İlham Əliyevin Avropa və Asiyada daha da artan nüfuzu və Bakının uğurlu diplomatik manevrləri
16-10-2022, 14:17
75

İlham Əliyevin Avropa və Asiyada daha da artan nüfuzu və Bakının uğurlu diplomatik manevrləri

44 günlük Vətən Müharibəsindən sonra həm Avropanın, həm də Asiyanın aparıcı güc mərkəzlərinin Cənubi Qafqaza marağının daha da artmasına şahidlik edirik. Bölgəyə diqqətin artması Azərbaycanın da regional və qlobal siyasətə təsir imkanlarını çoxaldır, güc mərkəzlərinin Bakının maraqları ilə hesablaşması ilə nəticələnir.
Bu baxımda, Prezident İlham Əliyevin Çexiyanın paytaxtı Praqada "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda dəyirmi masada və ardınca Qazaxıstanın paytaxtı Astanada Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakı Azərbaycana Asiya və Avropadakı güc mərkəzlərinin marağının artmasının göstəricisidir. Xüsusilə qeyd olunmalıdır ki, ölkəmiz son bir ayda Asiya və Asiya dövlətlərinin təşkilatçılığı ilə keçirilən 4 nüfuzlu tədbirdə - Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində, Avropa Siyasi Birliyinin, Şanxay Əməkdaşlığı Təşkilatının, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edib.
Məlumdur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol "köhnə qitə"nin Cənubi Qafqazda baş verən siyasi proseslərdə tərəf tutmağa çalışan dövlətlərin maraqlarının neytrallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Məsələn, hazırda Avropadakı bəzi dairlər Azərbaycanı sanksiyalarla hədələyir. Avropa İttifaqı rəsmilərinin həmin dairələrə verdiyi mənfi cavab Bakının "köhnə qitə"nin Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətinə təsir etdiyini bir daha sübut edir.
Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı üzvü kimi Mərkəzi Asiya dövlətləri ilə də ikitərəfli əlaqələrə böyük dəyər verir. Türkiyə, Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin isə Türkiyəyə, Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin inkişafı baxımından atılmış mühüm addımlardandır.
Ümumilikdə Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın əhəmiyyətinin qlobal miqyasda artması ilə bağlı fikirləri Prezident İlham Əliyevin Şərq və Qərb ölkələrinə səfərləri zamanı həmin ölkələrin birinci şəxslərinin dilindən də eşitmək mümkündür.
Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi zamanı Avropa dövlətlərinin liderləri Azərbaycanın Avropada artan rolu barədə məqamları xüsusi vurğulamış, Prezident İlham Əliyevin uğurlu enerji siyasətinə diqqət çəkmişdilər.
Prezidentin Qazaxıstan səfəri zamanı isə ölkə lideri Kasım-Jomart Tokayevin Azərbaycanın qlobal siyasətdə artan rolu barədə dedikləri ölkəmizin nüfuzunu baxımından diqqətçəkəndir. Tokayev Prezident İlham Əliyevlə görüşü zamanı demişdi ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır.
Sitat: "Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq. Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bizim ortaq cəhətlərimiz çoxdur və ən müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik".
Sadalanan bütün məqamlar göstərir ki, Azərbaycan Vətən Müharibəsində əldə etdiyi hərbi qələbəni diplomatik uğura çevirməyi bacarıb. Təbii ki, Bakının həm Şərqdə, həm də Qərbdə yerləşən güc mərkəzlərinə təsirinin artması, həmçinin həmin mərkəzlərin Azərbaycanla əməkdaşlıqda maraqlı olması ölkəmizin milli maraqları və Ermənistanla sülh prosesi baxımından çox əhəmiyyətlidir. Proseslər göstərir ki, Ermənistanla sülh müqaviləsi bağlandıqdan, Zəngəzur dəhlizi açıldıqdan sonra Şərqlə Qərb arasında körpü rolunu oynayan, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin ortasında yarləşən Azərbaycanın təsir imkanları daha da artacaq.



ÖNDERTV.ORG

Oxşar xəbərlər