
Gündəm
30-04-2025, 16:26
62
PEDAQOJİ UNİVERSİTETDƏ GÖRÜŞ
ONDERTV.ORG
Bu il (2025) apelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan Xeyriyyəçilik Tarixinin Ağa Musa Nağıyev Səhifəsi” mövzusuna həsr edilmiş elmi - praktik konfrans keçirildi.Tədbirin açılışını edən ADPU -nin Rektoru- Tarix elmləri doktoru, professor Cəfər Cəfərov Azərbaycanın inkişafında Bakı milyonçularının, o cümlədən mesenat-xeyriyyəçi Ağa Musa Nağıyevin fəaliyyəti ətrafında çıxış edərək, məni auditoriyaya, universitetin müəllim və tələbə heyətinə təqdim edərək, 85 illik yubileyim münasibətilə təşkil edilmiş görüşün “FƏXRİ QONAĞI” ödülü ilə təbrik etdi.
ADPU -nin dosenti,Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun A.M.Nağıyevin fəaliyyəti ilə bağlı detallı məruzəsi də diqqəti çox cəlb etdi.
Tədbirin gedişatında A.M.Nağıyevin sahibkarlığından, xeyriyyəçiliyindən və ictimai işlərindən,eləcə də irsin davamçısı olaraq, bu sahədə göstərdiyim 33 illik fəaliyyətim nəticəsində aşkara çıxartdığım faktlar haqqında, atamın - Fərəc Nağıyevin həyat və yaradıcılığından da geniş danışıldı.
Tədbirdə iştirak edənlər: - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-in sədri Bahar Qasımova, Həkim Kosmetoloq Məlahət Dadaşova, Ə.B.Haqverdiyev şəcərəsinin tədqiqatçısı, istefada olan polkovnik Eldar İsmayılov və qızım Könül Muxtarova “Milli Dəyərlərin Qorunması” İB-in sədri çıxışları tədbir iştirakçılarının marağına səbəb oldu.
ADPU-nin dekanı, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Asif Axundov neft sahibkarı A.M.Nağıyevin xalq üçün etdiklərini və mənim həyata keçirdiklərimi qiymətləndirib, xoş sözlər ünvanladı.
Kimya elmləri doktoru, professor Əli Zalov çıxışında belə bir məqam açıqladı: “Gənclərə vətəni sevdirməyə deyil, vətəni tanıtmağa çalışın, onlar özləri vətəni sevəcəklər” və qeyd etdi ki, elə Dilarə xanımın gördüyü bu işlər bizim gənc tələbələrimizə Vətəni tanıtmaq üçün qiymətli bir mənbədir.
Görüş zamanı gənc tələbələrin çıxışları - fəallıqları, tariximizə, ölkə nailiyyətlərimizə və gələcəyimizə verə biləcəkləri töfhələr- Azərbaycanın daha da güclənib - çiçəklənəcəyinə bir daha əminlik yaratdı.
Tədbirin yüksək səviyyədə təşkilinə görə ADPU -nin Rektoru, professor Cəfər Cəfərova dərin minnətdarlığımı bildirərək, “AĞAMUSA ZİRVƏSİ” Diplomu təqdim etdim. ADPU –nin dosentləri:- Siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundova və Tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərova da “AĞAMUSA ZİRVƏSİ” Diplomları təqdim edildi. Tədbirin keçirilməsində zəhməti keçən müəllim və tələbə kollektivinə təşəkkürlərimizi bildirdik.
