MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib
21-12-2023, 00:50
80

MSK-da dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib

ÖNDERTV.ORG

Dekabrın 20-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib.
ÖNDERTV.ORG xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iştirakçıları salamlayaraq dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilən Milli Fəaliyyət Proqramının MSK tərəfindən reallaşdırılan bütün maarifləndirmə layihələrinin əsas hüquqi bazasını təşkil etdiyini bildirib. 
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün ölkə üzrə bütün dairə və məntəqə seçki komissiyalarının geniş imkanlar və əlverişli şəraitlə təmin olunduğunu deyən MSK sədri seçkilərə hazırlıqla bağlı görülən işlər və atılan addımlar, habelə nəzərdə tutulan irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. 
O bildirib ki, Prezident seçkilərinin fevralın 7-nə təyin olunması ilə bağlı Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Ölkədəki seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir. Həmçinin seçkilər beynəlxalq təcrübələri öyrənərək daha da təkmilləşdirilir.
Məzahir Pənahov deyib: “Müşavirə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi daşıyır. Artıq uzun illərdir ki, bu cür tədbirlər həyata keçiririk”.

O əlavə edib ki, Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır: “Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, XİN beynəlxalq təşkilatları dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir”.
MSK sədri vurğulayıb ki, artıq beynəlxalq müşahidəçilərə dəvətlər göndərilib: “Buna görə də bizim beynəlxalq müşahidəçilik baxımından heç bir problemimiz olmayacaq. Prezident seçkilərində səsvermə prosesini müşahidə etmək üçün beynəlxalq təşkilatların nümayəndələrinə də dəvət göndərilir”.
Məzahir Pənahov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək: “Hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici düşür. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki siyahılar dəqiqləşdiriləcək. Seçkilərin şəffaf keçirilməsi üçün bütün digər vasitələrlə yanaşı, veb-kameralardan da istifadə olunacaq. Bu məqsədlə bütün ölkə coğrafiyasını əhatə edən 1 000 seçki məntəqəsində veb-kameralar quraşdırılması nəzərdə tutulur. Azərbaycanın istənilən vətəndaşı hər hansı bir səbəbdən aid olduğu seçki məntəqəsindəki siyahıya daxil edilməyibsə, MSK-ya müraciət edə bilər. Eyni zamanda, xarici ölkələrdə yaşayan vətəndaşların səs verməsi üçün konsulluqlara və səfirliklərə göstərişlər verilib”.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, bu gün Azərbaycan seçki qanunvericiliyinə, demokratikliyinə, şəffaflığına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir: “Ölkəmizdə indiyədək prezident, parlament, bələdiyyə seçkilərinin keçirilməsi bizə imkan verir ki, bu məsələni daha da irəliyə aparaq. Prezident İlham Əliyev bütün seçki məntəqələrində yerli və icra hakimiyyəti orqanlarına, ümumilikdə bütün aidiyyəti qurumlara qanunvericiliyə ciddi riayət olunması, seçki prosesinin demokratik və şəffaf şəkildə keçirilməsi, heç bir qanun pozuntusuna yol verilməməsi barədə tapşırıqlar verib. Ölkəmizdə seçkilərin hər dəfə şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayıb”.

