Rusiya Qafqazda “körpüləri” uçurur: Bakı Kremlin erməni terrorizminə dəstəyini cavabsız buraxmır
17-07-2023, 18:25
106

Rusiya Qafqazda “körpüləri” uçurur: Bakı Kremlin erməni terrorizminə dəstəyini cavabsız buraxmır

ÖNDERTV.ORG


Son hadisələrə əsasən, Kremlin məsuliyyətsiz davranışları ucbatından Azərbaycan-Rusiya münasibətlərinin ciddi şəkildə gərginləşdiyini, hətta hərbi-siyasi böhran həddinə çatdığını da iddia etmək olar... Əgər, Kreml reallıq hissindən uzaqlaşmaqda davam edərsə, rəsmi Bakı ilə qarşıdurma Cənubi Qafqazı daha təhlükəli situasiyaya doğru sürükləyə bilər...

Cənubi Qafqazda Rusiyanın təsir dairəsi böyük sürətlə daralır. Kreml artıq regional proseslərə münasibətdə geopolitik manevrlər etməkdə çətinlik çəkir. Üstəlik, Rusiyanın zəifliyi artıq postsovet məkanında, o cümlədən də, Cənubi Qafqazda nəzərə alınır. Kremlin ənənəvi maraqları ilə hesablaşmağa həvəs göstərənlərin də sayı azalmaqda davam edir. Və ona görə də, hazırda Rusiyanın siyasi dairələrində panik durumun yaşandığı açıq-aşkar müşahidə olunmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycana qarşı son bəyanatı da əslində, Kremldə mövcud olan panik durumun real nəticəsi hesab edilə bilər. Çünki Kreml bu bəyanatla bütün etik və diplomatik qaydaları kobud şəkildə pozub. Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin adekvat reaksiya verməsi tamamilə başadüşüləndir.
Eyni zamanda, Rusiya XİN-in bəyanatında birmənalı şəkildə regionda “suyun bulandırılmasına” hesablanmış məqamlar da diqqəti çəkir. Belə ki, Kreml Ermənistanın “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımaq qərarının regionda rus sülhməramlıların yerləşdirilmə şərtlərini ciddi şəkildə dəyişdiyini iddia edir. Yəni, Kreml demək istəyir ki, bundan sonra “Dağlıq Qarabağ” daha mübahisəli ərazi deyil.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)
Buradansa, belə nəticə çıxarıla bilər ki, Kreml bundan sonra rus sülhməramlıların gələcək taleyini yalnız Azərbaycanla müzakirə edəcəyinə eyham vurur. Ən əsasısa, belə vəziyyətin yaranmasına görə Ermənistan cəmiyyətinə Paşinyan hakimiyyətinin günahkar olduğu ilə bağlı mesaj verir. Və əsas məqsəd rus sülhməramlılara qarşı ittihamların Paşinyan hakimiyyətinə yönəltməkdən ibarətdir.
Ancaq önəmli məqam ondan ibarətdir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması rus sülhməramlılarla bağlı qərar vermək hüququnda elə bir ciddi dəyişiklik etməyib. Çünki üçtərəfli anlaşmalara görə, həmin sənədləri imzalamış tərəflərdən sadəcə, birinin rus sülhməramlıların çıxarılması barədə tələb irəli sürərsə, Kreml onu icra etməyə borcludur. Yəni, rəsmi Bakı istənilən halda, bu məsələni təkbaşına həll etmək hüququna sahibdir.
Eyni zamanda, mövcud situasiyanın ciddiliyini nəzərə alan Kreml əvvəllər imzalanmış sənədlər – yəni, üçtərəfli anlaşmalar əsasında Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanmasına başlanılmasını da vacib hesab edir. Yəni, Kreml istəyir ki, sülh sazişi məhz Rusiyanın şərtlərinə uyğun şəkildə imzalansın. Çünki yalnız bu halda, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını böyük ölçüdə təmin edilə biləcəyinə ümid bəsləyir. Brüssel çərçivəsində imzalanacaq sülh sazişindəsə, bu, qətiyyən mümkün deyil.
