Ermənistandan NÖVBƏTİ FƏLAKƏT hazırlığı - YENİ SAVAŞ an məsələsidir...
5-01-2023, 21:07
89

Ermənistandan NÖVBƏTİ FƏLAKƏT hazırlığı - YENİ SAVAŞ an məsələsidir...

ÖNDERTV.ORG


2022-ci ildə Azərbaycan bütün diplomatik imkanlardan istifadə edərək Ermənistanla nə qədər sülh müqaviləsini imzalamağa çalışsa da, buna nail olmadı. Laçın yolunda isə azərbaycanlı fəalların keçirdiyi aksiya davam edir. Artıq 24 gündür ki, vətəndaş cəmiyyəti nümayəndələri, QHT üzvləri ekoloqların aksiyası öz işini görür. 
İlin sonunda Ermənistan mənbələri məlumat yaydılar ki, Azərbaycana məxsus "Dəmirli" və "Qızılbulaq" yataqlarının istismarı, yağmalanması prosesi dayandırılıb. Bəli, bu məsələ rəsmi təsdiqini tapmadı və məlumdur ki, separatçılar tərəfindən yayılan bir məlumatdır. 
Nəzərə alsaq ki, bizim aksiya iştirakçılarının əsas tələblərindən biri o qızıl yataqlarında işlərin dayandırılması idi, amma eyni zamanda işlərin dayandırılmasından savayı Ekologiya nazirliyinin və müvafiq strukturların nümayəndələrinin getməsi və baş verənlərlə yerindəcə tanış olması idi. Lakin biz görürük ki, qarşı tərəf bunun üçün Azərbaycana nəinki münasib şərait yaratmaq barədə düşünür, əksinə olaraq qondarma rejim və Ermənistan Xankəndidə "humanitar böhran" vəziyyətini daha da dərinləşdirməkdə maraqlıdır. 
Nikol Paşinyanın ilin sonunda etdiyi açıqlamalar arasında Ermənistanın Qarabağ ermənilərinə 10 milyon dollar yardım ayırdığını elan etməsi rəsmi İrəvanın Bakını növbəti dəfə təxribata çəkərək eskalasiya riskini artırmaq cəhdindən başqa bir şey deyil. Çünki hələ oktyabrda Praqa görüşü zamanı Ermənistan elan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda başqa bir dövlətin ərazisindəki etnik ermənilərə yardım göstərmək cəhdi Nikol Paşinyan rejiminin növbəti saxtakarlığının nümunəsidir. Bu açıqlama ilə Ermənistan baş naziri bir daha təsdiq edir ki, onun verdiyi vəd, atdığı imzanın heç bir çəkisi, heç bir əhəmiyyəti yoxdur, çünki ilk növbədə özü öz sözünə, imzasına hörmət etmir. 
Biz eyni analoji addıma elə bu gün də təkrar şahid olduq. "Böyük bacısı" Emanuel Makronun, Qərbdəki erməni dairələri ilə sıx əlaqədə olan qurumların şirin vədlərinə arxayınlaşaraq Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün Andrey Volkovun rəhbərlik etdiyi sülhməramlı kontingenti BMT-nin beynəlxalq qoşun birlikləri ilə əvəz etmək məqsədilə Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyətini yarıtmaz, bacarıqsız adlandıraraq, onların təcili olaraq bölgədən çıxarılmasına hesablanan çıxışlarında hətta hədə və təhdidə kimi gedib çıxan Nikol Paşinyan nədənsə birdən-birə valı dəyişməli oldu. 
Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürdüyü sənədi geri çəkməyə məcbur olması azmış kimi düşmən KİV-lərinin yaydığı məlumata görə Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməyəcəyini açıq şəkildə rəsmi İrəvana bəyan etməsi Nikol Paşinyanın keçmiş vərdişini işə salması ilə nəticələndi. 
Belə ki, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmamağı tövsiyə etməsi azmış kimi, Parisin İrəvanın təhlükəsizliyi məsələsində məsuliyyətli tərəf ola bilməyəcəyini açıq bildirməsi Nikol Paşinyanın yenidən Rusiyanın qucağına yıxılmasına səbəb oldu. 
İki ayda üç dəfə qərar dəyişikliyinə gedən Ermənistan baş naziri bunu siyasi manevr hesab edirsə, yanılır. Çünki hələ Soçi görüşü zamanı Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin müddətinin uzadılmasını təklif edən Nikol Paşinyan ilin sonuna doğru sülhməramlı kontingentin bölgədən çıxarılmasını tələb edən sərt çıxışları ilə diqqət mərkəzinə düşdü.
İndi yenidən rəsmi İrəvan mövqe dəyişikliyinə getdi. Paşinyan bu gün etdiyi açıqlamada bildirib ki, "Üçtərəfli razılaşmaya görə, Laçın dəhlizinə nəzarətin məsuliyyəti birbaşa Rusiyanın üzərinə düşür". 
Bu isə o deməkdir ki, Fransanın Ermənistanın təhlükəsziliyinə cavabdehlik daşımayacağını bəyan etməsindən sonra Paşinyan yenidən şansı Kremlin qapısında axtarmaq qərarına gəldi. Rəsmi İrəvan bununla Moskvaya bildirmiş olur ki, Ermənistan Rusiyadan müvafiq addımlar gözləyir.
Amma Rusiyaya tez-tez "adaxlı" dəyişən, sözü ilə əməli üst-üstə düşməyən, hər gecə bir ağasının qapısında yatan Ermənistan lazım olacaq kimi görünmür. Moskva çox yaxşı bilir ki, Ermənistanın hazırki hakimiyyəti ilə bir addım da olsun irəli getmək mümkün olacaq iş deyil. Odur ki, destruktiv mövqeyi ilə bölgədə eskalasiya riskini artıran Ermənistan hərbi-siyasi rəhbərliyinə indiki məqamda Kremlin ən böyük cəzası Azərbaycanın atacağı addımlara mane olmamaq, proseslərə neytrallığını qoruyaraq, baş verəcək hadisələri müşahidəçi qismində izləmək ola bilər. 
Nikol Paşinyanın etdiyi bütün hərəkətlər defakto ona gətirib çıxardı ki, bu gün artıq Azərbaycan 24 gündür ki, Laçın yolundadır və bundan sonra da Laçın yolunda olacaq. Paşinyanın Rusiyanı, KTMT-ni də tələyə salmaq cəhdlərinin uğursuz alınması nə ilk olacaq, nə də son. İrəvanın uğrusuz cəhdlərinin davamı gələcək və bunun Cənubi Qafqazda yeni müharibə ocağı yaratmağa kimi gedib çıxacağı istisna edilmir.
Ermənistan hazırda çalışır ki, regionu poliqona çevirsin. Bu, baş verəcəyi təqdirdə isə növbəti Rusiya-NATO qarşıdurması ola bilər ki, burada da İranın proseslərə yad qalacağı inandırıcı deyil. Ermənistan hərbi-siyasi rəhbərliyi necə ki, 44 günlük müharibə ərəfəsində hər şey etdi ki, müharibə başlasın, bugünkü hadisələr də əslində eyni ssenarinin təkrarıdır.
 


ÖNDERTV.ORG

Oxşar xəbərlər