Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi Şuşada
11-09-2022, 18:56
282

Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi Şuşada

Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira  Ağayevanın  rəhbərliyi ilə bir qrup  sahibkarlar Şuşada oldular.  Sahibkar iş adamları,xüsusilə  də memarlar  Şuşada yeni  layihələr və gələcək  quruculuq işlərində  fəaliyyət göstərmək, Şuşaya öz  töhvələrini vermək arzusunda olduqlarını bildirdilər.  Azərbaycan Sahibkar Qadınlar İctimai  Birliyinin   sədri Zenfira Ağayeva  bildirdi ki,  rəhbəri olduğu təşkilatda  memarlar, tikinti  şirkətlərinin rəhbərləri iştirak edir. Onlar  Şuşada  müəyyən işlər görmək  arzusundadırlar.  Prezidentimiz İlham Əliyev hər zaman sahibkarlara  diqqət göstərir. Bizlər də Prezidentimizin yanında  olaraq xalqımıza  hər zaman  layiqli şəkildə xidmət  etməyə çalışırıq. Şuşa bizim üçün müqəddəs məkandır. Bizlər  də Şuşada nələrsə  etməyə çalışırıq. Bizə şərait yaratdıqlarına  görə  Prezidentimizə  və onun işıqlı  siyasətinə xidmət  edən hər kəsə  təşəkkür  edirik.
 Yenidənqurma işləri Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada sürətlə davam etdirilir.Qarabağın işğaldan azad edilməsindən dərhal sonra Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etmiş və bildirmişdir ki, yaxın gələcəkdə Şuşa bu statusu ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.Şuşanın bir şəhər kimi bütün inkişaf tarixi Azərbaycanla bağlıdır. Son 28 ildə isə Ermənistan nəinki bu şəhərdə hər hansı bərpa işi görməyib, əksinə, burada Azərbaycan xalqının tarixi mədəni irsini məhv edib, şəhəri bərbad vəziyyətə salmışdılar. 44 günlük Vətən müharibəsinin gedişində müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad edilməsi düşməni dərindən sarsıdıb və müharibənin taleyini həll edib. Yenilməz Azərbaycan Ordusu sıx meşələrin içərisindən keçərək sıldırım qayalıqlardan dırmaşıb və düşmən ordusunu qəfil həmləsi ilə çaşqın vəziyyətə salıb. Uğurlu Şuşa əməliyyatı və şəhərin işğaldan azad olunması müstəqil Azərbaycan Respublikasının hərb tarixinin ən şanlı səhifəsi kimi tarixə həkk olunub. Bugünkü Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də Vətən müharibəsindəki şanlı Qələbəmizin əsas rəmzidir. Ümumilikdə isə Şuşa həm təbii-coğrafi gözəlliyinə və təbii iqlim xüsusiyyətlərinə, həm də Azərbaycanın ictimai-siyasi və mədəni tarixində oynadığı rola görə müstəsna əhəmiyyətə malik bir şəhərdir.

Son 28 ildə düşmənin Şuşada törətdiyi qarət və talanlar, burada azərbaycanlılara məxsus bütün tarixi mədəni irsi məhv etməsi bu şəhəri baxımsız və hər cür inkişafdan geri qalmış bir məkana çevirmişdi. Lakin artıq Şuşanın inkişafı üçün yeni bir dövr başlayıb. Məqsəd Şuşanın tarixi görkəmini bərpa etmək və bu şəhəri açıq səma altında muzeyə çevirməkdir. Hazırda Şuşa şəhəri gələcək inkişafı baxımından böyük dəyişikliklər ərəfəsindədir. Artıq Şuşada ümumşəhər miqyaslı tarixi bərpa, yenidənqurma və tikinti işləri davam edir. Şuşa özünün həm tarixi görkəmini bərpa edir, həm də dünyanın ən gözəl şəhərlərindən biri kimi yerli və xarici turistlərin diqqətindədir. Həmçinin Şuşada  başlanan  Xarı Bülbül Festivalı, Vaqif Poeziya Günü və bir sıra festivallar keçirildi, beynəlxalq mədəni tədbirlər təşkil edildi. Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün erməni vandalları tərəfindən güllələnmiş büstlərinin yenidən əvvəlki yerlərinə qaytarılması tarixi ədalətin bərpası, Prezident İlham Əliyev qətiyyətinin isə təntənəsidir. Çünki Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlət başçısının bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Bundan sonra büstlərin öz yerində, lakin güllələnmiş halda nümayiş etdirilməsi Şuşaya gələcək hər bir xarici qonağa düşmənin əsl mahiyyətinin ifşası baxımından böyük təbliği əhəmiyyətə malikdir.
Şuşanın 28 illik işğalı dövründə şəhərdəki bütün tikililər kimi məscidlər də dağıdılmişdi. Hazırda Şuşadakı məscidlərin yenidən  bərpası sürətlə davam edir.
Şuşadakı bərpa işləri nəticəsində vaxtilə şəhərdə mövcud olmuş bütün bulaqların əvvəlki fəaliyyəti bərpa edildi. Şəhərin ən məşhur bulaqlarından biri Natəvan bulağıdır. Bu bulaq da Heydər Əliyev Fondunun vəsaiti hesabına və yeni layihə əsasında bərpa edildi. Tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək Şuşa həm də xarici turistlərin diqqətini cəlb edəcək.Beləliklə, yaxın gələcəkdə Şuşa özündə tarixiliklə müasirliyi əks etdirən, möhtəşəm tarixi zəfərimizin əsas rəmzi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.28 il erməni işğalından sonra 2020-ci il, noyabrın 8-də düşməndən azad edilən Qarabağın Xan şəhəri Şuşanın bir sıra tarixi binaları, yaşayış məntəqələri, abidələr bərpa edilir. Azad Şuşanı əvvəlki görüşünə qaytarmaq, bərpa etmək üçün sürətlə quruculuq işləri davam  edir. 
Gülşən Behbud

ÖNDERTV.ORG       


Oxşar xəbərlər