Özünəməxsus rolu olan Zəngilan Beynəlxalq Hava Limanı.
22-10-2022, 06:23
123

Özünəməxsus rolu olan Zəngilan Beynəlxalq Hava Limanı.



Qalib ölkəmiz, azad Azərbaycanımız daha bir möhtəşəm uğurlu layihəsi ilə  bütün dünyanın diqqətini özünə çəkməyi bacardı. Belə ki, 30 ildir düşmən əsarətində olan Azərbaycan incisi olan Zəngilanda, Beynəlxalq Hava Limanının möhtəşəm açılış mərasimi baş tutdu. Bildiyimiz kimi, 2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Zəngilan rayonu üzərində nəzarəti geri qaytardılar. 2021-ci ilin fevralında Azərbaycan Prezidenti bəyan etdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq hava limanı tikilib istifadəyə veriləcəkdir. Onun sözlərinə görə Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. 
Və ölkə başçımız Cənab Ali Baş Komandanımız heç bir sözü elə söz xatirinə söyləmir və həmən mükəmməl layihə az bir zamanda  reallaşaraq, göz oxşayan Zəngilan Beynəlxalq  Hava Limanı istifadəyə verilmək üçün hazır vəziyyətə gətirildi. Bəli, 20 oktyabr 2022-ci il saat 13:03 tarixində isə o mükəmməl tarixi an baş tutdu. Hər zaman ölkəmizlə qardaşçasına, çiyin-çiyinə olan Tükriyəmiz bu gün də yanımızda idi. Hava limanının açılış mərasimində Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan  şəxsən iştirak edirdi. Ölkəmiz üçün çox önəmli olan bu açılış mərasimində ölkə başçımız öz çıxışında və mətbuata verdiyi açıqlamalarda istər 44 günlük haqlı Vətən mücadiləmizdə, istər müharibədən əvbəlki zamanlarda, istərsə də müharibədən sonra qardaş ölkə olan Türkiyənin mənəvi dəstəyi hər zaman bizimlə olmuşdur. Cənab Prezident qeyd etdi ki, 
 İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. 
Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. 
 İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Türkiyə şirkətləri qısa müddət ərzində böyük işlər görüb. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik. 
 İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. 
 Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.
Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.
Bəli hər zamanki kimi ölkə başçımız böyük qardaşlarımız olan Türkiyəmizin dəstəyini hər zaman hiss etməyimizi bir daha qeyd etməklə, Türkiyə-Azərbaycan vəhdətinin, birliyinin güçünü, qüdrətini bütün dünyaya bəlli etdi.
Daha sonra isə Azərbaycan və Türkiyə Prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. 
Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları Prezidentlərə təqdim edildi. Böyük qürur hissi ilə izlədiyimiz bu səhnə  bizlərə bir daha qalibiyyətin sevincini yaşatdı. Var olsun Azərbaycan Türkiyə qardaşlığı! 
 Azərbaycan xalqının başını göylərə qaldıran, mükəmməllik bəxş edən, zəfər ərməğan edən Vətən fədailərimizə, müqəddəs şəhidlərimizə allahdan qəni-qəni rəhmət diləyirik. Bu zəfərə doğru yol alan mübarizə yolunda sağlamlığlarını itirən qazi qardaşlarımıza isə saglam can, uzun ömür yolu arzu edirik. 

Nəhayət Şirinova. 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 
ADPU Quba filialının əməkdaşı.


ÖNDERTV.ORG

Oxşar xəbərlər