiçisi Azərbaycan Ordusu tərəfindən məhv edilib və milyard dollarlıq hərbi texnikaları, yaratdıqları hərbi infrastrukturlar və hərbi hissələr Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilib. Onsuz da dilənçi və rəzil gündə yaşayan Ermənistana bu hərbi hissələri yenidən qurmaq üçün uzun illər lazımdır. 
Ermənistanın siyasi rəhbərliyi hələ bir neçə ay bundan əvvəl bu təxribatlara hazırlıq görürdü. Laçın və Kəlbəcər rayonları ilə sərhəddə çox saylı hərbi  texnika cəmləşdirir, burada yeni hərbi hissələr yaradır və hərbi qulluqçuların sayını artırırdı. Azərbaycan tərəfi ermənilərin təxribata əl atacağını əvvəldən bilirdi. Çünki 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri ilə bu dəfəki təxribatlar eynilik təşkil edirdi. Tovuz istiqamətində ermənilərin hərbi texnika cəmləşdirməsi və  müharibəyə  hazırlaşmaları  barədə ölkəmiz bütün beynəlxalq təşkilatlara müraciət etmişdir. Lakin beynəlxalq təşkilatlar Ermənistana heç bir təzyiq göstərmədilər.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan dövlətinə qarşı irimiqyaslı hərbi təxribata əl atdı. Azərbaycan Ordusu əks həmlə ilə Ermənistan ordusunu darmadağın etdi. Ermənistanın hərbi infrastrukturu və çox sayda hərbi qüvvəsi məhv edildi. Şəhid generalımız Polad Həşimov başda olmaqla Azərbaycan oğulları ermənilərə qəhrəmanlıq, mərdlik dərsi verdi. Tovuz hadisələri zamanı ermənilərin əsas məqsədi beynəlxalq təşkilatları və ölkələri bu münaqişəyə cəlb etmək, Qarabağ  və Şərqi Zəngəzur torpaqlarını işğalda saxlamaq idi. Lakin onların bu arzusu da puç oldu. Azərbaycanın apardığı mübarizə haqq işi idi və beynəlxalq hüququn prinsiplərinə söykənirdi. 
Bu il sentyabrın 12-dən 13- nə keçən gecə Ermənistan hərbçilərinin Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları ilə sərhəddə törətdikləri təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən daha sərt və tutarlı həmlə ilə alındı. Azərbaycan ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə təhdid törədən hərbiçilərimizin və mülki vətəndaşlarımızın həyatına təhlükə yaradan bütün hərbi infrastrukturunu məhv etdi.
Bu gün Ermənistan  təəssüf ki, Azərbaycan dövlətinin gücünü və qüdrətini düzgün qiymətləndirə bilmir. Ermənilər başa düşməlidilər ki, Azərbaycan kimi siyasi-iqtisadi-hərbi cəhətdən qüdrətli dövlətə qarşı hərbi təxribatlar törətmək onlara çox baha başa gələ bilər. Onlar bunu Aprel döyüşləri və Vətən müharibəsində anlamalı idilər. Təəssüflər olsun ki, Ermənistan bu gün reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına dəyəndə yenə də bütün dünyaya yalvarmağa başlayırlar. Sonuncu təxribat zamanı da igid oğullarımız düşməni yenə də diz çökdürdü. 7 saatlıq döyüşlərdə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini və hərbi texnikalarını yerlə yeksan etdi. İlkin məlumatlara görə ermənilər tərəfindən ölənlərin sayı ən azı 150-200 nəfərdir. Bu hərbi qələbəmiz ilə Azərbaycan bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa bunun cavabı çox ağır olacaq.
Kamilə Əliyeva,
Milli Məclisin deputatı, professor

ÖNDERTV.ORG       

Oxşar xəbərlər