"İƏT-ə üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstərib" - MÜNASİBƏT BİLDİRİLDİ
13-11-2023, 11:37
179

"İƏT-ə üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstərib" - MÜNASİBƏT BİLDİRİLDİ

ÖNDERTV.ORG



“Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Ölkəmizin xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir: “Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətimizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Prezident İlham Əliyev cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında bildirib ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq".
Deputat diqqətə çatdırıb ki, Azərbaycan qısa zamanda güclü iqtisadi inkişafıa nail olaraq böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub. Uzun illər düşmən tapdağında qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək genişmiqyaslı bərpa-quruculuq layihələrini həyata keçirir. Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
K.Bayramov əlavə edib ki, hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır: "Otuz ildən sonra ərazilərimizdə mövcud olan "boz" zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir”.

ÖNDERTV.ORG

Oxşar xəbərlər