
Gündəm
17-01-2025, 11:55
151
Ötən 35 il: Azadlığımızın ilk müjdəçiləri
ONDERTV.ORG
XAÇMAZLI 20 YANVAR ŞƏHİDİ- ZAHİD ABDULLAYEV20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan millətin tarixində şərəfli bir səhifədir. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
O gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişdi, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə oldu.
Bu faciə əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir.
Qətlə yetirilənlərin əksəriyyəti xüsusi amansızlıqla öldürülmüşdür. Qara Yanvar nəticəsində 117 nəfər həyatını itirmiş, 744 nəfər yaralanmış,841 nəfər həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın , o cümlədən təcili yardım maşını , dövlət və xüsusi əmlak məhv edilmişdir.
Şəhid olanların arasında Xaçmaz rayonunun Yataq oba kəndindən olan Zahid Abdulla Abdullayev də var idi. Onun şəhidlik zirvəsinə ucalmasından 35 il keçir.
O,başından aldığı güllə yarasından yerindəcə keçinib.
Zahid Abdullayev orta təhsilini bitirdikdən sonra Bakıda maşınqayırma zavodunda fəhlə işləyirdi. O həmin vaxt ölkədə və Bakıda baş verən hadisələrə biganə qala bilmirdi, hər gün etiraz aksiyalarına qoşulur, Azərbaycanın azadlığı uğrunda əlindən gələni edirdi.
“20 Yanvar faciəsindən qabaq da Zahid ön sıralarda mücadilə edib. Mücadilə hissi Zahidin ruhunda idi, heç bir haqsızlığa boyun əyməzdi. Sözü üzə deyən, məzlumun tərəfində duran insan idi”.
O, indi doğulduğu Yataqoba kəndindəki məzarlıqda uyuyur. Xatirəsi əbədiləşdirilərək oxuduğu Uzunoba kənd məktəbinə Zahid Abdullayevin adı verilib. Hər il bütün tarixi günlərdə və şəhidin doğum və anım günlərində məzarı ziyarət olunur. Zahid Abdullayev adı məktəblilər üçün bir örnək, vətənpərvərlik məktəbidir.
Azadlığımızın ilk müjdəçiləri sırasında olan Zahid Abdullayevın adı hər bir xaçmazlı üçün müqəddəsdir.
1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması dövlər səviyyəsində həyata keçirilir. Onların uyuduğu Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur.
Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz olunması üçün həyata keçirdiyi siyasətin nəticəsidir, ki, torpaqlarımızın hər bir qarışı yağı düşməndən azad olunub, Milli Ordumuz düşmənin hər bir təcavüzünə layiqincə cavab verib, şəhid Vətən övladlrının qanı yerdə qalmayıb.
Allah bütün şəhudlərimizə rəhmət eləsin!
Gülxar RƏHİMLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“ Vətənim Azərbaycandır.az”




