Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlandı
12-04-2023, 10:51
68

Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlandı

ÖNDERTV.ORG

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı qardaş ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb.
ÖNDERTV.ORG bildirir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının sözlərinə görə, diplomatik nümayəndəliyin binasında (Səməd Vurğun küçəsi 134) seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermə mayın 5-7-də saat 09-dan 21-dək davam edəcək.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.
"Cümhur İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
ÖNDERTV.ORG


ÖNDERTV.ORG

Oxşar xəbərlər