
Gündəm
26-04-2025, 16:25
199
Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə tədbir keçirdi.
ONDERTV.ORG
Aprelin 25- də Quba- Xaçmaz Regional Mədəniyyət İdarəsinin MİHİ sədrinin rəhbərliyi 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə tədbir keçirdi.Tədbir ümumi müzakirə və diskusiya şəraitində keçdi.
Sonda tədbir iştirakçıları sərgi olunan praşur və şüarlara baxış keçirdilər.
Əmək təhlükəsizliyi – bu günün və gələcəyin təminatıdır.
Hazırkı dövrdə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması bütün dünyada əmək münasibətlərinin əsas prioritetlərindən biri hesab olunur. Beynəlxalq statistikalar göstərir ki, hər il istehsalat sahələrində baş verən yüz milyonlarla bədbəxt hadisə nəticəsində milyonlarla insan həyatını itirir və ya xəsarət alır. On milyonlarla işçi isə peşə xəstəliklərinə tutulur.
Günümüzdə yeni iş yerlərinin açılması və istehsalatda yeni texnologiyaların tətbiqi ilə yanaşı, yeni peşə riskləri meydana gəlir. Bu isə risklərin düzgün idarə olunmasını və əməyin mühafizəsinə daha geniş və sistemli yanaşmanı zəruri edir.
Azərbaycan Respublikasında da bu sahədə mühüm addımlar atılır. Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsinin idarəetmə sistemi ildən-ilə daha da geniş tətbiq olunur. Əmək qanunvericiliyinə uyğun olaraq, işəgötürənlər həmkarlar ittifaqları ilə birgə işçilərin sağlamlığını qorumaq və təhlükəsiz əmək şəraiti yaratmaq üçün kompleks tədbirlər həyata keçirirlər.
Bu tədbirlərə sanitar-gigiyenik, müalicəvi-profilaktik və təşkilati-texniki həllər daxildir. Məqsəd – insan kapitalını qorumaq, iş qabiliyyətini saxlamaq və istehsalatda məhsuldarlığı artırmaqdır.
Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş normalar və standartlarla qorunur.
Əməyin mühafizəsi qaydalarına əməl olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 236-cı və 237-ci maddələrində nəzərdə tutulmuşdur. Bu məsələlərin həllində həmkarlar ittifaqları əmək kollektivləri adından çıxış edir və hesabat-seçki iclasları (konfransları) arasındakı dövrdə onların səlahiyyətlərini həyata keçirir.
Həmkarlar ittifaqları işçilərin istirahət və nahar fasilələri hüququnun təmin olunmasına nəzarət edir. İşçilərin həftəlik fasiləsiz istirahət günlərindən düzgün istifadə etməsi, iş şəraitinin əmək qanunvericiliyinə uyğun olması bu qurumların diqqət mərkəzindədir. Eyni zamanda iş yerlərində səsvermənin təşkili, iş günü hesab edilməyən bayram və Ümumxalq Hüzn günü qabağı iş saatlarının bir saat qısaldılması məsələlərinə ictimai nəzarət həyata keçirilir.
Həmçinin işçilərin hər iş ili üçün əmək məzuniyyətinə çıxmaq hüququ, onların əmək stajı və ümumi əmək şəraiti də həmkarlar ittifaqlarının daimi nəzarətində saxlanılır. Bütün bu fəaliyyətlər nəticə etibarilə işçilərin hüquqlarının qorunmasına, sağlam və təhlükəsiz əmək mühitinin yaradılmasına xidmət edir.
Beynəlxalq Əmək Təşkilatı (ILO) 2003-cü ildən etibarən 28 Aprel tarixini Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan etmişdir. Bu tarix həm də cəmiyyətin diqqətini insan həyatının və sağlamlığının dəyərinə yönəltmək, təhlükəsiz əmək şəraitinin əhəmiyyətini bir daha xatırlatmaq məqsədi daşıyır.
Unutmayaq: Əmək təhlükəsizliyi – rifahın və davamlı inkişafın əsas sütunlarından biridir.



