
Gündəm
21-08-2024, 01:21
128
Putin niyə Bakıdan sonra Çeçenistana getdi? – Parçalanma haqda suala Əliyevin tarixi cavabı
ONDERTV.ORG
“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycandan sonra Şimali Qafqaz regionuna səfər etməsinin təsadüfi, yoxsa məqsədli olduğunu aydınlaşdırmaq bir qədər mürəkkəb məsələdir”.Bu sözləri analitik Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, bu düyünü Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün nəticəsi kimi açmağa çalışsaq, bir mövqeyə diqqət çəkmək lazımdır:
“2023-cü il mayın 3-də Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda İlham Əliyev sualları cavablandırmışdı.
Prezident Əliyev Rusiyanın parçalana biləcəyi ehtimallarını özündə birləşdirən suala cavab olaraq demişdi ki, Azərbaycan belə ssenari proqnozlaşdırmır: “Biz Rusiyanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirəm ki, istənilən ölkənin, xüsusilə qonşunuzun parçalanması, əlbəttə, sizin üçün potensial təhlükə törədə bilər. Qonşularımıza, tarixi qonşularımıza, Dağıstan və Çeçenistandakı qardaşlarımıza gəldikdə, bizim onlarla tarixə, ortaq tarixə və qardaşlığa əsaslanan münasibətlərimiz var”.
Məncə, Putinin Əliyevlə görüşdən sonra Şimali Qafqaz regionuna səfərlərində əlaqə axtarmağa bu sitatla girişə bilərik. İlham Əliyevin Rusiyada cərəyan edə biləcək neqativ tendensiyalarla əlaqədar proqnozları yəqin ki, təkcə bu sitatlarla məhdudlaşmır. Əliyevin daha geniş strateji təfəkkürü var, lakin siyasi, diplomatik etiketlər naminə hər düşündüyünü dilə gətirmir. Vladimir Putin üçün İlham Əliyevin Şimali Qafqazla əlaqədar daha dərin proqnozları cəlbedici düşüncə kimi görünür. Bu baxımdan Əliyevlə Putinin müzakirə masasına “Şimali Qafqaz üzərindən ssenarilər” adlı ayrıca bir qovluq qoyula bilərdi.
Yox, əgər Putinin səfərləri Bakı proqramı ilə əlaqəli deyilsə, onda fikri fərqli səmtə çəkmək lazımdır. Putin terror küləklərinə həssas olan Rusiya ərazilərinə getməklə ehtimal ki, Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı keçirdiyi antiterror əməliyyatlarının uğurlu olacağı fikrini gücləndirməyə çalışır. Yəni Putinin məqsədi Rusiyanın 2000-ci illərin əvvəllərində keçirdiyi uğurlu antiterror əməliyyatlarını xatırlatmaq və Kurskda da eynisinin təkrarlanacağını bildirməkdir.
Putinin Şimali Qafqaz trafikinin elə Kursk döyüşlərinin davam etdiyi zamanda olması isə təsadüf sayılmır, çünki ehtimallar qüvvətlidir ki, Rusiya həmin regionda kövrəkləşən dinamikadan xəbərdardır. Üstəlik, Putin Rusiya ərazilərinin hamısının öz menecerliyində olduğunu və bu iradədən kənar addımlar atılmasının təhlükələri barədə siqnallar ötürür”.