Çilinin müvəqqəti işlər vəkili Azərbaycana yeni təyin olunmuş qadın diplomatlarla görüşüb - FOTO
19-12-2022, 20:06
88

Çilinin müvəqqəti işlər vəkili Azərbaycana yeni təyin olunmuş qadın diplomatlarla görüşüb - FOTO

ÖNDERTV.ORG
Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Azərbaycana yeni təyin olunmuş ölkələrin – Fransa, Argentina və Meksikanın səfirləri ilə görüşüb.
ÖNDERTV.ORG xəbər verir ki, görüşə Polşa, Pakistan, İordaniya səfirləri, eyni zamanda, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri də qatılıb.
Görüş zamanı Fransa, Argentina və Çili diplomatları gender bərabərliyi, bu sahədə problemlər və qlobal əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər.

Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Ann Buayon ölkəsinin feminist xarici diplomatiyaya sadiq olduğunu vurğulayıb.
“Bu, iki məsələni ifadə edir. Birincisi, qadınların diplomatik sahədə geniş iştirakı və güclənməsi, daha çox qadın səfirlərin təyinatı. Digər məsələ ümumilikdə gender məsələləridir ki, bu, bizim xarici siyasətimizin vacib elementlərindəndir və məqsədimiz digər ölkələrlə bu istiqamətdə yaxından işləməkdir. Bu mənada mən Azərbaycanda bu istiqamətdə fəal işləməyə və bizim BMT-dəki, Aİ-dəki dostlarımızla, həmçinin yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa ümid edirəm. Biz artıq bu istiqamətdə kömək edirik, layihələr həyata keçiririk. Mən ötən həftə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təmsilçiləri və niderlandlı həmkarımla Bərdədəki qadınlar mərkəzini ziyarət etdim. Mən Azərbaycanda qadınların gücləndirilməsi istiqamətində işlərin aparıldığını görürəm, xüsusilə də regionlarda. Regionlarda qadınların öz biznes fəaliyyətlərinin gücləndirməsi və genişləndirməsi üçün müxtəlif imkanlar təqdim olunur”, - fransalı diplomat bildirib.

Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma isə deyib ki qadınların müxtəlif sahələrdə irəliləməsi və gücləndirilməsi geniş bir mövzudur: “Şiddət və yoxsulluq qadınların üzləşdiyi ən böyük problemlərdir. Bu, qlobal məsələdir. Düşünürəm ki, bu sahədə digər ölkələrlə əməkdaşlıq etmək çətin deyil, o cümlədən Azərbaycanla. Azərbaycanın bu məsələ ilə bağlı işləyən institutları var ki, biz onlarla əlaqə saxlayıb əməkdaşlıq edə, yoxsulluq və şiddətə qarşı mübarizə sahəsində birgə işləyə bilərik. Bu iki problem qadınların üzləşdiyi əsas problemdir və bunların aradan qaldırılması istiqamətində qlobal səviyyədə konsensus var. Və biz bu sahədə Azərbaycan hökuməti ilə işləməyə davam edəcəyik”.
Çili diplomatı qadınların diplomatik sahədə fəaliyyəti ilə bağlı qeyd edib ki, Azərbaycan bu istiqamətdə irəliləyir: “Mən zamanla daha çox diplomat qadın olacağına inanıram. Ola bilər proses yavaş gedir, ancaq bu irəliləyir. Azərbaycan Xarici İşlər Nazirliyi qadın səfirlərin təyinatı üzrə çalışır. Məsələn, son belə vacib addımlardan birini Azərbaycanın Fransaya səfir təyinatında gördük”.

Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri Marianxeles Belluşi isə deyib ki, zaman ötdükcə qadınların diplomatiyada iştirakı daha da artır: “Bizim Nazirliyimizdə qadın əməkdaşların sayı çoxdur. Doğrudur, səfir və ya müvəqqəti işlər vəkili postlarında biz daha çox kişiləri görürük, ancaq düşünürəm ki, yavaş-yavaş bu sahədə dəyişiklik baş verməkdədir, artıq balans yaranır”.

Çilinin müvəqqəti işlər vəkili Azərbaycana yeni təyin olunmuş qadın diplomatlarla görüşüb - FOTO


ÖNDERTV.ORG

Oxşar xəbərlər