Ermənistan regionda sülhə və sabitliyə təhdidlər yaratmaqda davam edir - Deputat
4-08-2022, 23:32
99

Ermənistan regionda sülhə və sabitliyə təhdidlər yaratmaqda davam edir - Deputat

Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində baş verən insidentin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatə əsasən, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması və qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi təmin edilməli idi, lakin təəssüflər olsun ki, Ermənistan öz xislətinə uyğun olaraq hələ də bu öhdəliyini yerinə yetirməyib və regionda sülhə və sabitliyə təhdidlər yaratmaqda davam edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, baş verən son hadisələr bir daha göstərdi ki, Ermənistan sülhü deyil, təxribatlara davam etmək yolunu seçib.
“Ermənistan tərəfi müntəzəm olaraq Azərbaycan ərazisində təxribatlara əl atır, qanunsuz erməni silahlı dəstələri ordumuzun mövqelərini atəşə tutur. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, erməni təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Bu baxımdan 3 avqust tarixində baş vermiş qanlı insidentin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan həmişəki kimi öz öhdəliklərini yerinə yetirmək əvəzinə təxribatlara əl atır, pozuçu fəaliyyətlə məşğul olur.
Son hadisələr bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu aydın şəkildə göstərir. Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olması üçün əməkdaşlığın vacibliyini bəyan edir, sülh təşəbbüsləri ilə çıxış edir, Ermənistan isə bu təşəbbüslərə təxribatlarla cavab verir, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində səylərə ciddi zərbə vurur. Bu cür təxribatçı əməlləri ilə Ermənistan eyni zamanda beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik edir”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, Ermənistan anlamalıdır ki, bu cür təxribatçı əməlləri, qeyri-konstruktiv mövqüeyi ilə heç nəyə nail olmayacaq, əksinə, özünü daha çətin vəziyyətə salacaq. “Görünür Ermənistan 44 günlük müharibədən yaxşı dərs çıxarmayıb və “Dəmir yumruğ”un zərbəsini yenidən almaq istəyir.
Ermənistan rəhbərliyi və revanşist dairələr bilməlidirlər ki, Azərbaycan heç zaman öz ərazisində Ermənistan qoşunlarının və qanunsuz erməni silahlı dəstələrinin mövcudluğu ilə razılaşmayacaq, Azərbaycan ərazilərinin təhlükəsizliyi üçün müvafiq tədbirləri bundan sonra da davam etdirəcək. Ermənistan nə qədər tez öz qoşunlarını və qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən geri çəksə onlar üçün bir o qədər yaxşı olar”, - deyə deputat əlavə edib.

Oxşar xəbərlər