O bildirib ki, müşavirə qarşıdan gələn seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından önəmlidir: “Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Əldə olunan bu nailiyyətlərdə yerlərdə seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür. Ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Buna görə də Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir”.
Prezidentin köməkçisi əlavə edib ki, bütün dünya işğaldan azad olunmuş ərazilərə insanların qayıdışını heyranlıqla izləyir. Artıq bu günədək keçmiş məcburi köçkünlər 5 yaşayış məntəqəsinə köçürülüb. Eyni zamanda, 20 mindən çox insan abadlıq-quruculuq işlərinə cəlb edilib. O bildirib ki, 2026-cı ilə qədər 35 minə yaxın ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi planlaşdırılır. Seçki dairə və məntəqələrinin yerini göstərən işarə və lövhələrin qurulması işləri də başa çatdırılacaq. Seçici siyahılarının hazırlanması seçkinin ən yüksək səviyyədə keçirilməsi üçün ən vacib şərtlərdən biridir. Məsələnin xüsusi əhəmiyyətini nəzərə alaraq qeyd etmək istərdim ki, hər zaman beynəlxalq müşahidəçilər seçici siyahılarının tam olmaması barədə öz etirazlarını bildirirdilər. Lakin Azərbaycanda kiminsə seçki hüququnun pozulması ilə bağlı bir dənə də nümunə yoxdur. 
2022-2023-cü illər ərzində ölkə ərazisində yerli icra hakimiyyətləri tərəfindən 2,4 milyon ev təsərrüfatına baxış keçirilib və məlumatları təhlil edilib. Qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi işi aparılıb. Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik şəxslərin sayı 1 milyon 143 min 620 nəfər və ya 22,1 faiz artıb. 2023-cü il dekabrın 9-na olan göstəricilərə əsasən 6 milyon 324 min 556 nəfər olub. Seçici sayının artması bir sıra daxili və xarici miqrasiya ilə əlaqələndirilir.
Prezidentin köməkçisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin səsverməsi də diqqət mərkəzindədir. Orada səsvermə olacaq binalar müəyyən edilib. 
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, müşavirələrin təşkili şəffaf və demokratik seçkilərin keçirilməsi işinə töhfə verir: “Əlbəttə, bu da şəffaflığın, ədalətin təmin olunması, qanunvericiliyin qorunması məqsədi daşıyır. Müasir Azərbaycanda seçkilərin, onun mahiyyətinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Ədliyyə nazirinin müavini Toğrul Musayev vurğulayıb ki, seçki prosesi cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında da keçiriləcək. Səsvermə günü seçki komissiyalarının üzvləri penitensiar müəssisələrin ərazilərində sərbəst hərəkət edə bilirlər. 
O bildirib ki, müvafiq məlumatları yoxlamaq üçün Mərkəzi Seçki Komissiyasının qərarı ilə ekspertlərdən ibarət işçi qrupları yaradıla bilər. Seçkilərlə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçəcək. Seçkilərin koordinasiya edilməsi, prosesə nəzarətin həyata keçirilməsi, operativ tədbirlərin görülməsi məqsədilə Xüsusi Qərargah yaradılıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib ki, Azərbaycan xalqı suverenliyini tam bərpa etdikdən sonra ilk dəfə seçkilərə hazırlaşır: “Növbədənkənar prezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm yer tutacaq”. Əli Hüseynli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qarşımıza hədəf olaraq qoyduğu seçki konfiqurasiyası, onun maddi-texniki bazası özünü doğruldub.
Daxili işlər nazirinin müavini İsmət Əliyev bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı Daxili İşlər Nazirliyində müvafiq tədbirlərə başlanılıb. Prezident seçkilərinin qanunvericiliyə uyğun təhlükəsiz şəraitdə keçirilməsi, ictimai asayişin qorunmasının təşkili məqsədilə nazirlik müvafiq tədbirlər planı hazırlayıb.
Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib ki, seçki qanunvericiliyinin tələblərinin pozulmasına yol vermiş şəxslər Baş Prokurorluq tərəfindən məsuliyyətə cəlb ediləcək. O bildirib ki, prokurorluq orqanları qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq ekspert qrupları ilə qarşılıqlı fəaliyyət həyata keçirəcək. Növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasında demokratik mühitin daha da inkişaf etməsinə təsir göstərəcək.
Elçin Məmmədov bildirib ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri əvvəlkilər kimi şəffaf şəkildə təşkil olunacaq. 
Onun sözlərinə görə, 2018-ci ildə keçirilən prezident seçkilərində qanunvericiliyin tələblərinin pozulmasına yol verilməsi ilə bağlı məlumat daxil olmayıb.
Müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb. 
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı maarifləndirmə proqramına start verib.
Seçki sistemi və praktikasının təkmilləşdirilməsi, seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının dekabrın 16-da keçirilən iclasında fərqli istiqamətlər üzrə əhatəli maarifləndirmə layihələrinin gerçəkləşdirilməsi barədə müvafiq qərar qəbul edilib.

Oxşar xəbərlər