Moskva və ABŞ Laçın yolunda mövqeyini “birləşdirdi” - ATƏT-də gərgin müzakirələr
20-01-2023, 09:43
110

Moskva və ABŞ Laçın yolunda mövqeyini “birləşdirdi” - ATƏT-də gərgin müzakirələr

ÖNDERTV.ORG

ÖNDERTV.ORG xəbər verir ki, hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov "Yeni Müsavat"a bildirdi ki, Ermənistan siyasi-hərbi rəhbərliyi son vaxtlar xeyli aktivləşib: "Başda Nikol Paşinyan olmaqla, onlar o qədər bəyanatlar verirlər ki, bəzən dünən dediklərini bu gün artıq təkzib edirlər, ya hadisələri reallıqdan uzaq şərh edirlər. Ötən həftələrdə Nikol Paşinyan mətbuata verdiyi açıqlamasında sülh müqaviləsini yadına salıb demişdi ki, o, Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Və şərti də bu olmuşdu ki, həmin müqavilə rəsmi Moskvanın təşəbbüsləri nəzərə alınmaqla hazırlansın. Görəndə ki, Azərbaycan bu hərzənin və boşboğazın növbəti qeyri-ciddi bəyanatına reaksiya vermir, bir gün əvvəl "val"ı deyişib, bu dəfə Brüssel görüşlərindəki guya şərtlərlə sülh müqaviləsindən dəm vurub. Paşinyanın ardınca xarici işlər naziri Mirzoyan da hansısa Qarabağ sakinlərinin üzləşdiyi "blokada"dan danışır. Bunlar heç özləri nə danışdıqlarının fərqində deyillər. Təki beynəlxalq aləmə tirajlamağa çalışdıqları yalanları bol eləsinlər". Ü.Cəfərov təəssüflə qeyd etdi ki, beynəlxalq birlik bir sıra hallarda erməni saxtakarlığına istinadən fəaliyyət göstərir: "Hələ ki bunların erməni hiyləsi həm BMT, həm də ATƏT məkanlarında nəticə olmasa da, "işləməkdə" davam edir. Özləri də yaxşı bilirlər ki, Laçın yolu açıqdır və bu müddət ərzində 500-dən çox avtomobil oradan ərzaq və yanacaq aparıb gətirib. Heç bir humanitar fəlakətdən və problemdən söhbət belə gedə bilməz. Siyasi hoqqabazlıqları bunları o qədər həvəsə gətirib ki, yalanlarını danışmaqdan yorulmurlar. Dəfələrlə deyilməsinə baxmayaraq, bunlar guya bölgədə iqtisadi məqsədlər üçün bir çox ölkələrin maraqlarına cavab verən Zəngəzur dəhlizinə imkan verməyəcəklərini yenə bəyan ediblər. Ancaq bilir və başa düşürlər ki, bu dəhliz açılmalıdır və açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Hələ ki Ararat Mirzoyan da, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bəzi bleflərini davam etdirirlər. Arada da Laçın yolundan danışmaqla rəngləri tündləşdirməkdə də davam edirlər". Polkovnik qeyd etdi ki, Azərbaycan hələ ki onların yalanlarını ifşa edə bilir: "Amma düşünürəm ki, biz bir qədər taktikanı dəyişməli və şərtlərimizi sərtləşdirməliyik. 44 günlük Zəfər savaşından sonra səsi çıxmayan Ermənistan və havadarları son vaxtlar sanki qudurublar. Onlara yerlərini göstərmək və oyun qaydalarına əmək etməyə məcbur etməyimiz lazımdır. ABŞ da ermənilərin yalanlarını təkrarlayır. Bu isə dünyanın ən böyük ölkəsi üçün utancverici hal olmalıdır. Bir sözlə, yaxın günlərdə öz siyasətimizi bu istiqamətdə sərtləşdirməsək, bizim özümüzə qarşı çox xoşagəlməz təzyiqlər və böhtanlar daha da çoxalacaq".
