Ciddi niyyət, real siyasət
9-10-2024, 16:29
154

Ciddi niyyət, real siyasət

ONDERTV.ORG

​​​​Şanlı ordumuz 44 günlük Vətən müharibəsini Zəfərlə bitirdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilən ərazilərimizə mütəmadi səfərlər etməsi artıq ənənə halını alıb. Bu səfərlər dövlət başçısının keçmiş köçkünlərə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Sakinlərlə görüş zamanı dövlətimizin başçısı çıxış edərək mühüm məqamlara toxundu. Prezident İlham Əliyev bildirdi ki, Cəbrayılın azad edilməsi müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, xalqın və ordunun ruhunu daha da yüksəltmişdir. Hərbi əməliyyatlar ardıcıl olaraq Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad edilməsi ilə davam etmişdir. Bu qələbələr nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Cəbrayıl şəhərinin və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində böyük irəliləyişlər əldə olunmuşdur. Dövlət başçısı bu ərazilərdə görülən işlərin miqyasına görə dünya miqyasında unikal olduğunu vurğulamışdır. Müharibədən və işğaldan əziyyət çəkən heç bir ölkə bu sürətlə və keyfiyyətdə bərpa işlərini həyata keçirməmişdir. İnfrastruktur layihələri dərhal başlamış, yollar yenidən qurulmuş, yeni magistral yollar çəkilmişdir.
Cənab İlham Əliyev çıxışında Qərb dövlətlərinin Azərbaycana qarşı sərgilədiyi ikili standartları xüsusi vurğuladı. O, qeyd etdi ki, Ermənistanın 30 illik işğalı və beynəlxalq hüququn pozulması faktına baxmayaraq heç bir sanksiya tətbiq edilməmişdir. Ermənistanın işğalçılıq siyasəti, törətdiyi etnik təmizləmə və Xocalı soyqırımına barədə dünya ictimaiyyəti susmuş, Azərbaycanın haqq səsini ucaltmasına isə Qərb dövlətləri mənfi reaksiya göstərmişdir. Ermənistanı himayə edən Qərb ölkələri, xüsusən də Fransa, Azərbaycanın torpaqlarını geri almaq cəhdlərinə qarşı çıxmış və işğalın əbədi olmasına çalışmışdır. Lakin Azərbaycan bu təzyiqlərə baxmayaraq, öz torpaqlarını azad etmişdir. Prezident İlham Əliyev bu çıxışında Azərbaycanın gələcəkdə də öz gücünə arxalanacağını və heç bir xarici təzyiqə boyun əyməyəcəyini bəyan etmişdir.
Dövlət başçısı çıxışında, həmçinin Böyük Qayıdış Proqramı ilə keçmiş köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunduğunu vurğulayıb. Artıq Azərbaycan Bayrağı azad edilmiş bütün şəhərlərdə, o cümlədən Xankəndi və Xocalıda dalğalanır. Hazırda 100-ə yaxın kəndin bərpası davam edir.


Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Oxşar xəbərlər