Müqəddəs savaşdan usanmayacağımızı dünyaya nümayiş etdirdiyimiz gün
20-01-2024, 18:16
39

Müqəddəs savaşdan usanmayacağımızı dünyaya nümayiş etdirdiyimiz gün

ÖNDERTV.ORG


2024-cü il müasir Azərbaycan tarixində fövqəladə yerə və önəmə sahib olacaq. Ötən il xalqımız 30 illik ədalətsizliyə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə müvəffəq oldu. Bu gün biz möhtəşəm qələbə ilə başa çatan bu uzun və acılı yolun ilk anlarında - 34 il öncə baş verən, qanlı, ancaq qəhrəmanlıq tariximiz baxımından həm də şanlı bir tarixin növbəti ildönümünü qeyd edirik. 20 yanvar faciəsinin baş verməsindən bu yana ilk dəfədir ki, bu dəhşətli günün xatirəsini ərazi bütövlüyümüz, torpaqlarımızın bütünlüyü reallığında anırıq. 
20 yanvar şəhidləri həyatlarını məhz bu günə görə qurban ediblər. Görəsən onlar sinələrini güllə qarşısına verərkən, müstəqillik uğrunda özlərini Bakı küçələrinə soxulan tankların altına atarkən bu günün gələcəyini, üçrəngli bayrağımızın Xankəndidə dalğalanacağını bilirdilərmi? Şübhəsiz! İnsan özünü ali amallar uğrunda qurban verərkən, şəhidlik zirvəsinə ucalarkən bunu niyə etdiyini bilir, hiss edir, inanır. Allah bugünkü firavan həyatımız naminə canlarını fəda edən bütün şəhidlərimizə rəhmət etsin!
20 yanvar faciəsi Azərbaycan xalqının əzm və iradəsinin, yüksək amallarından dönməzliyinin, tarixi ədalətsizliyə boyun əyməyəcəyinin göstəricisi idi. 20 yanvar xalqımızın müqəddəs mübarizədən usanmayacağının nümayişi idi. Bu gün biz görürük ki, 20 yanvar həm də xalqımızın Zəfər gününün başlanğıcı idi. Xalqımızın həyatında əlahiddə çəki və önəmə malik olan və gələcəkdə olacaq Qələbəmiz təəssüf ki, qurbansız baş verə bilməzdi. Bu yolda canlarını ilk fəda edənlər məhz 20 yanvar şəhidlərimiz oldu. 20 yanvar faciəsi xalqımızın müqəddəs savaşdan imtina etməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Bu faciədən sonra Azərbaycan xalqının yorulub, qorxub mübarizəsini yarıyolda qoyacağını düşünənlər həmin dövrün ən sadəlöhv adamları olublar...
Azərbaycan xalqının başına müasir tariximizdə gətirilən faciələr, yaşadığımız qətliamlar 1990-cı ilin qanlı yanvar hadisələri ilə bitmir. Bu dəhşətli gündən sonra biz Qarabağda Xocalı soyqırımını yaşadıq, şəhər və kəndlərimizin işğalını, talan və viran edilməsini gördük. Yüzlərlə bacı və qardaşlarımız, ata-analarımız, körpələrimiz əsirlikdə zülm çəkib, məşəqqətlər yaşadılar. Biz bir xalq olaraq bunları unuda bilərdikmi? Biz dünyanın bu vəhşiliyə göz yummasına dözə bilərdikmi? Bəzilərinin xalqımızın yaşadıqlarından hətta həzz aldıqlarını həzm edə bilərdikmi? Bu gün onların gözləri bizim ərazi bütövlüyümüzü bərpa etməyimizi, yurdumuzda bayrağımızı ucaltdığımızı götürmür. İllər öncə isə başımıza gətirilən cinayətləri sadəcə tarixin gedişatı hesab edirdilər. Necə ki, bu ədalətsizliyə təslim olmayıb mübarizə apardıq, torpaqlarımızı azad etdik, elə də dədə-baba el-obamızı dirçəldəcəyik, əkdiyimiz ağaclarımız tezliklə bar verəcək, şəhər və kəndlərimizi ucaldacağıq, çoxalacağıq, bayrağımız daima dalğalanacaq, üzümüz güləcək. Tarix belə yazılır. Ruhunuz şad olsun, şəhidlər!
Elnur Allahverdiyev,
Milli Məclisin deputatı

Oxşar xəbərlər