Siyasi şərhçi, Azad Vətən Partiyasının sədri Akif Nağı bəzi qüvvələrin erməni saxtakarlıqları üzərindən siyasət yürütdüklərini təəssüflə vurğuladı: "Azərbaycan dəfələrlə Laçin yolunun bağlanmadığına, magistralın hərəkət üçün sərbəst olduğuna, aksiya iştirakçılarının beynəlxalq normalara, özəl haqlarına uyğun olaraq, göstərilən ərazilərdə ermənilərin mədənləri qanunsuz istismar etmələri, ekoloji cinayətlər törətdiklərinə qarşı mövqe nümayiş etdirdiklərinə dair açıqlamalar verib. Hesab edirəm ki, biz bu xəttə axıra qədər əməl etməli, ermənilərin bütün cəhdlərini neytrallaşdırmalıyıq. Ermənistan da vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışır. Bunun üçün lobbiçilik fəaliyyətindən geniş şəkildə istifadə edir. Qeyd etdiyiniz kimi, məsələ ATƏT-də müzakirə olundu, ABŞ və Rusiya təxminən eyni mövqedən çıxış etdi, eyni zamanda Avropa Parlamenti ermənipərəst qətnamə qəbul etdi, ABŞ dövlət katibi Blinken də ermənilərə sərf edən açıqlama verdi. Bütün bunlar bizim üçün tanışdı, 30 il ərzində bu mövqenin şahidi olmuş, ağrılarını yaşamış, sonda şəhidlətimizin qanı bahasına nəticəmizə nail olmuşuq". A.Nağı əlavə etdi ki, indi vəziyyət fərqlidir, biz üstün mövqedəyik: "Bu mövqeyimizi saxlamaq üçün hər şeyi etməli, dinc aksiyaları davam etdirməliyik. Bizə qarşı qəbul edilən qətnamələri zibil qabına atmalı, açıqlamalara heç bir fikir verməməliyik. Bu aksiyalar istismar olunan mədənlərə nəzarət əldə olunana, Laçın yolunda postlarımız qurulana qədər davam etməlidir. Dinc aksiyalar kifayət etməsə, hərbi əməliyyatların üçüncü mərhələsinə başlamalıyıq".
Təəccüblü həm də budur ki, Ukrayna məsələsində toqquşan Rusiya və ABŞ-ın, həmçinin Avropanın ayrı-ayrı dairələrinin erməni məsələsində mövqeləri üst-üstə düşmür və bu, çox əcaibdir. Düzdür, Qarabağın işğalda olduğu dönəmdə bunu dəfələrlə müşahidə etmişik. ABŞ, Rusiya və Fransa Azərbaycan ərazilərinin işğaldan azad edilməsini özündə ehtiva edən BMT TŞ-nin 4 qətnaməsinə səs versələr də, sonrakı dönəmlərdə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyünə bitərəf qaldılar, həmçinin Qarabağ separatçılarına osetin, abxaz separatçılarından fərqli münasibiət sərgilədilər. Ukrayna müharibəsindən sonra isə ABŞ Rusiyanı "terrorçu dövlət" kimi təqdim etsə də, erməni məsələsində onunla həmfikirdir. Faktiki olaraq erməni məsələsində "bir çətir altına" toplaşıblar. AVP sədri bu xəttin illərdir davam etdirildiyini vurğuladı: "Əlbəttə, diqqəti çəkən odur. Əvvəlki 30 ildə də qeyd edilirdi ki, ABŞ və Rusiya yalnız Qarabağ məsələsində eyni mövqedən, yəni Ermənistanın mövqeyindən çıxış edirlər. İndi həmin proses davam edir. Moskva və Vaşinqton Ukrayna və digər məsələlərdə düşmən, yalnız Azərbaycan-Ermənistan məsələsində həmrəy mövqedən çıxış edir. Bu, onların həqiqi xislətini göstərir".
ÖNDERTV.ORG

Oxşar xəbərlər