Ona görə də, Rusiya XİN sülh sazişində Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyini”nin “etibarlı” şəkildə təmin edilməsinin vacibliyini qabardır. Kreml hesab edir ki, bu məsələdə rus sülhməramlılar bu məsələdə yeganə qarantordur. Yəni, “Qarabağ erməniləri” mövzusu üzərindən Rusiya öz sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində daha uzun müddət qalması üçün hüquqi baza yaratmağa can atır.
123.jpg (822 KB)
Nə qədər qəribə də olsa, Kreml Moskvada tez-tələsik üçtərəfli görüş keçirtmək niyyətini də elə bəri başdan elan edir. Rusiya bununla demək istəyir ki, sülh sazişini Brüssel platforması üzərindən imzalamaq cəhdlərinə müşahidəçi qalmaq niyyətində deyil. Kreml həmin sənədin yalnız Rusiyanın maraqlarının ifadə edildiyi mətndə imzalanmasında israrlı görünür. Halbuki, sülh sazişinin birbaşa və ya dolayısı ilə Rusiyaya heç bir aidyyatı ola bilməz.
Ancaq Kreml Rusiyanın maraqlarını sülh sazişinə yerləşdirmək ümidilə yenə də “Dağlıq Qarabağ” mövzusunu ön çıxartmağa çalışır. Azərbaycanın Xankəndi və ətraf bölgəsində “humanitar böhran”dan və s. bəhs edir. Yəni, Kreml faktiki olaraq, uydurma ittihamlar irəli sürür, vəziyyəti qəlizləşdirməyə, gərginliyi artırmağa cəhd edir. Halbuki, Kreml Qarabağda bütün neqativ proseslərin əsas ssenaristi olduğunu etiraf etsə, daha çox həqiqətə yaxınlaşmış olardı. Hər halda, erməni separatçı-terrorçuları tərsilah etmək əvəzinə silahlandırıb, himayə edən də elə Rusiya sülhməranlı qüvvələridir.
Təbii ki, əsas hədəf rəsmi Bakıya təzyiq göstərmək üçün bəhanə qazanmaqdan ibarətdir. Çünki Rusiya XİN Azərbaycan rəhbərliyini Laçın yolunda sərbəst hərəkətin bərpası üçün təxirəsalınmaz addımlar atmağa da çağırır. Halbuki, Kreml “görə bilməsə” də, Laçın yolu ilə nəqliyyatın və mülki şəxslərin hərəkəti davam edir. Və bu məsələdə hər hansı ciddi problem yoxdur.
ermeni-separatchiler.jpeg (220 KB)
Böyük ehtimalla Kremli rus sülhməramlıların Ermənistandan erməni separatçı-terrorçulara silah-sursat daşımasının qarşısının alınmasından ciddi şəkildə narahat edir. Ancaq Kremlin bu narahatlığı bundan sonra elə bir ciddi əhəmiyyət daşımır. Çünki rəsmi Bakı bundan sonra rus sülhməramlılara Azərbaycan ərazisində hüquqi və hərbi cinayətlər törətmək imkanı tanımayacaq. Və Kreml məhz bu yeni situaisya ilə barışmağa məcburdur.
Məsələ ondadır ki, Azərbaycan və Rusiya arasında separatizmə və terrorizmə qarşı ortaq mübarizə barədə rəsmi anlaşma mövcuddur. Ancaq nə qədər qəribə də olsa, Rusiya Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərində erməni separatizmini və terrorizmini açıq şəkildə dəstəkləyir. Və bununla da, Azərbaycana münasibətdə dost ölkə olmadığını sübut etmiş olur.
Göründüyü kimi, Kremlin Azərbaycana qarşı əsassız, iki dövlət arasındadı rəsmi sənədlərə və beynəlxalq hüquqa zidd ittihamları, eləcə də davranışları bəzi önəmli məqamların ortaya çıxmasına səbəb olub. Rusiya açıq-aşkar Azərbaycanla qarşıdurmaya start verib və mövcud gərginliyin bütün siyasi məsuliyyəti məhz Kremlin üzərində düşür. Çünki Kreml Rusiyanın uydurma regional maraqlarını təmin etmək üçün Azərbaycanla münasibətlərin pozulmasına yönəlik mövqe tutur.


ÖNDERTV.ORG

Oxşar xəbərlər