Necə olur ki, ABŞ vətəndaşlarına Ermənistanda heç bir təhlükə yoxdur, Azərbaycanda var?
6-08-2022, 11:44
62

Necə olur ki, ABŞ vətəndaşlarına Ermənistanda heç bir təhlükə yoxdur, Azərbaycanda var?

Birləşmiş Ştatların Dövlət Departamenti ötən ayın sonunda (avqustun 29-da) Azərbaycana səfərlə bağlı öz vətəndaşlarına olan tövsiyələrini yeniləyib. Belə ki, ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini üçüncü (narıncı) səviyyədə göstərib və vətəndaşlarına COVID-19-la bağlı məhdudiyyətlər və terror təhlükəsi təhdidi ilə əlaqədar bizim ölkəmizə səfər planlarını yenidən baxmağa çağırır. 
Qonşu ölkə Ermənistanla bağlı tövsiyəyə baxdıqda isə biz belə bir xəbərdarlığın olmadığını görürük və təbii ki, bu da müəyyən suallar yaradır. Azərbaycan və Ermənistanda COVİD-19 yoluxmaların statistikasına nəzərə yetirsək xəbərdarlığın qərəzli olmasına dair şübhələr bir qədər artır. Belə ki, Azərbaycanda son həftə ərzində koronavirusa yoluxma halları 2931, Ermənistan isə bu rəqəm 2329 olub. Göründüyü kimi rəqəmlər bir-birinə yaxındır. Lakin Dövlət Departamentinin Ermənistana səyahətlə bağlı tövsiyəsində koronovirusla bağlı heç bir xəbərdarlıq yer almayıb. Bundan əlavə, Ermənistana dair tələblər sonuncu dəfə aprelin 25-də yenilənib. Maraqlıdır ki, Azərbaycandan fərqli olaraq Ermənistanla bağlı səyahət məsləhətləri birinci səviyyədədir və bu ölkədə ABŞ vətəndaşlarına heç bir təhdidin olmadığı qeyd olunur.

Diqqətçəkən başqa bir məqam isə Ermənistana aid bölmədə ABŞ vətəndaşlarına Qarabağa səfər etməməyə dair tövsiyələr də yer alır və bu məlumatlar aprel ayının 25-dən yenilənmir. ABŞ Dövlət Departamenti Azərbaycana aid olan əraziyə dair xəbərdarlığı niyə Ermənistana dair bölmədə yerləşdirir? Bunu qoyduq kənara. Məgər departament Azərbaycanın rəsmi icazəsi olmadan heç bir xarici ölkə vətəndaşının Qarabağa səfərinin qanunsuz olduğunu bilmir? Bu barədə xəbərdarlığı niyə müvafiq hissədə yerləşdirmir?
Başqa maraqlı bir nüans isə Azərbaycana dair tövsiyələrin məhz avqustun 29-u yeniləməsidir. Belə ki, bu tarixdən bir neçə gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransa qatılmaqdan imtina etmişdi. Bu isə Azərbaycan rəsmiləri, cəmiyyətinin kəskin etirazına səbəb olmuşdu. Təbii ki, səfirlik bu barədə yuxarı rəhbərliyi - Dövlət Departamentini məlumatlandırıb. Lakin buna baxmayaraq, departament öz tövsiyəsini yeniləməkdən çəkinməyib. Bütün bunları isə ABŞ-ın ölkəmizə qərəzli münasibətin və Azərbaycana münasibətdə nümayiş etdirilən ikili standartların bariz təzahürü kimi dəyərləndirmək olar.

Azərbaycanla bağlı belə yalan, cəfəng məlumatların yayılması ABŞ-da böyük nüfuza malik erməni lobbi təşkilatlarının və Azərbaycana qarşı digər düşmən mövqedə duran qüvvələrin fəaliyyətinin bir hissəsi ola bilər. Azərbaycan rəsmi şəkildə ən yüksək səviyyədə onun ərazisində Dağlıq Qarabağ adından inzibati vahidin olmadığını bəyan edib. Lakin buna baxmayaraq xəbərdarlıqda yenə də Dağlıq Qarabağ ifadəsinin işlədilməsini təxribat kimi dəyərləndirmək olar.
Təbii ki, həqiqətlə heç bir bağlılığı olmayan, reallığı əks etdirməyən belə məlumatların yayımlanması ilə Azərbaycanın dünyada günbəgün artan gücünə və qüdrətinə zərbə vurulması məqsədi güdən bu cür həmlələr puç olacaqdır. Əminliklə demək olar ki, Azərbaycanda təhlükəsizlik və davamlı sabitlik tam şəkildə təmin olunur.


ÖNDERTV.ORG       

Oxşar xəbərlər