Əsərləri müəllifin dilindən danışır
6-01-2023, 16:34
168

Əsərləri müəllifin dilindən danışır

 
ÖNDERTV.ORG

Rəssam-müəllim Leyla Əliyevanın yaradıcılıq yolu haqqında
 
Rəssamlar tərəfindən yaradılan hər bir əsərin ifadə etdiyi bir-birindən fərqli mənalar olur. Bu əsərlər sanki onu ərsəyə gətirən müəlliflərin dilindən danışır. Haqqında söz açacağımız rəssam Leyla Əliyevanın əsərlərində də belə özünəməxsus yanaşma aydın şəkildə hiss olunur. 
Hələ lap kiçik yaşlarından incəsənətə, əsasən də rəssamlığa böyük marağı olan Leylanın  bu sahəyə olan meylini görən valideynləri, ələlxüsus da nənəsi sezmişdi. O, beş yaşı olarkən Leylanı rəssamlıq dərsləri almaq üçün Pionerlər evinə aparır. Bu sahədə təsəvvürü formalaşan balaca qızcığaz daha sonra rəssam-müəllim Sadıq Bağırovun emalatxanasında sənətin sirlərinə yiyələnir. Artıq rəssam olacağına qəti olaraq qərar verir. Orta təhsilini başa vurduqdan sonra 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur.
Tələbəlik illərində tanınmış müəllimlərdən dərslər alır, özünü peşəkar rəssam kimi yetişdirmək üçün durmadan çalışırdı. İstedadlı gənc 1983-cü ildə təhsilini bitirdikdən sonra qərar verir ki, rəssamlıqla yanaşı, bu sahə ilə əlaqəli olan ikinci bir ixtisasa yiyələnsin. Beləliklə, indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olur. Burada da uğurla təhsilini başa vuran Leyla Əliyeva yaradıcılığına rəssam kimi davam etməyi seçir. Bir müddət sonra Azərbaycan Rəssamlar İttifaqına da üzv olur.
Onun erkən yaradıcılıq dövrlərinə nəzər yetirsək görərik ki, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil aldığı dövrlərdə sırf realizm cərəyanında əsərlər yaratmağa üstünlük verir. Yorulmadan yaradıcılıq axtarışlarını davam etdirən rəssam daha sonra realizmdən sürrealizm, kubizm cərəyanlarına keçid edir. O, demək olar ki, yaradıcılığının 25 ilindən çoxunu sırf bu cərəyanda əsərlər yaratmağa həsr edib.
İki fərdi sərgisi keçirilən rəssamın tabloları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Müxtəlif mövzulara müraciət edərək daha çox həyatda baş verən maraqlı hadisələrdən təsirləndiyi əsərləri yaradır. Misal olaraq pandemiya dövründə mövcud şəraitlə bağlı “Dünyanın sonu”, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərə həsr etdiyi “Parad. Salyut. Qələbə” adlı kətan üzərində akril, yağlı boya texnikasında təsvir etdiyi əsərləri göstərmək olar.
Rəssamın maraqlı əsərlərindən bir neçəsinə nəzər yetirək. Kətan üzərində yağlı boya texnikası ilə təsvir etdiyi tablosunda üçüzlü, birgözlü insan təsvirləri diqqəti cəlb edir. O, bu əsəri vasitəsilə insanların həyatı tam görmədiyini, yaşadıqları həyata bir gözlə baxdıqları fikrini çatdırır.
Növbəti əsərində nar gülü yarpaqlarında iki insan simasını təsvir edib. Biri yuxarı, digəri isə aşağı baxan insan təsvirləri vasitəsilə o, bir tərəfdə hələ yaşama həvəsi, həyata ümidləri olan, digər tərəfdə isə həyatdan tam olaraq ümidini üzən və baş verən çətinliklər altında əzilən insanların hiss və duyğularını əks etdirməyə çalışıb. Rəssamın kətan üzərində yağlı boya texnikası ilə təsvir etdiyi “Maska şou” adlı silsilə əsərləri də maraqlıdır.
Yaradıcılıq əhvali-ruhiyyəsinə güclü təsir edən yağışlı havalarda romantik emosiyalara qapılaraq ilhamlandığını söyləyən Leyla Əliyeva rəssamlıqdan əlavə memarlıq, tikiş, toxuculuq, dizayn işlərini də gözəl bacarır. 
2014-cü ildə Toğrul Nərimanbəyov Assosiasiyasının və Əməkdar rəssam Əsmər Nərimanbəyovanın təşəbbüsü ilə əsərləri Parisdə, Luvr Muzeyində ənənəvi “Art Shopping” sərgisində nümayiş olunub. 2017-ci ildə həmin muzeydə rəssamın əl işləri ikinci dəfə sərgilənib. İstedadlı rəssam sənətsevərlərə ilk sərgisində realizm və sürrealizm, ikinci sərgisində isə sürrealizm və kubizm cərəyanlı əsərlərini təqdim edib. 2019-cu ildə “Bakı Crystal Hall”da keçirilən satış sərgisində Leyla Əliyevanın da iki əsəri sərgilənib, onlardan biri satın alınıb. Rəssamın əsərləri müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.
Uzun illərdir sənət bacarığını yeni nəsillərlə də bölüşən Leyla Əliyeva hazırda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, balaca fidanları böyük sevgi ilə rəssam kimi yetişdirir. Rəssam Vətən müharibəsindən sonra şəhid övladlarına təmənnasız dərs deməyi də özünə borc bilib. Parisdə Əsmər Nərimanbəyova və səfirliyimizin nümayəndəsi Aytən Muradova ilə birgə layihə hazırlayaraq 14 şəhid övladının sərgisini təşkil edib.

Ziyarət Cabarova
Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçi


 
ÖNDERTV.ORG



Oxşar xəbərlər