KİMDİR HAQLI?
12-04-2024, 00:00
52

KİMDİR HAQLI?

ÖNDERTV.ORG




Elməddin Cəfərov verilişlərdən birində aşağıdakı fotoda qoyulan suala cavab verməyə çalışarkən sualın mahiyyətini öz dünyagörüşünə görə ancaq maliyyələşmə ilə izah edib. İlk baxışdan Elməddinə haqq vermək olar. Amma dərindən baxdıqda onun malı-mala qatdığını görmək olur.

Əvvəla, bu işlərə yetərincə pul ayrılmaması,  Zəfərdən keçən 4 il ərzində Dövlət tərəfindən  bu haqda bircə film çəkilməməsi həqiqətlərini yorğan kimi başına çəkib altında gizlənməyə çalışır. Bununla da aparıcını da, əksər izləyiciləri də çox məharətlə yanlış məcraya yönəltməyə nail ola bilir.

Bəs doğru məcra hansıdır?

Doğru məcra AKTYORUN SƏVİYYƏSİDİR! Guya buna, Fərdaya, digərlərinə istədikləri pulu dövlət ayırsa bunlar birdən birə dönüb Siyavuş, Hacıbaba, Nəsibə və digərləri kimi oynayacaqlar? 

Gələk Elməddinin dediyi kimi guya Sovet vaxtı bir filmə ayrılan pullara. Deyir, bir filmə 15 milyon rubl ayırırdılar. Bu, həmin illərin kursu ilə 25 milyon dollara yaxın məbləğ edirdi. Bədbəxt haradan bilsin ki, onun dediyi bu məbləğ "Azərbaycanfilm"in az qala bir neçə illik büdcəsi idi?!

Bəli, dövlət o vaxt filmlərə pul ayırırdı, ancaq qazancı da prokatdan özü götürürdü və aktyorlara ancaq cüzi maaş verirdi. Bunlar isə bütün gəliri özləri bölüşdürürlər, dövlətə isə ancaq vergi verirlər. Elməddinə məsləhətim odur ki, Rasim Balayevdən Babək roluna görə nə qədər pul aldığını soruşsun. Görəcək ki, Xoxan Babəkdən daha yağlı tikə imiş!

Ümumiyyətlə, Elməddinin əvvəldən axıradək bütün söhbəti pul üstündə qurması özü onun sübutudur ki, indiki aktyorlar ancaq pula kökləndikləri halda  əvvəlkilər sənətə, yaradıcılığa köklənmişdilər. Bu bədbəxtlər  Hüseyn Ərəblinskinin həyat və yaradıcılığını öyrənib dərk edə bilsələr bəlkə o zaman anlayarlar ki, aktyor Hüseyndir, bunlar isə ranqlarına görə oyunçular, məzhəkəçilər, şoumenlər, həvəskarlar-filandırlar.

Elməddin, sənə də aktyor desəm, bəs o zaman  Adil İskəndərov, Ağasadıq Gəraybəyli, Arif Quliyev, Bəşir Səfəroğlu, Ceyhun Mirzəyev, Eldəniz Zeynalov, Əliabbas Qədirov, Əliağa Ağayev, Fazil Salayev, Fəxrəddin Manafov, Fuad Poladov, Hacı İsmayılov, Hacıbaba Bağırov, Hamlet Xanızadə, Həsən Əbluc, Həsən Məmmədov, Həsənağa Turabov, Hüseyn Ərəblinski, Hüseynağa Sadıqov, İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Mehdi Məmmədov, Məmmədrza Şeyxzamanov, Məmmədsadıq Nuriyev, Mirzəağa Əliyev, Möhsün Sənani, Muxtar Maniyev, Mustafa Mərdanov, Müxlis Cənizadə, Nurəddin Mehdixanlı, Rafael Dadaşov, Rafiq Əzimov, Ramiz Əzizbəyli, Rasim Balayev, Rza Təhmasib, Səməndər Rzayev, Səyavuş Aslan, Şahmar Ələkbərov, Şəmsi Bədəlbəyli, Telman Adıgözəlov, Valeh Kərimov, Yaşar Nuri kimi aktyorlara da aktyor desəm düz çıxmır axı!

Mən yalnız öndə olan kişi aktyorları sadaladım. Bir elə də qadın aktrisalarımız var. Elməddin bəy və onun həmkarları! Deyirəm, bəlkə yuxarıdakı siyahıdan sonra oturub bir az düşünəsiniz, özünüzə başqa bir ad tapasınız?!

ETİBAR ƏLİYEV 
12 aprel 2024 il.

Oxşar xəbərlər