BAKIDA İLK XALÇA FESTİVALI KEÇİRİLDİ.
6-05-2024, 23:48
392

BAKIDA İLK XALÇA FESTİVALI KEÇİRİLDİ.




4 may 2024-cü il tarixində İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirildi. İki gün davam edən Festivala  qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv tamaşa, yarmarka, muğam axşamı və konsert proqramı daxil idi.
Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilmişdi. Qız Qalasının qarşı tərəfində, Neftçilər prospektinin kənarında canlı güllərdən ibarət nəhəng xalı hazırlanmışdı. 
Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.
Ölkəmizdə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbi mövcuddur. Hər birinin də öz yeri, öz xüsusiyyəti var. Coğrafi mövqeyindən, məkanından asılı olaraq xalçalar mənsub olduqları yerlərə görə texniki xüsusiyyətləri, rəng seçimi və naxışları ilə fərqlənir. Festivalda bölgə xalçaçıları da geniş təmsil edilmişdilər.


ETİBAR ƏLİYEV 
5 may 2024-cü il














Oxşar xəbərlər