Azərbaycanın adı artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir – Aydın HÜSEYNOV
2-08-2022, 16:22
100

Azərbaycanın adı artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir – Aydın HÜSEYNOV

“Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsidir.
Ölkəmizdəki siyasi sabitlik və iqtisadi inkişaf imkan verir ki, xarici ölkə şirkətlərinin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağı daha da artsın.
Bu addımların nəticəsi kimi Azərbaycanın iki dəfə “Doing Business 2009” və “Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınmasıdır. “Doing Business 2020” hesabatında isə Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil edilib.
Bu hesabat əslində, ölkəyə xarici investor cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edir”.
 "Öndərtv.org" xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, ölkəmiz “Qlobal Rəqabətlilik Hesabatı”nda da irəliləyir ki, bu da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycana xarici investisiyaların cəlb etməsi üçün aparılan islahatlar önəmldir.
Bu istiqamətdə dövlətimiz tərəfində çox mühüm işlər həyata keçirilir. Qeyd etmək yerinə düşər ki, Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi ötən illər ərzində xeyli yaxşılaşıb, 2006-2007-ci ildə 64-cü yerdə olan Azərbaycan 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlib və ötən 4 ildə bu rəqəmlər ayrı-ayrı sahələrdə müxtəlif göstəricilərlə qeyd olunubsa da ümumi olaraq irəliyə doğru müsbət addımların atıldığını görə bilərik.
Pandemiya dövründə  dünya iqtisadiyyatında tənəzzül Azərbaycan iqtisadiyyatının neft və qaz sektorunun böyük paya sahib olması səbəbindən qeyd olunan problemlərdən birbaşa təsirlənməsinə səbəb olub. Pandemiyanın ilkin dövrlərində neft və qaz qiymətlərində müşahidə edilən kəskin azalmalar narahatlıq yaratsa da, uzun müddət davam etməməsi Azərbaycan üçün ciddi iqtisadi problemlər yarada bilməyib.
Qiymət azalmaları ixrac imkanlarının daralmasına səbəb olsa da neft və qazın böyük hissəsinin müqavilələrdə müəyyən edilən qiymətə əsasən satılması Azərbaycan üçün ciddi maliyyə itkilərinin formalaşmasına səbəb olmayıb.
Bu isə imkan vermişdir ki, pandemiya dövründə Azərbaycan hökuməti əhalinin sosial-iqtisadi vəziyyətinin kəskin şəkildə pisləşməsinin qarşısını almaq üçün geniş miqyaslı dəstək tədbirlərini həyata keçirsin. Bundan başqa, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri ölkə iqtisadiyyatının düzgün idarə olunması səbəbindən bütün layihələrini vaxtında və itkisiz yerinə yetirə bilmişdir.
Bu da, əslində çox önəmli məsələdir. Bu ilin 6 ayının yekunları ilə bağlı Prezidentin yanında keçirilən müşavirə zamanı dövlət başçısı İlham Əliyevin dediyi kimi, iqtisadi artımı iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı: “Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq”. 
Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşıb. Dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirən Azərbaycanın adı artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir”.

Oxşar xəbərlər